AZ

Rusiya miqrantları hədəfə alıb

Bu ölkədə qeyri-qanuni yaşayan əcnəbilərin hüquqi statuslarını leqallaşdırmaq üçün verilən müddəti başa çatıb. Öz statuslarını qanuniləşdirə bilməyənləri hüquqi sanksiyalar gözləyir.

Artıq Rusiya Daxili İşlər Nazirliyi açıqlayıb ki, 11 sentyabrdan etibarən ölkədə qanunsuz şəkildə qalan əcnəbilər haqqında məlumatlar rəsmi nəzarət reyestrinə daxil ediləcək. Bu şəxslər ölkədən deportasiya ediləcək və gələcəkdə Rusiyaya giriş hüququndan məhrum olunacaqlar. Eyni zamanda, onların yaşayış yerini dəyişmək, daşınmaz əmlak və nəqliyyat vasitəsi almaq, bank hesabı açmaq və hüquqi şəxs yaratmaq kimi hüquqları da məhdudlaşdırılacaq. Həmçinin əcnəbilər yerli vətəndaşla nikaha daxil ola bilməyəcəklər. İstisna: ödənişlərin yerinə yetirilməsi məqsədilə pul köçürmələri, nəzarətdəki şəxsin hesabına pul köçürülməsi və ayda 30 min rubla qədər nağd pul əldə edilməsinə icazə veriləcək.

Rusiya DİN, həmçinin vurğulayıb ki, Rusiyada qanunsuz qalan azyaşlı əcnəbilərin məktəblərə və uşaq bağçalarına qəbulu çətinləşəcək. Tədbirlər Prezident Vladimir Putinin aprel ayında imzaladığı fərman əsasında həyata keçirilir və Rusiyanın miqrasiya siyasətində daha ciddi və sərt yanaşmanın tətbiq olunduğunu göstərir.

Bu siyasət fonunda Rusiya Dövlət Dumasında hazırda müzakirə olunan yeni qanun layihəsi isə vəziyyəti daha da çətinləşdirəcək. Layihəyə əsasən, əmək miqrantlarının ailə üzvlərinin ölkəyə gətirilməsinə qadağa qoyulacaq. Rəsmi arqument ondan ibarətdir ki, miqrant ailələrinin Rusiyada yaşaması sosial infrastrukturda, ilk növbədə təhsil və səhiyyə sistemində əlavə yük yaradır. Yeni qaydalara görə, yalnız işləmək məqsədilə gələn şəxslərə üstünlük veriləcək və onların ailələrinin Rusiyaya daxil olması əmək fəaliyyəti şərti ilə mümkün olacaq. Yəni, qanun layihəsi ona hesablanıb ki, ailəli şəxslər də əmək fəaliyyətilə məşğul olsunlar. Bundan sonra onlar Rusiya ərazisində uzun müddət yaşamaq hüququ alacaqlar. Əks halda, onlar geri – öz vətənlərinə qayıtmalı olacaqlar.

* * *

Bu yanaşmanın hədəfi sadəcə sosial yüklənmənin azaldılması deyil, həm də iqtisadi dividentlər əldə etməkdir.

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdri Mahir Zeynalov XQ-yə dedi ki, yeni qanun layihəsinə əsasən, miqrantların ailə üzvlərinin əmək bazarına daxil olması əsas şərtdir: “Bu addımın əsas məqsədlərindən biri dövlət büdcəsinə əlavə vergi və sığorta ödənişlərinin cəlb olunmasıdır. Ailə üzvlərinin də işləməsi nəticəsində rəsmi şəkildə əmək fəaliyyəti göstərən insanların sayı artacaq və bu da müvafiq olaraq iqtisadiyyata əlavə maliyyə axınına səbəb olacaq. Rəsmi Moskva bu yolla gəlir bazasını genişləndirməyi və dövlətin sosial fondlarına daha çox vəsait cəlb etməyi hədəfləyir. Bununla yanaşı, yeni qanun layihəsi miqrasiya axınının tənzimlənməsində mühüm rol oynayacaq. Aparılan hesablamalara görə, əgər qanun qüvvəyə minərsə, ölkəyə daxil olan miqrantların sayı 15-20 faiz azalacaq. Bu isə o deməkdir ki, qanun yalnız iqtisadi deyil, həm də sosial və demoqrafik istiqamətdə tənzimləyici funksiyanı yerinə yetirəcək”.

Bu proseslərin Azərbaycandan Rusiyaya üz tutan miqrantlar üçün də ciddi problem yarada biləcəyinə diqqəti çəkən M.Zeynalov hazırda Rusiyada 10 minlərlə Azərbaycan vətəndaşının əmək fəaliyyəti ilə məşğul olduğunu dedi: “Qanunun qüvvəyə minməsi Azərbaycanlı ailələr üçün yalnız sosial deyil, həm də psixoloji və humanitar çətinliklər yaradacaq. Çünki bir çox ailələr uzun illərdir Rusiyada birgə yaşayır, uşaqlar orada məktəbə gedir, ailə həyatlarını həmin ölkədə qurublar. Lakin yeni hüquqi çərçivə bu nizamı pozacaq”.

