AZ

Qələmsiz yazılanlar Rəşad Məcidin status esseləri

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

Rəşad MƏCİD"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini

"Şair öldü"...

Bunu xəbərə çevirmək, şairin bir neçə şeirini yaymaq, yaradıcılığı barədə məlumat vermək təəssüf ki, media subyektləri üçün cəlbedici deyil.

Amma şair küçədə, yolda getdiyi yerdə ürəktutmasından, ya hansısa xəstəlikdən qəfil vəfat edirsə, o dəqiqə "cazibədar" başlıq hazırdır:

"Şair küçədə öldü!"...

Nəticədə etik dəyərlər, mərhumun ailəsinin düşəcəyi vəziyyət, keçirəcəyi stress arxa plana adlayır. Yaxşı yadımdadır ki, Mətbuat Şurasına müraciət edən bir xanım övladının avtoqəza nəticəsində həyatını itirməsinin "Yanaraq öldü" sərlövhəsi ilə təqdimatına etiraz etmişdi. Dediyi fikir sarsıdıcı idi: "O başlıqları oxuyanda elə bilirəm balam hər gün təzədən ölür".

...Əlbəttə, belə hallar təkcə bizdə deyil, dünyanın əksər yerlərində təxminən oxşar durum müşahidə olunur. Yəni media cəlbedici, həyəcanlandırıcı xəbərlər axtarışındadır. Peşə maraqları, reytinq yarışı öz yerində, ancaq insani yanaşma, həssaslıq da qeybə çəkilməməlidir. İnsani duyğuları arxa plana keçirmək qəddarlığa zəmin yaradır.

Nə isə, çalışaq həssaslıq və mərhəmət duyğularımız azalmasın!

Şairə Allahdan rəhmət, mediamıza həssaslıq diləyirəm.

lll

Alyaskadan sonra Ukrayna xalqı daha da ümidsizliyə qapılacaq. Heyif, bu gözəl xalqdan, bu gözəl ölkədən.

Çarəsizlik çürüdür.

lll

Haqqı az-çox deyən, ədalətsizliyə etiraz edən, amma buna görə bəzilərinin nifrətini qazanan da yenə jurnalistlərdir. Şərəfli peşədir, hörmətdən salan diletantlar olmasa.

lll

Dünya xeyirxah, mərhəmətli, savab iş görən adamların çiynində dayanır.

lll

Həvəsimək uşaqlıq əlamətidir.

lll

Deyir, Əlfəddin həkimin sözüdür: sağlamsansa, xoşbəxtsən, borcun yoxdursa, dövlətlisən.

lll

Mız qoyma, qürur duy.

lll

İnsanları sevindirməkdən də üstün zövq yoxdur. Həyatın mənalarından biridir.

lll

Ramiz Rövşənlə danışdım. Yaxşıdır. Dedi ki, ayağımdakı ağrılar stabil qalır. Amma səhhətimdə problem yaranması barədə yazılanlar xeyli şişirdilmişdir...

lll

Ağız-ağıza verib yalanı tirajlamaq olmaya də...

lll

Gərək şəkil də danışsın, informasiya versin...

lll

Ev telefonunu ləğv elədik. Bu, bir dövrün sona çatmasına işarədir.

Yadımdadır, bir vaxtlar evlərə telefon çəkdirmək üçün insanlar hansı çətinliklərlə üzləşərdilər. Hələ telefonu mədh edən əsərləri, yaşanan sevincli, həyəcanlı anları demirəm. İndi ev telefonları ilə birgə bu duyğular, bu hisslər də tarixə, xatirəyə çevrilir.

