AZ

YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir - FOTOLAR

Çində səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin sentyabrın 11-də Pekin şəhərində Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin Avrasiya departamentinin rəhbəri Xu Qinxian ilə görüşü keçirilib. SİA xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, ÇKP-nin Baş katibi Si Cinpinin birgə fəaliyyəti sayəsində Azərbaycan-Çin münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluq ifadə edilib. Vurğulanıb ki, bir-birinin maraqlarına hörmət edən, ərazi bütövlüyü və suverenliyini dəstəkləyən iki ölkə arasında çoxşaxəli əlaqələr dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanmaqla nümunəvi xarakter daşıyır.

Hər iki ölkənin sosial-iqtisadi inkişafı və gələcəyə yönəlik hədəfləri barədə ətraflı məlumat verilib, tərəflərin siyasi, iqtisadi, elm, təhsil, mədəni, humanitar və digər istiqamətlərdə əlaqələri genişləndirməkdə maraqlı olduqları vurğulanıb.

Görüş zamanı YAP-ÇKP əməkdaşlıq əlaqələrinin önəmindən bəhs olunaraq qarşılıqlı səfərlərin partiyalar və ölkələr arasında münasibətlərin inkişafına təkan verdiyi qeyd edilib. Bildirilib ki, fəal siyasi dialoq partiyalar arasında əlaqələrin mövcud vəziyyətinin dəyərləndirilməsi və işbirliyinin əhatə dairəsinin genişləndirilməsi baxımından son dərəcə önəmlidir. Ötən ilin noyabrında YAP nümayəndə heyətinin Çinə səfəri zamanı iki partiya arasında imzalanmış əməkdaşlıq memorandumundan irəli gələn vəzifələrin uğurla icra edildiyi qeyd olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sentyabrın 12-də isə YAP nümayəndə heyəti Pekin şəhərində “Çini tanıyın, dünyanı dinləyin” mövzusunda keçirilən Forumun açılış mərasimi və plenar sessiyasında iştirak edib.

43 ölkədən 200-dən çox nümayəndənin qatıldığı Forumda ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini və İpək Yolu Beyin Mərkəzləri Assosiasiyası Şurasının həmsədri Ma Xuey açılış nitqi ilə çıxış edib. O qeyd edib ki, dünyada hələ də “soyuq müharibə” düşüncəsi mövcuddur, yeni təhlükə və çağırışlar artmaqda davam edir: “Çinin mövqeyinə görə, bütün ölkələr yalnız birlik və əməkdaşlıq vasitəsilə dünyada sülh və sabitliyi təmin edə bilərlər. Müasir dünyada ölkələrin taleyi bir-birinə bağlıdır, təhlükəsizlik mövzusunda ayrı-seçkilik edilməməli, dövlətlərin maraqları mütləq qaydada nəzərə alınmalıdır. İqlim dəyişiklikləri, terrorizm kimi məsələlərlə üzləşən ölkələr yalnız yüksək keyfiyyətli əməkdaşlığı qoruyaraq təhlükəsizliyi təmin edə və inkişafa nail ola bilərlər. Çin qlobal təşəbbüslərlə yüksək keyfiyyətli əməkdaşlığı təşviq edir”.

Plenar sessiyada YAP nümayəndə heyətinin rəhbəri, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Məmmədov “Yüksək keyfiyyətli əməkdaşlıq və qlobal sülh, sabitlik və inkişaf” mövzusunda çıxış edərək bildirib ki, hazırda dünya beynəlxalq münasibətlər sisteminin yeni nizama doğru getdiyi, yaxud yenidən nizamlanmağa ehtiyac duyduğu bir mərhələdən keçməkdədir: “Belə bir vaxtda bəşəriyyət qlobal sülh, yüksək səviyyəli əməkdaşlıq, sabitlik və inkişafla bağlı yeni təşəbbüslərə ehtiyac duyur. Belə təşəbbüslərin son zamanlar qlobal siyasi və iqtisadi müstəvidə çəkisi gündən-günə artan Çin Xalq Respublikasından, onun lideri cənab Si Cinpindən eşidilməsi heç də təsadüfi deyil. Bəşəriyyətin ortaq rifahı və gələcəyi naminə çoxtərəfli dialoqu təşviq edən Çin bu gün qlobal əhəmiyyətli aktual mövzuların, problemlərin yüksək səviyyədə müzakirə edildiyi və qərarların verildiyi mühüm beynəlxalq platformalardan birinə çevrilmişdir”.

Hikmət Məmmədov qeyd edib ki, müasir dövrdə sürətlə dəyişən qlobal reallıqlar fonunda qarşılıqlı hörmət və çoxtərəfli dialoqa əsaslanan beynəlxalq əməkdaşlıq hər bir dövlətin dayanıqlı inkişafı üçün önəmli şərtlərdir. Onun sözlərinə görə, dünyada mürəkkəb geosiyasi proseslərin getdiyi, yeni iqtisadi çağırışlar və təhlükəsizliklə bağlı risklərin müşahidə olunduğu indiki şəraitdə ölkələr öz maraqlarını təmin etmək üçün qlobal rifah və ümumbəşəri dəyərlər naminə əməkdaşlıq etməli, sülhü və sabitliyi möhkəmləndirmək yolunda səylərini birləşdirməlidirlər: “Azərbaycan Respublikası da məhz bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi inkişafın dayanıqlılığı təmin edilmiş, sosial rifahın yüksəldilməsinə, infrastrukturun modernləşdirilməsinə və dövlət idarəçiliyində şəffaflığa yönəlmiş genişmiqyaslı islahatlar həyata keçirilmişdir. Azərbaycanın inkişaf modeli daxildə sabitliyi, davamlı sosial-iqtisadi artımı təmin etməklə yanaşı, ölkənin həm regionda, həm də beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirərək müsbət beynəlxalq əməkdaşlıq nümunəsi formalaşdırır. Bu uğurlar milli prioritetlərimizə uyğun olaraq ekoloji tarazlığın qorunması və “yaşıl artım” modelinin tətbiqi ilə tamamlanır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən “yaşıl enerji” konsepsiyası yalnız ölkəmizin deyil, bütövlükdə regionun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir”.

YAP İdarə Heyətinin üzvü söyləyib ki, Azərbaycanın xarici siyasətində və beynəlxalq iqtisadi əməkdaşlığında əksini tapan istiqamətlər – yüksək keyfiyyətli əməkdaşlıq, qarşılıqlı hörmət və etimad, çoxtərəfli dialoq, sülhün və sabitliyin möhkəmləndirilməsi, dayanıqlı inkişafın təşviqi – bu Forumun əsas mövzusu və qarşıya qoyduğu hədəflərlə tam uzlaşır: “Foruma göstərilən böyük maraq qlobal sülh, təhlükəsizlik və inkişaf naminə beynəlxalq həmrəylik və birgə fəaliyyətin formalaşdırılması yönündə təşəbbüslərin gələcək uğurlu nəticələrinə inam yaradır”.

Forum plenar sessiyalarla öz işini davam etdirib.

Səfər çərçivəsində nümayəndə heyətinin İmperator Sarayı, Pekin Şəhər Kitabxanası, Böyük Kanal Muzeyi və Böyük Çin Səddinə ziyarəti təşkil olunub.

Seçilən
51
7
sia.az

8Mənbələr