AZ

Reabilitasiya, yoxsa şou? Belə qurtuluş olmur!

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Son vaxtlar sosial şəbəkələrdə əsasən narkomaniya və qumar asılılığından əziyyət çəkən insanların videolarını açıq şəkildə paylaşan özəl reabilitasiya mərkəzlərinin sayı artır. Xüsusilə tanınmış şəxslərin müalicəsi “həyatları dəyişir”, “qurtuluşa doğru” kimi pafoslu başlıqlarla təqdim edilir. Bu görüntülər isə nə onların yaxınları, nə də ictimaiyyət tərəfindən birmənalı qarşılanır.

Əvvəlcə onu deyək ki, reabilitasiya mərkəzlərinin çoxalması müsbət haldır. Əgər hansısa asılılıqdan əziyyət çəkən şəxsin yenidən cəmiyyətə qaytarılması üçün çalışırsınızsa, bu, xüsusilə təqdirəlayiqdir. Bu gün keyfiyyətli reabilitasiya nəticəsində yenidən cəmiyyətə qayıdanlar da kifayət qədərdir. Bu həm ailələr, həm də sosial mühitə təsir edir.

Təəssüf ki, sayları artdıqca xəstələrdən sadəcə istifadə edərək özlərini “ən yaxşı” kimi təqdim etmək istəyən müəssisələr də peyda olur.

Bəs müalicə adı ilə bir vaxtlar tanınmış olan jurnalistlər - Nəsimi Nəbizadə və Ceyhun Əsgərovun ən həssas anlarını reklam vasitəsinə çevirmək normaldırmı? Vallah belə qurtuluş olmur...

Bəli, reklam da lazımdır. Amma hansısa xəstənin üzərindən xal yığmaqla yox! Bu, nəinki etikaya sığmır, şəxsi məlumatların qorunması baxımından da yolverilməzdir. Əgər insanlar xəstəliklə mübarizə aparırlarsa, onların pis vəziyyətini hər kəsə göstərmək, əksinə, sağalma proseslərinə və cəmiyyətə qayıdışlarına mane ola bilər. Tutaq ki, narkomaniyadan əziyyət çəkən birinin düşdüyü vəziyyəti yalnız ətrafındakılar bilirdisə, indi onu çəkib milyonlarla insanın qarşısında nümayiş etdirirlər.

Reabilitasiya mərkəzlərinin əsas vəzifəsi nədir?

Asılılıqdan qurtulmaq istəyən insanlara tibbi və psixoloji yardım göstərmək, onları travmadan və pis mühitdən uzaqlaşdırmaq və yenidən cəmiyyətə qaytarmaq. Oradakı xəstələrin ehtiyacı olan reklam deyil, məhz bunlardır.

“13-cü addım” lazım deyil…

Maraqlıdır ki, özəl reabilitasiya mərkəzlərinin çoxunu yaradanların özləri də bir vaxtlar müxtəlif asılılıqlardan əziyyət çəkiblər. O zaman belə bir sual yaranır: Həmin vəziyyətinizlə “TikTok”da, instaqramda reklam predmeti olmağa razılıq verərdinizmi? Özünüzü onların yerinə qoyun demirik, sadəcə xatırlayın deyirik.

Biz səhərdən-axşamadək özünü “ən yaxşı” kimi təqdim edən bəzi reabilitasiya mərkəzlərində xəstələrə necə işgəncələr verildiyini də görmüşük. Eyni zamanda, Novxanıda, yaxud Mərdəkanda tanınmayan bir mərkəzdə insanların sakitcə müalicə alaraq cəmiyyətə uyğunlaşmasının da şahidi olmuşuq. Odur ki, hansısa xəstənin populyarlığından istifadə edib reklam toplamaqdansa, öz işinizə daha çox vaxt ayırsanız, həm xəstələr, həm də cəmiyyət üçün daha faydalı olar.

Görünən odur ki, hazırkı vəziyyət reabilitasiya mərkəzlərinə daha ciddi nəzarət tələb edir. Bu sahə üçün etik normalar və reklam qaydaları dəqiq müəyyənləşdirilməli, xəstələrin məxfiliyi tam qorunmalıdır. Əks halda, həm xəstələr, həm də onların yaxınları reabilitasiya mərkəzlərindən üz döndərə bilərlər. 

Sail Ağasəlim

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
3
qafqazinfo.az

5Mənbələr