Bir azdan televizorlar da unudulacaq. Ovcumuzdakı bu sehrli əşya dünənəcən həyat tərzimizin ayrılmaz hissəsinə çevrilmiş nə varsa, hamısını əvəzləyəcək. Dünyanı kiçik bir qutuya sığışdıracaqlar. Divin canı şüşədəki quşda olan kimi, beləcə hamılıqla bu tilsimli kiçik cismin itaətkarına çevriləcəyik.

lll

15-16 yaşlarımdan müxtəlif şairlərin sevdiyim şeirlərini əzbərləyirdim. 4-5 saat əzbər dediyim şeirlərin enerjisiylə gənclik illərinin poeziya vurgunluğu, coşqusu qarışırdı. Aradan uzun illər keçəndən sonra, hansısa şeir rastıma çıxanda yadıma düşürdü ki, axı bu şeiri vaxtilə əzbər bilirdim. Bir-iki dəfə oxumaq kifayət edirdi ki, şeir yenidən yaddaşımda dirilsin. İndi də bəzən tədbirlərdə o illərdən əzbər bildiyim hansısa şeiri məqamında deyəndə gənclik dövrünün enerjisini, coşqusunu hiss edirəm.

Zamanın gücü çatmadığı tək şey deyəsən, poeziyanın daxili enerjisi, coşqusudur.

lll

Şəkildə qəşəng düşürsünüz.

lll

Mourinyo kimi, Santuşu da tək-tənha yola salmaq lazımdır.

lll

Deməli, bir profildəki adamı şəxsən tanıdığını heç kim boynuna almır. Şeirləri haqda yazan xanım deyir ki, üzünü görməmişəm. Yazandan sonra məlum oldu ki, şeirləri Nüsrət Kəsəmənlidən plagiatdır. Şeirlərini antologiyada çap edən deyir şəxsən tanımıram. Statusuna şərhlər yazanlardan da tanıdım deyən yoxdur.

Belə çıxır ki, bu, saxta profildir.

Müvafiq qurumlara müraciət olunacaq, bu profilin idarəçisi hər kimdirsə, aşkarlanacaq. Etdiyi təhqirlərə və profilində təhqirlərə şərait yaratdığına, rəvac verdiyinə görə hüquqi məsuliyyətə cəlb olunacaq.

Sosial medianın yaratdığı imkanlardan bəhrələnərək insanların şərəf və ləyaqətinə toxunmağın hüquqi məsuliyyət yaratdığını hər bir istifadəçi dərk etməlidir. Müxtəlif adlarla profil açıb gizlənməyə çalışanlar da gec-tez müəyyən olunacaq. Sosial medianın aurası, ab-havası saflaşmalıdır. Söz-düşüncə azadlığıyla, təhqir və böhtanı, insinuasiyanı qarışdıranlar, sosial medianı xaos və dərəbəylik məkanı bilib insanları təhqir edənlər cəzasız qalacaqlarını düşünürlərsə, səhv edirlər. Hər kəs zamanı gələndə layiq olduğu cəzasına çatacaq.

lll

Kreativliklə düşüklüyün arası bir addımdır. Alınmadısa, sürüşüb düşürsən ora.

lll

Əbülhəsən Məmmədov 697 bal toplayıb. Bakı Ali Neft Məktəbinə qəbul olub. Həm də futbolçudur. "Zirə" FK-da oynayır. Adətən orta məktəbdə idmanla məşğul olanlar dərslərinə fikir vermir. Əbülhəsən istisnadır. Təbrik edirik.

Məşhur futbolçuya da bənzəyir...

lll

Tanınmış sənət adamları, nüfuzlu mədəniyyət və incəsənət xadimləri haqqında, xüsusilə də onların səhhəti ilə bağlı fürsət düşən kimi nəsə yazmaq, dəqiq olmayan məlumatları dərhal ictimailəşdirmək həm o insanların özlərinin, həm də onların doğmalarının, sevənlərinin psixologiyasına mənfi təsir göstərir. Təəssüf ki, son illər bu hallarla tez-tez rastlaşırıq.

İndi də sevimli Xalq artistimiz, Azərbaycan kinosunun canlı klassiklərindən biri Rasim Balayevin guya xəstəxanaya yerləşdirilməsi barədə həqiqətdən uzaq xəbər yayıldığının şahidi olduq. Rasim müəllim ayağındakı problemə görə fizioterapiya kursuna gedir və şükürlər olsun ki, vəziyyəti yaxşıdır, əndişələnməyə heç bir əsas yoxdur.

