AZ

Xankəndidəki hadisə Ermənistan və Azərbaycan arasında sülh prosesinə ciddi təsir göstərməməlidir

Azxeber.com saytından verilən məlumata görə, ain.az xəbər verir.

Dünən Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Karen Avanesyan qabaqcadan gizlətdiyi "Kalaşnikov" avtomatını və ona aid patronla dolu 4 sandıqcanı,  eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. Sözügedən erməni bir müddət öncə "mən azərbaycanlıyam" deməsi ilə gündəmə gəlmişdi. Ötən il bu açıqlama ilə diqqət çəkən erməni əsilli sakinin belə bir təxribat törətməsi suallar doğurur. Eyni zamanda, Belə bir insident birgəyaşayış mühitinin həssaslığını bir daha gündəmə gətirir. Sual yaranır ki, əgər müxtəlif etnik qrupların birgəyaşayışı təmin olunarsa, gələcəkdə vəziyyət necə olacaq və hansı addımlar atılacaq? 

Milli Məclisin deputatı Tural Gəncəliyev AZXEBER.COM-a söyləyib ki, Xankəndi şəhərində yaşayan erməni əsilli şəxsin törətdiyi hadisə bütün şəhər sakinlərini və ümumilikdə hamımızı təəccübləndirib:

"Çünki Xankəndi şəhərində erməni əsilli sakinlərin azərbaycanlılarla birgə yaşaması dövlətimizin, xalqımızın nə qədər tolerant və müdrik olduğunu göstərir. Ancaq bu tolerantlıqdan və qonaqpərvərliyimizdən istifadə edərək, həmin şəxs gizlətdiyi silahları götürərək vətəndaşlara və hüquq-mühafizə orqanlarına qarşı terror törətmək istəyirdi ki, bu da hamımız üçün şok oldu.

Mən hesab edirəm ki, bu şəxsin hərəkətləri Azərbaycan qanunları çərçivəsində tam şəkildə araşdırılacaq və o, qanun qarşısında məsuliyyətə cəlb olunacaq. Bu xoşa gələn hal deyil, xüsusilə nəzərə almaq lazımdır ki, hazırda Xankəndi şəhərində rifah və sülh hökm sürür. Azərbaycanlıların tolerant münasibəti və orada birgə yaşama təcrübəsi açıq şəkildə görünür. İstintaq müəyyən edəcək ki, bu şəxsin niyyətləri nə olub və hansı motivlərlə hərəkət edib”.

Parlamentari deyib ki, bu hadisə Ermənistan və Azərbaycan arasında sülh prosesinə ciddi təsir göstərməməlidir:

"Ermənistandakı revanşistlər belə insidentlərdən istifadə edərək öz tərəfdarlarını çağırış edə bilərlər. Buna görə də Ermənistan rəhbərliyi sülh prosesinə məsuliyyətlə yanaşmalı və gələcəkdə sülhün əldə edilməsinə nail olmalıdır. Bundan sonra Cənubi Qafqazda heç bir revanşist qrupların belə hallardan istifadə etməsi üçün imkan qalmamalıdır. Hazırda insident artıq neytrallaşdırılıb və hüquq-mühafizə orqanlarının məsuliyyətli davranışı nəticəsində qarşısı alınıb. Biz revanşistlərə, erməni diasporuna, erməni kilsəsinə və anti-Azərbaycan yönümlü qruplara bu kimi hadisələrdən istifadə etmək imkanı verməməliyik. Mən hesab etmirəm ki, bu hadisə sülh prosesinə ciddi təsir göstərə bilər. Təəssüf ki, xalqımızın və dövlətimizin tolerant yanaşmasından sui-istifadə etmək mümkün olmayacaq. 44 günlük müharibə və 2023-cü ildə həyata keçirilmiş anti-terror tədbirləri göstərdi ki, ordumuz mülki sakinlərə zərər vermədən yalnız hərbi obyektləri və qanunsuz silahlı qrupları hədəf alır. Anti-Azərbaycan qrupları üçün bu bir nümunə olmalıdır ki, Azərbaycan dövləti güclüdür, müdrikdir və sülh gündəminə sadiqdir”.

Şahanə Ziyad

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
azxeber.com

1Mənbələr