AZ

"Antiterror əməliyyatı hamıya dərs oldu" - İlham Əliyev

"Biz heç vaxt müharibə istəməmişik və mən 17 il Ermənistan rəhbərləri ilə danışıqlar aparmışam".


Manset.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüş zamanı deyib.

"Onları inandırmağa çalışmışam ki, əgər siz öz xoşunuzla torpağımızdan çıxmasanız, müharibə qaçılmazdır. Amma onlar hesab edirdilər ki, bu olmayacaq. Hesab edirdilər ki, onların arxasında duran böyük dövlətlər, güclər, onlara silah verən, pul verən, siyasi dəstək verən onları hər dəfə, hər zaman qoruyacaq. Amma bizim iradəmizi düzgün hesablaya bilməmişdilər. Amma mən dəfələrlə onlara demişdim ki, öz xoşunuzla çıxın. Hətta İkinci Qarabağ müharibəsindən sonra, artıq bizim şanlı Zəfərimizdən sonra, Şuşanın azad olunmasından sonra onlara deyirdim ki, Azərbaycanda separatçılığa yer yoxdur. Gəlin, Azərbaycan qanunlarına tabe olun, gəlin, Azərbaycan vətəndaşlığını qəbul edin və burada yaşayın, sizə söz deyən olmayacaq. Yenə də bizə qarşı həm hərbi təxribatlar, həm siyasi təxribatlar, yekəxanalıq və faktiki olaraq, mənfi münasibət özünü göstərdi. Ona görə 19-20 sentyabr antiterror əməliyyatı onlara dərs oldu və hamıya dərs oldu. Cəmi bir neçə saat davam edən hərbi əməliyyat separatçıların kökünü kəsdi və onların ümid bağladıqları yerlər də səssiz qaldı. Çünki Azərbaycan Ordusu qarşısında heç kim dura bilməzdi, Azərbaycan xalqı qarşısında heç kim dura bilməzdi, ona görə ki, biz haqlıyıq. Bu gün haqlı olduğumuzu bir daha burada sübut edirik. Onlar şəhər və kəndlərimizi yerlə-yeksan etmişdilər, biz isə qurub-yaradırıq", - dövlət başçısı vurğulayıb.

Seçilən
14
17
manset.az

10Mənbələr