AZ

Ermənistan prezidenti İlham Əliyevə inandığını bildirdi: "Sülh şəraitində yaşamağa razılaşıblar"

"Azərbaycan Ermənistanın ərazi bütövlüyünü pozmayacaq".

Turkustan.az-ın xəbərinə görə, bu fikri Ermənistan Prezidenti Vaaqn Xaçaturyan RTVI telekanalına xüsusi müsahibəsində ABŞ-də iki ölkə liderlərinin birgə bəyannamə imzalamasını şərh edərkən bildirib.

"Bizim Vaşinqtonda əldə etdiyimiz ən mühüm şey, ən başlıcası odur ki, hər iki tərəf (mən Azərbaycan və Ermənistanı nəzərdə tuturam) sülh şəraitində yaşamağa razılaşıblar. Ən vacibi budur. Xüsusilə də belə yüksək səviyyədə: iki ölkənin iki lideri dedilər ki, biz həqiqətən hazırıq və sadəcə olaraq sülh şəraitində yaşamağa başlamaq üçün hər şeyi edəcəyik", - Xaçaturyan bildirib.

"Azərbaycan lideri İlham Əliyevə Ermənistanın ərazi bütövlüyünün pozulmayacağına inanırmı?" sualına Xaçaturyan "Əlbəttə" deyə cavab verib.

Onun sözlərinə görə, imzalanmış sənəddə nizamlanmanın əsas prinsipləri və "Tramp marşrutu"nun (TRIPP, Zəngəzur dəhlizi - red.) iş prinsipləri sadalanıb.

"Ərazi bütövlüyü. İkinci - müstəqillik. Üçüncüsü - yurisdiksiya. Dördüncü - qarşılıqlılıq. Beşinci - suverenlik. Bu qədər. Biz bu prinsiplər əsasında işləyəcəyik", - Xaçaturyan izah edib.

Qeyd edək ki, 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ lideri Donald Tramp birgə bəyannamə imzalayıblar. Bundan əlavə, iki Qafqaz respublikasının xarici işlər nazirləri Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişi paraflayıblar.

Tramp bildirib ki, Ermənistan və Azərbaycan 35 il vuruşub, indi onlar dostdurlar və uzun müddət dost olacaqlar./oxu.az

Seçilən
26
2
turkustan.az

3Mənbələr