Məlumdur ki, bu il ixtisas seçimində abituriyentlər arasında gərgin mübarizə getdi. Bəzi ixtisasların keçid balı da bu səbəbdən müəyyən dərəcədə artdı.
Həmçinin, müəyyən ixtisaslar var ki, uzun illərdir abituriyentlərin marağını cəlb edir. Ancaq nəzərə alsaq ki, texnologiya və əmək bazarı günü-gündən sürətlə inkişaf edir və dəyişir, maraqlıdır ki, bu il abituriyentlər arasında qruplar üzrə ən çox seçilən ixtisaslar hansılar oldu?
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi AzEdu.az-a məlumat verib.
Məlumata görə bu il ixtisas qrupları üzrə ən çox seçilən ixtisaslar müvafiq olaraq belə olub:
Birinci ixtisas qrupu - informasiya təhlükəsizliyi, data analitikası, informasiya texnologiyaları, kompüter mühəndisliyi, o cümlədən proseslərin avtomatlaşdırılması mühəndisliyi, mexatronika, robot texnika mühəndisliyi. Həmçinin bəzi pedaqoji ixtisaslar, burada daxildir: riyaziyyat-informatika müəllimliyi, riyaziyyat müəllimliyi, kimya və neft-qaz mühəndisliyi. Əsasən abituriyentlər bu ixtisaslara üstünlük verib.
İkinci ixtisas qrupu - həmişə olduğu kimi maliyyə, iqtisadiyyat, biznesin təşkili, o cümlədən beynəlxalq ticarət və logistika ixtisaslarına daha çox üstünlük verilib.
Üçüncü ixtisas qrupu - əsasən üstünlük verilən ixtisas hüquq ixtisası olub, o cümlədən jurnalistika, həmçinin pedaqoji ixtisaslar - Azərbaycan dili, ədəbiyyat müəllimliyi, ingilis dili müəllimliyi, həmçinin burada daxildir tarix müəllimliyi ixtisası. Digər üstünlük verilən ixtisaslar isə tərcümə və Çin dili olub.
Dördüncü ixtisas qrupu - həmişə olduğu kimi tibb və stomatoloji ixtisaslara daha çox önəm verilib. Sonraki sırada biotexnologiya və psixologiya ixtisasları yer alır. Digərləri isə əsasən pedaqoji ixtisaslardan – biologiya-kimya müəllimliyi və ya kimya-biologiya müəllimliyi olub. Əsasən bu ixtisaslara üstünlük verilib.
Beşinci ixtisas qrupu – həmişə olduğu kimi ən çox üstünlük verilən ixtisas dizayn olub, həm qabiliyyət tələb edən, həm də qabiliyyət tələb etməyən. O cümlədən fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlıq müəllimliyi və həmçinin idman yönündə digər ixtisaslar - məşqçilik və s.