AZ

Kremldə Paşinyana qurulan PLAN

Uzun müddətdir siyasi susqunluğu ilə seçilən Ermənistanın sabiq prezidenti LevonTer-Petrosyan son vaxtlar pafoslu bəyanatları ilə gündəmə gəlib. 

Eks-prezidentin açıqlamaları daha çox Nikol Paşinyan hakimiyyətinin əksinə yönəlib. Sentyabrın 9-da LevonTer-Petrosyan şəxsi iqamətgahında Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinlə görüşü zamanı növbəti belə açıqlama ilə çıxış edib. Bir saatdan artıq davam edən söhbət zamanı Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və sabitliyin bərqərar olması məsələsi müzakirə olunub.

Ter-Petrosyan səfirə bildirib ki, Rusiyanın Cənubi Qafqazda olması təcili zərurətdir və tarix tərəfindən təsdiqlənmiş reallıqdır. Keçmiş prezident Rusiya, İran, Gürcüstan, Fransa, Yunanıstanı, yaxın gələcək üçün isə Çin və Hindistanı Ermənistanın etibarlı və vicdanlı dostları adlandırıb. Xatırladaq ki, Ermənistan Milli Konqres Partiyasının sədri LevonTer-Petrosyan son zamanlarda tez-tez Ermənistan-Azərbaycan sülh sazişinə müxalifliyi ilə gündəmə gəlir. 

Avqustun 8-də Vaşinqtonda Bakı və İrəvanın sülh sazişini paraflamasına qarşı çıxan sabiq prezident 1990-cı illərdəki işğal ortağı Rusiyanı prosesə aktiv müdaxiləyə çağırışları ilə də diqqət çəkir. Bundan əvvəl, yəni avqust ayının 21-də LevonTer-Petrosyan Nikol Paşinyanın Qarabağı könüllü tərk etmiş ermənilərin geri qayıtmayacağına dair açıqlamasını tənqid edib. 

Öz növbəsində, Paşinyan bu sözlərinə görə Ter-Petrosyana qarşı sərt fikirlər söyləmişdi. Lakin Ermənistan siyasətinin ağsaqqalı LevonTer-Petrosyanın yenidən gündəmə gəlməsi təbii ki, səbəbsiz deyil və siyasi populizm məqsədi daşımır. Aydındır ki, onun bəyanatları 2026-cı ildə keçiriləcək seçkilərə, yəni daxili auditoriyaya hesablanıb. 

Artıq Ermənistan siyasətindəki mövqelərini xeyli itirmiş Ter-Petrosyan yenidən seçkilərdə fəal iştirak etmək niyyətində görünür. Lakin son rəy sorğuları Ter-Petrosyanın və onun liderlik etdiyi Ermənistan Milli Konqres Partiyasının seçkilərdə qələbə qazanmaq şansının sıfıra bərabər olduğunu göstərir.  “MPG Gallup” Beynəlxalq Assosiasiyası avqust ayında “Əgər üzümüzə gələn bazar günü Ermənistanda parlament seçkiləri keçirilsəydi hansı siyasi qüvvəyə səsə verərdiniz” sualı ilə vətəndaşlar arasında sorğu keçirib. 

Lakin respondentlərin heç biri Ermənistan Milli Konqres Partiyasının adını çəkməyib. Sorğuda sonuncu yeri 1,1 faiz səslə “Daşnaksütyun” Erməni İnqilabi Federasiyası tutub. LevonTer-Petrosyanın rəhbərlik etdiyi siyasi təşkilatın adı isə ümumiyyətlə, siyahıda yoxdur. 

Ermənistanın parlamentli respublika olduğunu nəzərə alsaq, eks-prezidentin və liderlik etdiyi partiyanın seçkilərdə qalib gəlmək şansı yoxdur. Bu baxımdan, LevonTer-Petrosyanın son zamanlar mühafizəkar mövqeli bəyanatlar səsləndirməsi reytinq qazanmağa və radikal müxalifətin elektoratını öz tərəfinə çəkməyə hesablanıb. Böyük ehtimalla, seçkilər yaxınlaşdıqca, Ter-Petrosyanın daha sərt açıqlamalarıartacaq. 