Media təmsilçilərindən, sosial şəbəkə istifadəçilərindən bir daha xahiş edirik ki, ictimai rəydə nüfuz sahibi olan insanlarla bağlı bu tipli məlumatlar yayarkən maksimum dərəcədə həssas davranmağa çalışsınlar. Əgər belə xəbərlər qəsdən, qərəzli niyyətlə yayılırsa bunun bəraəti yoxdur. İnsan olaq!

lll

Zaman amansızdır!

Həm də sürətinə görə.

lll

Məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı ilə bağlı mövzu son günlər sosial şəbəkələrdə fərqli mövqelərdən müzakirə olunur. Təfərrüatlara varmaq istəməzdim, amma əslində, buna müzakirə yox, hiddət və qəzəb yağışı demək daha uyğundur. Hər bir halda, ortada təəssüf doğuran mənzərə var.

Mətbuat Şurası olaraq bu durum davamlı diqqətimizdədir. Bununla bağlı profilaktik söhbətlər aparmışıq. Sırf "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları" prizmasından izah etmişik ki, insanları dininə, dilinə, irqinə, yaşadığı yerə görə hansısa formada fərqləndirmək yolverilməzdir. Onu da bildirmişik ki, media nümayəndəsi, informasiya yayıcılığı ilə məşğul şəxs təqdimatlarında həssas olmalı, cəmiyyətdə bölücülük yarada biləcək fikir və ifadələrin işlədilməsindən çəkinməlidir. Sevindirici haldır ki, media subyektlərimiz əksərən belə məsələlərdə xeyli ehtiyatlıdırlar, deməli, həm də peşəkar davranırlar.

Mətbuat Şurası onun da fərqindədir ki, insanlarımız arasında bölücülük yaratmaq mahiyyəti daşıyan təqdimatlar bir çox hallarda bu işlə məqsədli şəkildə məşğul olan qüvvələrə "mövzu" qazandırır. Son günlər bəzi sosial şəbəkə, xüsusən, Tik-Tok paylaşımlarına diqqət yetirəndə bu meyili də görürük. Sanki kimlərsə pusquda dayanıb kiminsə nəsə deməsini gözləyirlər ki, qığılcımı böyük alova çevirsinlər. Belələri əllərinə düşən hər fürsətdə 44 günlük müharibədəki Zəfərimizi, doğma el-obamıza sahiblənmək əzmimizi heçə saymağa çalışır, böyük və qüdrətli xalqı "kiçik toplum, xırda qövm" kimi təqdim etmək mərəzlərini işə salırlar.

Bütün bunlara görə media təmsilçilərindən, müstəqil jurnalistlərdən, ümumən cəmiyyətə informasiya verən, özünü informasiya yayıcılığına mükəlləf sayan şəxslərdən dilə gətirdikləri hər sözə və fikrə məsuliyyətlə yanaşmalarını xahiş edirəm. Onlar unutmamalıdırlar ki, daşıdıqları və dərk etməli olduqları məsuliyyət ölkəmizin firavanlığı, cəmiyyətimizdə dinc və birgə yaşam qaydalarının toxunulmazlığı, ictimai və sosial düzənin sabitliyi, böyük anlamda isə Vətənimizin inkişafı baxımından son dərəcə vacibdir.

Bir məqamı da qeyd edim ki, ümumən informasiya mühitimizdə son günlər müşahidə olunan və haqqında söz açdığımız xoşagəlməz halların ictimai müstəvidən kənar dəyərləndirilməli tərəfləri də var. Yəni kimsə özünün kütləyə ünvanlanmış çıxışında, yaxud geniş ictimaiyyətə xitab mahiyyəti daşıyan açıqlamasında insanlarımız arasında bölücülük, nifaq yaradırsa, məsələ, eyni zamanda, hüquqi aspektdən qiymətləndirilmək üçün də açıqdır. Çox istərdim ki, bu amil ciddi şəkildə nəzərə alınsın.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
525.az

1Mənbələr