Sentyabrın 13-də Xocalı rayonunun Seyidbəyli kəndinə ilk köç prosesi həyata keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, ikin mərhələdə kəndə 30 nəfər köçürülüb.
Onlar bu gün yeni mənzillərinə yerləşdiriliblər.
Mənzillərin açarlarını ailələrə təqdim edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinlərə məlumat verib ki, Seyidbəyli kəndində müasir tələblərə cavab verən fərdi yaşayış evləri inşa olunub, qaz, işıq və su xətləri tam bərpa edilib və digər sosial infrastruktur obyektləri sakinlərin istifadəsinə verilib.
Sakinlər də bu gün doğma yurda qayıtmağın sevincini bölüşüblər.
Xatırladaq ki, Xocalı rayonunun Seyidbəyli kəndi 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Seyidbəyli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçib. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində isə kənd Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılıb.
***
13:11
Köç karvanı Xocalı rayonunun Seyidbəyli kəndinə çatıb.
Bu barədə APA-nın Qarabağ bürosu xəbər verir.
***
11:34
Böyük Qayıdış planına uyğun olaraq, Xocalı rayonun Seyidbəyli kəndinə ilk dəfə əhalinin köçürülməsi prosesi həyata keçirilir.
APA-nın Qarabağ bürosu xəbər verir ki, ilk mərhələdə Seyidbəyli kəndinə 9 ailə - 31 nəfər köçürülür.
Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.