Miqrantların sosial inteqrasiyasına münasibətdə də ciddi dəyişikliklər müşahidə olunur. Rusiya Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və digər qurumların müəllimlərə təqdim etdiyi metodik göstərişlər miqrant uşaqların davranışlarına və yazı işlərinə xüsusi diqqət ayrılmasını tövsiyə edir. Müəllimlərə şagirdlərin ekstremist meyillər göstərib-göstərmədiyini, rus dəyərlərinə qarşı hörmətsizlik ifadə edib-etmədiyini izləmək tapşırılır. Bu isə dolayısı ilə miqrant uşaqların daim nəzarət altında saxlanılması və onların azad düşüncəsinə təsirin artması deməkdir.

Digər tərəfdən, son vaxtlar Rusiya Təhsil üzrə Nəzarət Xidməti (Rosobrnadzor) tərəfindən tətbiq olunan rus dili testləri əcnəbi uşaqların məktəblərə qəbulunda əsas şərtlərdən biridir. 2025-ci ilin aprel–avqust ayları ərzində 23 mindən çox əcnəbi uşaq məktəbə qəbul üçün müraciət etsə də, yalnız 12,6 faizi testdən uğurla keçib. Nəticə göz qabağındadır. Bu, faktiki olaraq, əcnəbi uşaqların 87 faizinin rus məktəblərinə qəbul edilməməsi deməkdir. Səbəb rus dilini lazımi səviyyədə bilməmək və ya valideynlərin sənədlərinin qaydasında olmamasıdır. Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bu barədə deyib: “87,4 faizi rus dili imtahanından keçə və ya ölkəmizdə olmalarının qanuniliyini təsdiq edə bilməyib. Bu, yeni qanunun nəticəsidir”.

Spikerin fikrincə, standartlar təhsil prosesinin uyğunlaşdırılmasına, hər bir uşağın sosial adaptasiyasına və məktəb proqramının uğurla mənimsənilməsinə yönəlib: “Rus dilini bilmədən buna nail olmaq mümkün deyil”.

Qeyd edək ki, belə yanaşma təhsilə çıxış imkanlarını məhdudlaşdırmaqla yanaşı, inteqrasiya prosesini də çətinləşdirir. Rusiya hakimiyyəti isə bildirir ki, miqrasiya proseslərinə nəzarət gələcəkdə də gücləndiriləcək və qanunsuz miqrasiya hallarının qarşısının alınması istiqamətində sistemli addımlar atılacaq.

Digər narahatedici məqam miqrantların Rusiyada hərbi məqsədlərlə istifadəsi ilə bağlı yayılan məlumatlardır. Məlumdur ki, Ukraynada davam edən müharibə Rusiya ordusunda canlı qüvvə çatışmazlığı yaradıb və bu boşluğun doldurulması üçün miqrantlara yönələn təzyiqlər son vaxtlar artıb. Onlar müxtəlif yollarla təhdid, şantaj və deportasiya qorxusu ilə hərbi xidmətə cəlb olunmağa məcbur edilir. Bu, açıq şəkildə insan hüquqlarının pozulması və zorla xidmətə cəlbetmənin nümunəsidir. Bu siyasət təkcə miqrantlara deyil, eyni zamanda Rusiya vətəndaşı olan, lakin rus olmayan xalqlara, o cümlədən azərbaycanlılara da şamil olunur.

Məsələn, Rusiyadakı azərbaycanlılar 4 min manata ekvivalent olan maaş və vətəndaşlıq üçün rus ordusu ilə müqavilə imzalayır. İndi 772 azərbaycanlının aqibətindən xəbər yoxdur, onlar itkin düşmüş kimi qeydiyyatdadırlar. Bu şəxslərin çoxunun müharibədə məhv olduğu, bəzilərinin isə əsir düşdüyü ehtimal edilir.

Ümumiyyətlə, son aylar baş verən bəzi hadisələr, o cümlədən hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı qeyri-adekvat davranışlar qeyri-ruslara münasibətdə ayrı-seçkiliyin və diskriminasiyanın artdığını göstərir. Bu isə Rusiyanın milli qanunvericiliyinə və beynəlxalq hüquqa ziddir.

Baş verənlər göstərir ki, Rusiyanın apardığı sərt miqrasiya siyasəti həm insan hüquqları, həm də etnik azlıqların gələcək taleyi baxımından ciddi narahatlıqlar doğurur. Azərbaycanın artan beynəlxalq nüfuzu, müstəqil və milli maraqlara əsaslanan siyasəti fonunda bu cür təzyiqlər ölkəmizə qarşı qərəzli yanaşmaların və regionda artan təsir gücümüzə qarşı narahatlığın təzahürüdür.

Azərbaycan cəmiyyəti və dövləti belə təzyiqlərə qarşı milli həmrəylik və soyuqqanlı yanaşma ilə soydaşlarımızın hüquqlarının müdafiəsini və onların beynəlxalq normalara uyğun yaşamaq hüququnun təmin olunmasını prioritet məsələ hesab edir. Rusiyada yaşayan vətəndaşlarımızın hüquqlarının qorunması istiqamətində bundan sonra da tədbirlər görüləcək, istənilən təzyiqə qarşı hüquqi-siyasi mexanizmlərlə cavab veriləcək.

Pünhan ƏFƏNDİYEV
XQ

Seçilən
26
1
xalqqazeti.az

2Mənbələr