Ter-Petrosyanın Rusiya səfiri Kopırkinlə görüşü zamanı söylədiyi fikirlərə gəlincə, burada hər iki tərəfin maraqları üst-üstə düşür. Ermənistan cəmiyyətində siyasi nüfuzunu itirmiş Ter-Petrosyangörünür, daha çox xarici dəstəyə ümid bəsləyir. O, istər hakimiyyətdə, istərsə də müxalifətdə olduğu illərdə Rusiyaya bağlı siyasətçi olub. Yalnız 1997-ci ildə Ter-Petrosyanın Ermənistan-Azərbaycan münaqişəsində güzəştə getmək istəyini Moskva onun nəzarətdən çıxması və Rusiyanın regiondakı geosiyasi planlarını pozmaq cəhdi hesab etdi. 

Bu da Ter-Petrosyanın Rusiyanın dəstəklədiyi “Qarabağ klanı” tərəfindən hakimiyyətdən devrilməsi ilə nəticələndi. İndi eks-prezident yenidən Rusiya ilə anlaşmaya getməklə Kremlin dəstəyini qazanmağa çalışır. Ter-Petrosyan səfirlə söhbətində Ermənistanın müttəfiqləri və tərəfdaşları kimi ilk növbədə Rusiyanın adını çəkib, ABŞ və Avropa İttifaqı barədə ümumiyyətlə danışmır. Yunanıstan və Fransaya gəlincə, onlar Rusiyanın Cənubi Qafqazda və Ermənistandakı geosiyasi təsirini aradan qaldırmağa qadir olmayan, Çin və Hindistan isə Kremllə strateji tərəfdaşlıq münasibətləri olan dövlətlərdir. 

Bununla da sabiq prezident, Nikol Paşinyanın Qərbyönümlü kursuna qarşı çıxmağa və seçkilərdə Rusiyanın maraqlarını müdafiə etməyə hazır olduğuna dair mesaj verir. Ter-Petrosyanın seçkilərdə qalib gəlmək şansı nəinki qalmayıb, hətta o, Ermənistandakı siyasi proseslərə təsir imkanlarını itirib. Ona görə də EMKP lideri mövcud konyukturda daha çox Rusiyanın dəstəyi hesabına digər radikal partiyalarla eyni bloka daxil olmaqla bir neçə mandat əldə etməyə ümid bəsləyə bilər. 

Digər ehtimal isə Ter-Petrosyanın fəallaşması planının məhz Rusiyada hazırlanması ilə bağlıdır. Qarşıdan gələn seçkilərdə Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağı qarşıya məqsəd qoymuş rəsmi Moskva Ermənistanda bütün müxalifət qüvvələrini bir araya gətirmək təşəbbüsündə görünür. Rusiyanın üzərində dayandığı iki namizəddən biri SamvelKarapetyan, digəri Robert Köçəryandır. 

SamvelKarapetyanın rəhbərlik etdiyi “Bizə görə” Hərəkatı reytinqinə görə hakim “Vətəndaş Müqaviləsi” Partiyasından sonra ikinci yeri tutur və seçkilərdə Paşinyana ciddi alternativ kimi problem yarada bilər. Lakin SamvelKarapetyan Rusiya vətəndaşı olduğundan, qanunvericiliyə əsasən baş nazir vəzifəsini tuta bilməz. Bu baxımdan, ən azı keçid dövrü üçün baş nazir olacaq, yəni proporsional siyahıda ikinci şəxsin kim olması da mühüm əhəmiyyət daşıyır. 

Hətta SamvelKarapetyanın özünün əsas fiqur olmayacağı, hökumət başına ikinci şəxsin gətirilməsi planının qurulduğu da istisna deyil. Həmin şəxs isə hazırda siyasi “kölgə”yə çəkilən Robert Köçəryan da ola bilər. Ermənistan ictimaiyyəti Köçəryanın hakimiyyətə qayıtmasına qarşı olduğundan, Rusiya milyarder Karapetyanımeyadana çıxartmaqla Köçəryanı kölgədə saxlamağa çalışır. 

Ter-Petrosyanın önə çıxarılması da bu “oyun”un tərkib hissəsi kimi görünür. Çünki Ter-Petrosyan seçkilərdə qalib gəlmək şansına malik deyil. O, mühafizəkar elektoratın maraqlarına xidmət edən bəyanatlar verməklə diqqəti üzərinə çəkməyə çalışır. 

Köçəryan isə hələ susur və gözləmə mövqeyi tutub. Bunun qarşılığında Rusiyanın Ter-Petrosyana deputat mandatı, yoxsa başqa vəd verdiyi hələ məlum deyil. Hər halda tərəflər razılaşmış kimi görünür. 

Seçilən
7
2
cebheinfo.az

3Mənbələr