AZ

AMB: COP29 sığorta bazarları üçün yeni imkanlar açıb

Qlobal iqlim dəyişiklikləri sığorta sektoru üçün əsas çağırışlardan biridir və bu, yeni risklərin yaranmasına səbəb olur.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın və ümumilikdə Türk dövlətlərinin coğrafiyası iqlim dəyişikliklərinə qarşı xüsusilə həssasdır ki, bu da sığorta məhsulları və xidmətlərinin adaptasiyasını zəruri edir:

“İqlim risklərinin qiymətləndirilməsi və modelləşdirilməsi, “yaşıl sığorta” məhsullarının təşviqi, həmçinin risklərin bölüşdürülməsi mexanizmlərinin inkişafı sığorta bazarlarının əsas vəzifələrindəndir. Təkrarsığorta sahəsində əməkdaşlığın gücləndirilməsi də risklərin effektiv idarə olunmasında mühüm rol oynayır.

Bu kontekstdə Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi və liderliyi xüsusi qeyd olunmalıdır. COP29 beynəlxalq iqlim gündəliyinin ən mühüm toplantısı olaraq ölkəmizin iqlim dəyişikliklərinə qarşı mübarizədə fəal mövqeyini nümayiş etdirdi, dayanıqlı maliyyə, “yaşıl sığorta” və iqlim risklərinin idarə olunması sahələrində yeni imkanlar açdı”.

Ə.Məmmədyarov hesab edir ki, Türk Dünyası Sığorta Birliyi çərçivəsində iqlim risklərinə qarşı birgə təşəbbüslərin həyata keçirilməsi iqtisadiyyatlarımızın dayanıqlılığını artırmaqla gələcək nəsillər üçün sabit inkişaf mühiti yaradacaq.

“Sığorta sektorunun gələcəyini formalaşdırmaq və yeni çağırışlara adekvat cavab vermək üçün mütərəqqi beynəlxalq təcrübələri yerli bazarın xüsusiyyətlərini nəzərə alaraq tətbiq etməliyik”, – deyə AMB sədrinin birinci müavini bildirib.

Onun sözlərinə görə, bununla bağlı geniş müzakirələr aparılmalı, bilik və təcrübələr paylaşılmalıdır:

“Əminəm ki, Azərbaycanda keçirilən bu Assambleya Türk Dövlətləri Təşkilatının birgə əməkdaşlıq prinsiplərinə əsaslanaraq türk dövlətlərinin sığorta bazarlarının yaxınlaşmasına, ortaq inkişaf yönümlü məqsədlərə nail olunmasına və qarşıda duran strateji hədəflərin daha effektiv həyata keçirilməsinə öz səmərəli töhfəsini verəcək.

Eyni zamanda, Assambleya çərçivəsində qəbul olunacaq qərarlar yalnız milli bazarların deyil, bütövlükdə Türk dünyasının sığorta sektorunun rəqabət qabiliyyətinin artmasına, yeni texnologiyaların tətbiqinə və dayanıqlı inkişafın təmin edilməsinə xidmət edəcək”.

MənbəREPORT
Seçilən
45
banker.az

1Mənbələr