AZ

Kamran Eyyubov bu səhvi edən idarəçini klubdan QOVACAQMI?

Premyer Liqasının IV turunda "Sumqayıt"ı məğlub edən "İmişli"yə texniki məğlubiyyət veriləcək.
Buna səbəb adı protokolda olmayan futbolçunun meydana girməsidir.
İbrahim Əliyev görüşün 67-ci dəqiqəsində Ezekiel Morqanın yerinə yaşıl sahəyə çıxıb.
Qarşılaşma "İmişli"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
72-ci dəqiqədə "gənclik şəhəri" təmsilçisinin qapıçısı Mehdi Cənnətov avtoqol müəllifi olub.
“Hazırda məsələni araşdırırıq, necə baş verdiyini, nədən qaynaqlandığını öyrənirik. Tam dəqiq araşdırdıqdan sonra bu barədə məlumat verə bilərik”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “İmişli”nin mətbuat xidmətinin rəhbəri Leyla Behbudlu deyib.
Klub rəsmisi İbrahim Əliyevin adı iştirak ərizəsinə daxil edilmədən meydana buraxılmasına görə məsuliyyət daşıyan şəxsi hansı cəzanın gözlədiyi barədə suala belə cavab verib: “Təbii ki, bu qayda pozuntusuna görə cəza olacaq. Hər kimdirsə, kimliyindən asılı olmayaraq cəzalandırılacaq. Amma bu cəzanın hansı formada olacağını rəhbərlik müəyyən edəcək”.
Saytımıza daxil olan məlumata görə, səhlənkarlığa yol verən şəxs Aqşin Mürsəlovdur. İcraçı direktor vəzifəsini yerinə yetirən şəxs, sən demə, protokolu Peşəkar Futbol Liqasının yaratdığı onlayn oyun sisteminə özü yükləyibmiş. Bu, onun yeni «iş»i deyilmiş. O, komandanın I Liqada çıxış etdiyi əvvəlki mövsümlərdə də belə edirmiş.
İndi isə Mürsəlov yanlışın yalnız onda olmadığını fikirləşir. Funksioner məşqçi və inzibatçıların da çaşqınlığa yol verməsi qənaətindədir.
Bununla bağlı «İmişli»də iclas keçirilib. İdarə Heyətinin sədri Kamran Eyyubov icraçı direktora və digər şəxslərə sərt narazılığını bildirib. Komandanın 1:0-lıq qələbəsinin bu şəkildə texniki məğlubiyyətə çevrilməsinin yolverilməz hal olduğunu, günahkarları cəzalandıracağını söyləyib. Hətta Eyyubovun Mürsəlovun ünvanına ironiya bəzi ifadələr işlətdiyi deyilir.
Adıçəkilən idarəçinin görəvdən aldınması gözlənilir? Hələlik belə bir məlumat yoxdur. Böyük ehtimalla, ona şiddətli töhmət veriləcək, maaşından böyük miqdarda cərimə tutulacaq.
SPORTİNFO.AZ

Seçilən
23
sportinfo.az

1Mənbələr