AZ

Bəşəriyyətin ümumi marağı...

İnsan hüquqları bərabərliyin əsas sütunudur

Cəmiyyətin gücü yalnız onun iqtisadi imkanlarında, inkişaf etmiş şəhərlərində, müasir texnologiyalarında deyil. Bir ölkədə insan hüquq və azadlıqları qorunursa, orada azadlıq nəfəsi duyulursa, deməli, həmin ölkə həqiqətən də müasir dünyada öz layiqli yerini tutur. Amma hüquqlar yalnız qanun kitablarında yazılıb qalanda deyil, gündəlik həyatda yaşananda dəyər qazanır.

Hüquqi savadlılıq sadəcə qanunların mətnini bilmək deyil, öz hüquqlarını tanımaq və onları müdafiə edə bilməkdir. Siyasi mədəniyyət isə vətəndaşın cəmiyyət qarşısında məsuliyyət hissini gücləndirir. Seçkilərdə səs verən, ictimai müzakirələrə qoşulan insan bir növ ölkənin gələcəyinə yön verən gücdür.

Hüquqlarımızı müdafiə etmək, azadlığımızı yaşatmaq yalnız dövlətin deyil, hər birimizin borcudur. Hüquqi və siyasi mədəniyyətimizi yüksəltdikcə, sosial və siyasi fəallığımızı artırdıqca daha güclü bir cəmiyyət quracağıq. İnsan hüquqlarının qorunmadığı bir yerdə inkişafdan danışmaq mümkün deyil.

Bəşəriyyətin təməl dəyərlərindən biri

Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən hüquqşünas Fərid Qasımov bildirib ki, insan hüquqları və azadlıqları bəşəriyyətin ən mühüm və təməl dəyərlərindən biridir: “Bu hüquqlar hər bir insanın doğuşdan etibarən sahib olduğu, heç bir şəraitdə əlindən alınmaması lazım olan hüquqlardır. Lakin təəssüf ki, dünyanın bir çox guşəsində bu hüquqlar hələ də pozulur, ayrı-seçkiliklər davam edir, vətəndaşlar təzyiqlərə məruz qalır. İnsan hüquqlarının qorunması yalnız qanunların müdafiəsi ilə məhdudlaşmır, eyni zamanda, cəmiyyətin hər bir üzvünün bu prinsipləri dəstəkləməsi və yaşatması ilə mümkün olur”.

Azadlıqların sərhədi: Hüququn təzahürü və məsuliyyət

Hüquqşünasın sözlərinə görə, insan hüquqlarının müdafiəsində diqqət çəkən əsas məqamlardan biri azadlıqların sərhədidir: “İnsanlar çox vaxt öz azadlıqlarından istifadə edərkən, bu azadlıqların başqalarının hüquqlarını pozmasına yol açır. Hüquqşünasların əsas vəzifələrindən biri, bu tarazlığın qorunmasına kömək etməkdir. Məsələn, ifadə azadlığı və ya toplaşmaq azadlığı kimi hüquqlar, şərəf və ləyaqətə zərər vermədiyi halda həyata keçirilməlidir. Bu, həm hüququn təzahürü, həm də cəmiyyətin sülh və əmin-amanlığını təmin etmək üçün vacib bir prinsipdir.

İnsan hüquqlarının qorunması məsələsi, yalnız milli səviyyədə deyil, həm də beynəlxalq səviyyədə mühüm məsələdir: “BMT-nin İnsan Hüquqları Şurası, Avropa İnsan Hüquqları Məhkəməsi və digər beynəlxalq təşkilatlar bu məsələyə diqqət ayırır və öz üzv dövlətlərindən müvafiq addımlar atmalarını tələb edir. Həmçinin qeyri-hökumət təşkilatları (QHT-lər) da bu sahədə böyük rol oynayır”.

Azərbaycan insan hüquqları sahəsində daim irəliləyir

F.Qasımov qeyd edib ki, ölkəmizdə insan hüquqları sahəsində irəliləyişlər hər ötən gün özünü daha qabarıq şəkildə göstərir: “Azərbaycanda ayrı-ayrılıqda hər bir vətəndaşın hüquqlarının müdafiəsi sahəsində mühüm işlər görülməkdədir. Məsələn, ölkəmiz qadınların hüquqlarının qorunmasına dair bir sıra qanunlar qəbul edib və bəzi müsbət dəyişikliklər həyata keçirilib. Qadınların təhsili və iş həyatı sahəsində müəyyən irəliləyişlər mövcuddur. Azərbaycanda qadın hüquqlarının qorunması üzrə müxtəlif dövlət proqramları və tədbirlər həyata keçirilir.

Bundan başqa, uşaq hüquqları sahəsində də müsbət addımlar atılıb. Ölkədə Ailə, Qadın və Uşaq Hüquqları üzrə Dövlət Komitəsi fəaliyyət göstərir və uşaqların təhsili, sağlamlığı, rifahı ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Onu da xüsusilə qeyd edək ki, dövlətimizin həyata keçirdiyi sosial və iqtisadi siyasət, insanların rifahının artırılması sosial ədalətin təmin edilməsi məqsədini güdür”.

Hüquq və insanlıq məsuliyyəti

Nəticə etibarilə, insan hüquqları və azadlıqlarının müdafiəsi yalnız hüquqşünasların deyil, hər bir vətəndaşın məsuliyyətidir. Bu, cəmiyyətin ümumi inkişafı, sülhü və əmin-amanlığı üçün vacibdir. Belə bir yanaşma gələcək nəsillərin daha azad və bərabər hüquqlar təmin olunmuş bir cəmiyyətdə yaşamasına zəmin yaradar.

Yeganə

Seçilən
10
1
yeniazerbaycan.com

2Mənbələr