AZ

Dövlət suverenliyi Azərbaycan xalqının milli iradəsinin təntənəsi

Azərbaycan dövlətçiliyinin əsasında xalqın azadlıq arzusu, milli birliyi və müstəqillik uğrunda göstərdiyi qətiyyət dayanır. Tarixi inkişaf prosesinə nəzər saldıqda görürük ki, Azərbaycan xalqı əsrlər boyu müxtəlif sınaqlarla qarşılaşsa da, dövlətçilik idealına sədaqətini heç vaxt itirməmişdir. Bugünkü möhkəm dövlətimizin ən mühüm təməl prinsiplərindən biri olan suverenlik məhz həmin əzmin nəticəsidir. 20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan tarixində yalnız bir tarixi hadisənin deyil, bütöv bir dövrün, xalqımızın milli iradəsinin simvoludur. Bu gün hər bir azərbaycanlının qəlbində qürur, milli iftixar və dövlətçilik sevgisi oyadır. Suverenlik anlayışı dövlətin daxili və xarici siyasətdə müstəqilliyini, başqa dövlətlərin təsirindən asılı olmamasını ifadə edir. Bu, xalqın öz taleyinə sahib çıxması, hüquq və azadlıqlarını qoruması, milli kimliyini inkişaf etdirməsi üçün əsas şərtdir. Azərbaycan xalqı tarixi boyunca dövlətçilik ənənələrini qoruyub saxlamışdır. Qədim dövrlərdən müasir dövrədək müxtəlif imperiyaların hakimiyyəti altında olsa da, xalqımız milli iradəsini heç vaxt itirməmiş, azadlıq ideallarını nəsildən-nəslə ötürmüşdür. XX əsrin əvvəllərində yaranan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın ilk müstəqil dövlət təcrübəsi idi. Həmin dövlət cəmi 23 ay yaşasa da, müstəqillik ideyası Azərbaycan xalqının yaddaşında əbədi qaldı. 1991-ci ildə dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycan böyük sınaqlarla üz-üzə qaldı. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olundu, yüz minlərlə soydaşımız doğma yurd-yuvasından didərgin düşdü. Lakin Azərbaycan xalqı heç vaxt dövlət müstəqilliyi uğrunda mübarizədən əl çəkmədi. 1990-cı illərin sonlarından etibarən ölkədə siyasi sabitlik təmin olundu, iqtisadi inkişaf başladı, ordumuz gücləndi. Bütün bunlar gələcək qələbələrin bünövrəsini qoydu. 2020-ci ildə Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində tarixi Zəfər qazandı. İşğal altında olan torpaqlarımızın böyük hissəsi azad edildi, düşmənin ordusu darmadağın edildi. Bu qələbə Azərbaycan xalqının milli birliyinin, dövlətin siyasi iradəsinin və ordumuzun gücünün parlaq göstəricisi idi. Müharibədən sonra da ölkəmiz qarşısında mühüm vəzifələr qaldı. Qarabağda fəaliyyət göstərən separatçı qüvvələr Azərbaycanın suverenliyinə təhdid yaradırdı. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində bu təhlükəyə son qoyuldu. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyatla qondarma rejim ləğv edildi və Azərbaycanın suverenliyi bütün ərazilər üzrə tam təmin olundu. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi bu tarixi hadisələrin rəsmi təsdiqidir. Bu qərar xalqımızın onilliklər boyu davam edən mübarizəsinin nəticəsini əks etdirir və gələcək nəsillərə dövlətçilik dərsi verir. Bundan əlavə, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması Azərbaycanın müasir tarixində mühüm hadisədir. Bu il ərzində dövlət suverenliyi ilə bağlı tədbirlər, maarifləndirici layihələr həyata keçirilir, gənc nəslin milli ruhda tərbiyəsi gücləndirilir. Azərbaycanın suverenliyi yalnız hərbi-siyasi anlam daşımır. Bu, həm də ölkəmizin beynəlxalq münasibətlərdə müstəqil mövqe tutması, regional əməkdaşlıqda təşəbbüskar olması, iqtisadi inkişafını təmin etməsi deməkdir. Bu gün Azərbaycan dünya birliyində etibarlı tərəfdaş kimi tanınır, qlobal miqyasda mühüm layihələr həyata keçirir. Tam suverenlik şəraitində ölkəmizin qarşısında yeni imkanlar açılır. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, yeni kommunikasiya layihələri Azərbaycanın gələcək inkişafına xidmət edir. Azərbaycan xalqı dövlət suverenliyini qorumaq üçün hər zaman bir yumruq kimi birləşmişdir. Qələbələrimiz, əldə etdiyimiz tarixi nailiyyətlər xalqımızın birliyinin gücündən qaynaqlanır. Bu gün də hər bir vətəndaş dövlətin suverenliyinin möhkəmlənməsinə öz töhfəsini vermək məsuliyyətini daşıyır. Dövlət suverenliyi həm də şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı bahasına əldə olunmuş müqəddəs dəyərdir. Ona görə də bu sərvəti qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur. 20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan xalqının milli iradəsinin təntənəsi, dövlətçilik yolunda əldə etdiyi ən böyük nailiyyətlərdən biridir. Bu gün yalnız keçmişin xatırlanması deyil, həm də gələcəyə inamla baxışın ifadəsidir. Azərbaycan bundan sonra da öz suverenliyini daim qoruyacaq, möhkəmləndirəcək və müstəqil inkişaf yolunda yeni uğurlar qazanacaqdır.

Şahin Seyidzadə

Milli Məclisin deputatı

Seçilən
15
sabahinfo.az

1Mənbələr