AZ

İlham Əliyev: "Onlar bir şeyi hesablaya bilmədilər..."

Prezident İlham Əliyev:Bu gün bir neçə kənddə olmuşam, sabah da davam edəcək. Bütün Qarabağ artıq tam nəzarət altındadır və bildiyiniz kimi, bu ərazi iki il bundan əvvəl işğalçılardan azad edildi. Elə bu günlərdə - sentyabrın 19-20-də şanlı Ordumuz separatçılığa son qoydu. Onunla da separatçılığın kitabı bağlandı və Azərbaycan tam suverenliyini bərpa etdi. “Böyük Qayıdış” Proqramı da uğurla icra edilir. Biz təqribən iki aydan sonra tarixi Zəfərimizin beşillik yubileyini qeyd edəcəyik.


Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir və şadam ki, siz artıq öz doğma dədə-baba torpağınıza gəlmisiniz, yerləşmisiniz. Sizin üçün burada şərait yaradılıb, evlər tikilib, təmir edilib. Bütün şərait var - su, qaz, elektrik, istilik, məktəb, tibb məntəqəsi, yollar. Ən önəmlisi bura doğma Qarabağ diyarıdır. Gözəl mənzərəli yerlərdir, hər tərəf dağ, meşə, bulaq, su da boldur. Yəni, burada, sadəcə olaraq, rahat yaşamaq, qurub-yaratmaq, uşaqları böyütmək, onlara yaxşı tərbiyə vermək üçün bütün şərait var. Yəni, artıq Azərbaycan xalqı bundan sonra sülh içində yaşayacaq. Amma sülh şəraitində yaşamaq üçün əlbəttə ki, güc lazım idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin.


Bilirsiniz, biz uzun illər çalışırdıq ki, Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun. Ancaq Ermənistan tərəfi, onun arxasında duranlar başqa fikirdə idilər. Yəni, onlar torpağımızı geri qaytarmaq fikrində deyildilər. Onlar və onların arxasında duranlar, böyük dövlətlərin rəhbərləri onlara ürək-dirək verərək elə bil ki, bu işğalı daimi etmək istəyirdilər. Amma bir şeyi hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının iradəsi, gücü, Vətən torpağına olan bağlılığı, Azərbaycan əsgərinin şücaəti, qəhrəmanlığı və xalqımızın birliyidir. Onu hesablaya bilməmişdilər. Əgər Ermənistan rəhbərliyi vaxtında mənim sözlərimə baxıb bizim torpaqlardan öz xoşu ilə çıxsaydı, İkinci Qarabağ müharibəsinə, antiterror əməliyyatına ehtiyac qalmazdı, üç mindən çox şəhidimiz olmazdı. Allah onlara rəhmət eləsin. Ancaq Vətən uğrunda şəhid olmaq, əlbəttə ki, böyük qəhrəmanlıqdır və onların xatirəsini biz əbədi yadımızda saxlayacağıq, onların xatirəsinə əbədi hörmət edəcəyik.


Bu gün biz bu gözəl Qarabağ diyarında yığışmışıq. Bunun əsas səbəbi xalqımızın birliyidir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə almasıdır. Biz bütün dünyaya sübut etmişik ki, güclü xalqıq, iradəli xalqıq, döyüş meydanında da qələbə qazanmışıq, sülhə də hər zaman hazır idik. Amma sülh ədalətli sülh olmalı idi, beynəlxalq hüquq və tarixi ədalət üzərində sülh olmalı idi. Son beş ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi. 2023-cü ilin sentyabr hadisələri, antiterror əməliyyatı bir daha göstərdi ki, heç kim bizim qabağımızda dura bilməz. Çünki bizim işimiz haqq işidir, biz öz torpağımız uğrunda vuruşmuşuq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, amma öz torpağımızdan bir qarış belə heç kimə güzəştə gedən deyilik və bunu sübut etmişik.


Bu gün bütün dünya Azərbaycan xalqını haqlı olaraq müzəffər xalq kimi tanıyır. 44 gün və bir gün - heç bir ölkə son 80 il ərzində belə mütləq, tam və ədalətli qələbə qazanmamışdır. Bununla fəxr edirik. Fəxr edirik, necə ki, müharibədə döyüşmüşük, vuruşmuşuq, eləcə də sülh şəraitində qurub-yaradırıq. Ermənilər bizim torpaqlarımızı viran qoyublar. Sizin yaşadığınız kənd və şəhərləri yerlə-yeksan etmişdilər. Özlərinin yaşadıqları şərait elə idi ki, necə deyərlər, özünə hörmət edən insan heç vaxt orada yaşamazdı. Amma görün, biz beş il ərzində şəhərlər, kəndlər, körpülər, tunellər, su anbarları, elektrik stansiyaları qurmuşuq. Yəni, burada – Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur. Əsas odur ki, Azərbaycan xalqı rahat yaşasın, xoşbəxt yaşasın, sülh içində yaşasın. Sizi təbrik edirəm.
Seçilən
20
7
azvision.az

10Mənbələr