AZ

Xəyanətə görə yaddaşını itirən “detektiv kraliçası”- O, əsərlərində hansı xalqları alçaltmışdı?

Kulis.az Günel Mehrinin tanınmış yazıçı Əlibala Hacızadənin 90 illiyinə həsr etdiyi "Eşqin tərifini verən yazıçı" yazısını təqdim edir.

Şərq kişisi üçün ən çətini öz eşqini izhar etməkdir. Anasına, bacısına, övladına, ən çox da sevdiyi qadına. Bu mənada şairlər aşiqlərin dadına çatır. Çünki ən utancaq şair də vərəqlərin bəyaz sükutu qarşısında rahatlaşır və duyğularını asanlıqla kağıza köçürür. Çünki şeir - duyğuların çılpaq ifadəsidir. Poeziyada nəsrdən daha önəmlidir səmimiyyət. Və yalnız mayasında səmimiyyət olan eşq namələri ilk ünvanından qopub dillərə düşür və bir partanın üstündə, bəlkə də bir statusda, ya tələsik göndərilmiş mesajda ürkək etiraflara tökülür...

***

Bilməm nədən belə doğmasan mənə
Bir belə qohumun, yadın içində?
Tək sənin adını yazmışam, gülüm,
Qəlbimə min gözəl adın içində...

Amma ütülü bir qələmdən çıxan misralar eşqin tərifini verə bilməz axı. Şair gərək sevgi sözlərini ürkütməsin, ehmalca tozunu silib, incə-incə sapa düzsün. Əlibala Hacızadə, necə deyərlər, bu işin ustası idi. O, əksər şeirlərində“gülüm” deyə xitab etdiyi qadına öz sevgisini müxtəlif variantlarda dilə gətirməkdən yorulmurdu. Və yəqin ki, içində bir alov kimi çağlayan sevgini ötürə bildiyi üçün onun qələmi bu qədər sevilib seçilir həm öz zamanında, həm də müasir günümüzdə...

***

Gül nəfəsin gül qoxuyur, ay gülüm,
De gül nədir, çiçək nədir yanında.
Bu dünyada mələkdən də gözəlsən,
Huri nədir, mələk nədir yanında..
.

Bəlkə də indiki gənclər bu misraları internetin ucsuz-bucaqsız ənginliklərində oxuduqda ya dinlədikdə müəllifin kim olduğunu bilmir. Bəlkə də Əlibala Hacızadə adı onlara tanış deyil. Amma şairin sözünün sehri qəlbləri riqqətə gətirir, istər şeirlərdə, istərsə də mahnılarda. Çünki doğmadır, inandırıcıdır. Hər misrasında bir ürək titrəyişi, bir duyğunun dadı var...

***

Nurdan yaranmısan, nurdu baxışın,
Ulduzlar göylərə gözündən düşüb.
Sevən ürəyimə bu atəş, bu od,
Sevən ürəyinin gözündən düşüb...

Xatirimə gəlir ki, ötən əsrin 90-cı illərində Əlibala Hacızadə misraları artıq nəğmələrə köçmüşdü. Zaman-zaman müğənnilərin ifalarında eşidilir, uğurlu nəğmə ömrünü yaşayırdı. Həmişə deyirəm, şeirləri yaddaşlara köçən şairlər əbədi ömür qazanır. Gör bir neçə ildir, Əlibala müəllim başqa dünyanın sakinidir. Amma könüllərdə əbədi taxt qurub. Və tək şeirləri ilə deyil. Kitabsvərlər bilir, doğulduğu Biləsuvar rayonundan Bakıya köçdükdən sonra bütün ömrü boyu əsl ədəbiyyat fədaisi kimi yaşayan şairin əsərləri sovet dönəmində əl-əl gəzirdi. O zamanlar Bakıda şəxsikitabxanası olan elə bir ev yox idi ki, Əlibala Hacızadənin romanları oranı bəzəməsin. Onun “Təyyarə kölgəsi”,“Əfsanəsiz illər”, “Vəfalım mənim”, “Ayrılığın sonu yoxmuş” və digər romanları olduqca populyar idi. Çoxlarına efirdən tanış olan “İtkin gəlin” trilogiyası isə Azərbaycan televiziya tarixində reallaşdırılan ilk seriallardan biri kimi yaddaşlarda qalıb. Amma şairin həyat yolu heç də asan keçməmişdi. Uğurlar çoxaldıqca çətinliklər də artırdı. Belə ki, Əlibala müəllim zamanında çox təzyiqlərlə üzləşmiş, çox tənqidlərə tuş gəlmişdi, amma heç nə onun ədəbiyata olan sevgisini tükəndirə bilməmiş, soyutmamışdı.

***
Ölüm bu dünyanın o üzündədi,
Bu üzü dünyanın güldü, çiçəkdi.
Ölməzlik məhəbbət zirvəsindədi,
Məhəbbət əbədi ömür deməkdi.

Bu il şair, nasir Əlibala Hacızadənin 90 illiyidir. Hiss edirəm ki, qızı Asya Hacızadə atasının yubiley tədbiri ilə bağlı bərk həyəcan keçirir. Yeri gəlmişkən, Asya xanım sələfinin yolunu bir qədər başqa istiqamətdə davam etdirmiş Əməkdar jurnalistdir. Vaxtilə ölkə başçısı Heydər Əliyevi xarici səfərlərdə müşayiət edən jurnalistlər qrupunun bir nümayəndəsi kimi, ölkənin siyasi mənzərəsini qəzet səhifələrinə köçürərdi. Söhbət əsnasında deyirəm:

– Asya xanım, bəlkə, mən də bir yazı yazdım atanızla bağlı.

– Konkret olaraq nədən yazmaq istəyirsən?

– Yaddaşımın diqtə etdiklərindən...

– Bilirsənmi, atamın bir sevgi düsturu vardı. Deyirdi, sevilmək istəyirsənsə, sev. Bəlkə bunu da qeyd edəsən?
Hmm... Bütün təsadüflər zərurətdən doğur axı. Bu nə qəribə təsadüf? Aylardır, votsapdakı profil fotomun altında eyni cümləni yazmışam. Amma latınca: “Si vis amari, ama” ...

Seçilən
14
kulis.az

1Mənbələr