AZ

Xırdalan–Sumqayıt sərnişin qatarının fəaliyyəti DAYANDIRILIR

Abşeron dairəvi dəmir yolu üzrə hərəkət cədvəli avtomobil yollarının təmiri işlərinə uyğun optimallaşdırılıb.

Modern.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında deyib.

Bildirilib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli, 456 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın icrası çərçivəsində Xırdalan şəhərinin M-1 Bakı−Quba Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolları ilə əlaqələndirməsini təmin etmək məqsədilə Xırdalan–Güzdək sahəsində dəmiryol xətlərinin altından yeni avtomobil yolu keçidinin inşasına başlanacaq.

Bu səbəbdən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq, qatarlar Bakı–Biləcəri–Xırdalan–Bakı xətti ilə hərəkət edəcək.

Bununla əlaqədar olaraq, sərnişin tələbatını təmin etmək məqsədilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlar 15 sentyabr 2025-ci il tarixindən yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcək.

Yeni hərəkət cədvəlinə əsasən, iş günləri Abşeron dairəvi marşrutu üzrə reyslərin sayı 92 reysdən 104 reysə çatdırılacaq.

Belə ki, Bakı–Xırdalan və Xırdalan–Bakı xətləri üzrə reyslərin sayı iş günləri 36-dan 40-a, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu üzrə isə 56-dan 64-ə artırılacaq.

Seçilən
25
27
modern.az

10Mənbələr