AZ

ADAU-da Bilik Günü münasibətilə tədbir təşkil olunub

Gəncə, 15 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Bilik Günü münasibətilə tədbir təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Dövlət Aqrar Kollecində keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Universitetin rektoru Zəfər Qurbanov professor-müəllim və tələbə kollektivini Bilik Günü münasibətilə təbrik edərək, yeni dərs ilinin həm müəllimlər, həm də tələbələr üçün uğurlu və məhsuldar olmasını diləyib. Rektor bildirib ki, bu il universitetə tələbə qəbulu 98% təşkil edib.

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov çıxışında diqqətə çatdırıb ki, dövlətin təhsilə qayğısı nəticəsində ADAU-nun maddi-texniki bazası hər il daha da gücləndirilir. Nazir müavini ali təhsil müəssisəsinə yeni qəbul olan tələbələri təbrik edib, onları gələcəyin dayanıqlı kənd təsərrüfatı mütəxəssisi olmaları yolunda uğurlar arzulayıb.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov da çıxış edərək müəllim və tələbə kollektivinə təbrikini çatdırıb.

Sonra universitetin I kurs tələbəsi Aysu Həsənova çıxış edib. O, ADAU-da keyfiyyətli tədris, peşəkar müəllim kollektivi və geniş təcrübə imkanlarının onun seçimində üstünlük verdiyi əsas amillərdən biri olduğunu bildirib.

Sonda yüksək bal toplayan bir qrup tələbəyə qiymətli hədiyyələr və tələbə biletləri təqdim olunub.

Seçilən
28
38
azertag.az

10Mənbələr