AZ

Tennisçilərimiz medallar uğrunda mübarizə aparacaqlar

Azərbaycan, sentyabrın 28-dən oktyabrın 8-dək ölkənin yeddi şəhərində keçiriləcək III MDB Oyunlarında altı istedadlı gənc stolüstü tennisçi ilə təmsil olunacaq. Yaşlarının az olmasına baxmayaraq, bu idmançılar artıq ölkə səviyyəsində öz adlarını tanıdıblar və beynəlxalq arenada medallar uğrunda mübarizə aparmağa hazırdırlar.

III MDB Oyunlarında stolüstü tennis yarışları iki yaş kateqoriyasında keçiriləcək: 2008 və 2011-ci il təvəllüdlü idmançılar iştirak edəcəklər.

Azərbaycan milli stolüstü tennis yığmasının baş məşqçisi Ramil Cəfərov komandanın hazırlığı, qarşıdakı planları və hədəfləri barədə fikirlərini bölüşüb:

“III MDB Oyunları üçün milli komanda təxminən altı ay əvvəl formalaşdırılıb və o vaxtdan bəri idmançılar strukturlaşdırılmış məşq proqramına əsasən hazırlıq keçirlər. Azərbaycan Stolüstü Tennis Federasiyası bizə bütün zəruri şəraiti yaradıb. Avqust ayında Çində təlim-məşq toplanışında iştirak etdik. Hazırlıq çərçivəsində beynəlxalq turnirlərdə də iştirak edəcəyik. Komanda Oyunlara tam hazır olacaq,” – deyə o bildirib.

“Turnirdə 2008 və 2011-ci il təvəllüdlü idmançılar iştirak edəcək. İdmançılarımızın yaşı az olsa da, onlar artıq böyük potensial nümayiş etdirirlər. Yaxınlarda keçirilmiş milli çempionatda – böyüklərin də iştirak etdiyi yarışda – Onur Qülüzadə çempion oldu, Adil Əhmədzadə isə üçüncü yeri tutdu. Qızlar arasında isə Marziyyə Nurbətova birinci yeri qazandı. Bu üç idmançı Azərbaycanı MDB Oyunlarında təmsil edəcək. Onların uğuru göstərir ki, onlar təkcə yaşıdları ilə deyil, yaşca böyük idmançılarla da mübarizə aparmağı bacarır, hətta bir çox hallarda onları üstələyirlər.”

“Hazırda Azərbaycana gələcək bütün rəqibləri tanımırıq, lakin onların çoxunu beynəlxalq turnirlərdə görmüşük. Nəyə qadir olduqlarını bilirik və inanırıq ki, bizim idmançılar da bir o qədər güclüdür. Gözləntilərimiz yüksəkdir.  Ən azı finala yüksəlmək istəyirik. Hər yaş kateqoriyasında medal uğrunda mübarizə aparacağıq,” – deyə Cəfərov fikirlərini tamamlayıb.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri

Seçilən
38
1
xalqqazeti.az

2Mənbələr