Avropa İttifaqı Rusiya Federasiyasına qarşı sanksiyaları rəsmən altı ay müddətinə uzadıb. Bu barədə Aİ Şurasının saytında məlumat verilir.
“Şura Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin daha altı ay müddətinə, 2026-cı il martın 15-dək uzadılması barədə qərar qəbul edib”, - press-relizdə deyilir.
2500-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiyaların tətbiqi davam etdiriləcək. Eyni zamanda, iki nəfər müvafiq şəxslər siyahısından çıxarılıb.
“Avropa İttifaqı hələ də Rusiyaya təzyiqləri artırmağa, o cümlədən əlavə sanksiyalar qəbul etməyə hazırdır”, - deyə Brüsseldə vurğulayıblar.
Bundan əvvəl Fransa Xarici İşlər Nazirliyi Aİ-nin yeni anti-Rusiya sanksiyalar paketini sentyabrın 15-də təqdim edəcəyini açıqlamışdı.Qeyd olunur ki, sanksiyalar siyahısı Ağ Evlə razılaşdırılaraq tərtib edilib.