AZ

“Simonyan ermənilərə seçim yolunun qalmadığını göstərir” Politoloqdan ilginc ŞƏRH

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ermənistan parlamentinin spikeri Alen Simonyan son açıqlamasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində atılan addımlara toxunub.

Onun fikirləri bölgədə sülh gündəliyinin irəliləməsi və gələcək danışıqların istiqaməti baxımından diqqət çəkir.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan politoloq Həşim Səhrablı vurğulayıb ki, Simonyanın bu bəyanatı əslində Ermənistan cəmiyyətini reallıqlara inandırmaq və onları real vəziyyətə hazırlamaq məqsədi daşıyan bir açıqlama kimi başa düşülməlidir.

“Əgər həqiqətən də sülh müqaviləsi imzalanmasa, bu o deməkdir ki, gələcəkdə yeni münaqişələr baş verə bilər. Hazırkı reallıqlarda Ermənistan belə qarşıdurmalara hazır deyil. Ölkə hələ ordusunu tam formalaşdırmayıb və bu mərhələdə ordu quruculuğunda hansı səviyyədə olduqları dəqiq bilinmir.

Lakin mövcud məlumatlar və mətbuatın yayımladığı kəşfiyyat məlumatlarına əsasən demək olar ki, Ermənistan tərəfi hələ ordusunu yetərincə gücləndirməyib. Azərbaycan isə müharibədən qalib çıxmış, ordusunu davamlı olaraq təkmilləşdirən bir ölkədir. Bu reallıq fonunda Ermənistan ya sülhə razı olmalı, ya da növbəti məğlubiyyətlərlə nəticələnəcək münaqişələrə hazırlaşmalıdır.

Regional reallıqlar artıq bunu tələb edir: hər bir dövlət öz təhlükəsizliyini qorumaq və formalaşdırmaq məsuliyyətini daşıyır. Azərbaycan tərəfi isə sərhədlərində hər hansı təhdid və təhlükə müşahidə etdikdə, buna qarşı tədbir görməyə məcbur olacaq.”

Politoloqun sözlərinə görə, Ermənistan indi sülhü həm də öz dövlətçiliyinin xilası kimi görür:

“Cəmiyyəti bu istiqamətdə hazırlamanın labüdlüyünü nümayiş etdirir. Bu açıqlamalar ermənilərə göstərir ki, azərbaycanlılar və ermənilər artıq Moskvada və ya digər ölkələrdə birlikdə fəaliyyət göstərir, ortaq biznes planları qurur, Avropanın və digər şəhərlərin meydanlarında həmrəylik nümayiş etdirirlər. Simonyanın mesajı budur ki, əgər bu başqa ölkələrdə mümkündürsə, deməli, sərhədlər daxilində və dövlətlərarası münasibətlərdə də mümkündür. Bu da ermənilərə başqa seçim yolunun olmadığını göstərir.

Lakin diqqət yetirilsə, Simonyan yenə də məkirli mövqedən əl çəkmir. O bildirir ki, sərhədlərdə Azərbaycan hərbçilərini görmək istəmir. Bunu xalqın dilindən ifadə etsə də, şüuraltı mesaj verir ki, hərbi məsələlərdə Ermənistan dövləti ənənəvi pozucu mövqedə qalacaq”.

Həşim Səhrablı əlavə edib ki, Simonyanın bu son açıqlamasını ermənilərin başqa yolu qalmadığı kimi də şərh etmək olar.

“Bu, normallaşma prosesinin davam edərək sülhə doğru tamamlanması və atılacaq addımların təməli kimi də qəbul edilə bilər.

Ermənistana indi iqtisadi dirçəliş lazımdır, dövlət büdcəsini qorumaq və xalqın ümumi yaşayışına müsbət təsir göstərmək üçün daha çox gəlir əldə etməlidir. Nəticədə Ermənistan Rusiyadan iqtisadi asılılığını azaltmaq imkanına sahib olacaq.

Bunun yolu isə transit və beynəlxalq layihələrin açılmasından, eləcə də ermənilərin sivil dünyaya inteqrasiyasından keçir. Bu səbəbdən yolların açılması vacibdir və təşkilati baxımdan Ermənistan tərəfi artıq razı olmalı, şovinizmdən əl çəkməlidir. Məhz Simonyan da xalqa bunun ilk mesajlarını verir”-deyə o fikirlərini yekunlaşdırıb.

Gülxanım Əliyeva

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
icma.az

1Mənbələr