Venesuela ətrafında yaşanan son gərginlik fonunda Rusiya mediası Moskvanın bu ölkəyə Tu-160 strateji bombardmançılarını göndərəcəyini iddia edib.
Axar.az xəbər verir ki, bir neçə gün öncə Rusiyanın “Lenta.ru” dövlət agentliyi “Qərbin Tu-160-ların Rusiyadan Venesuelaya mümkün transferindən necə narahat olduğu” haqda məqalə dərc edib. Eyni zamanda rus saytı ingilisdilli “Military Watch Magazine” nəşrinə istinad etdiyini gizlətməyib.
“ABŞ və Venesuela arasında gərginliyin artması və çoxsaylı informasiyaların fonunda ABŞ-ın Venesuela hədəflərinə zərbə endirməsinin nəzərdən keçirildiyi bir vaxtda Rusiyanın strateji hava qüvvələrini ölkəyə yerləşdirə biləcəyi ehtimalı ortaya çıxır. Bundan öncə, Tu-160 strateji bombardmançıları ölkənin ABŞ tərəfindən ciddi təhdidlərlə üzləşdiyi dövrlərdə Venesuelaya göndərilmişdi”, - deyə bildirilir.
Ekspertlərin fikrincə, ümumilikdə Tu-160-ın Venesuelaya göndərilməsi ssenarisinin tamamilə fantastik olduğunu söyləmək olmaz.
Əslində, bu, son onilliklər ərzində artıq bir neçə dəfə baş verib. Sonuncu dəfə 2018-ci ildə Donald Tramp ilk dəfə Venesuelanı hərbi işğalla hədələdikdə Kreml müvafiq qərarı vermişdi.
Qeyd edək ki, ABŞ-ın Venesuela sahillərinə narkokartellərlə mübarizə üçün hərbi gəmi göndərməsi fonunda bir sıra dünya KİV-ləri amerikalıların Maduro rejimini devirəcəyi ilə bağlı məlumatlar dərc etməkdədir.