Böyük Britaniyanın Baş naziri və Leyboristlər Partiyasının lideri Kir Starmer Britaniyanın ABŞ-dakı səfiri Piter Mandelsonun vəzifədən azad edilməsinə görə partiya daxilində ciddi təzyiqlərlə üzləşib.
“İki sahil” BBC-yə istinadla xəbər verir ki, P. Mandelsonun adı cinsi cinayətlərə görə məhkum olunmuş və sonradan həbsxanada intihar edən milyarder Cefri Epşteynlə əlaqələrinə dair məktublarda hallanıb. Bunun ardınca hökumət onu vəzifəsindən uzaqlaşdırıb. Baş nazirin qərarı Leyboristlər Partiyasının bəzi üzvlərinin, həm açıq, həm də qapalı şəkildə narazılıqlarına səbəb olub. Kir Starmer bu həftə dövlət səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampı Londonda qarşılamağa hazırlaşsa da partiya daxilində gərginlik artır.
Leyboristlər Partiyasından millət vəkili Riçard Burqon “BBC Radio 4”ə açıqlamasında deyib ki, əgər may ayında Şotlandiya, Uels və İngiltərənin bir sıra bölgələrində keçiriləcək seçkilərdə Leyboristlər gözlənildiyi kimi zəif nəticə göstərsə, K. Starmer gedəcək. Bu qalmaqalın Ancela Reynerin Baş nazirin müavini postundan istefasından dərhal sonra baş verməsi isə partiya daxilində narazılıqları daha da gücləndirib.