AZ

Suveren Azərbaycan dövləti inkişafının yeni mərhələsində

İstənilən xalq üçün müstəqil, suveren dövlətini yaratmaq və onu inkişaf etdirmək ən böyük nailiyyətdir. Ərazi, əhali və siyasi hakimiyyət kimi əsas atributları özündə ehtiva edən hər hansı siyasi varlığın dövlət olması üçün suverenlik, müstəqillik xüsusiyyətinə malik olması vacib şərtdir. Suverenlik istənilən dövlətin mövcudluğunun və davamlı inkişafının ilkin və əsas şərti qismində çıxış edir.

Xalqımız və dövlətimizin ağır zamanda Ulu öndər Heydər Əliyev doğma Azərbaycanı xilas etmək naminə misilsiz fədakarlıq göstərmiş, ölkəmizi ictimai-siyasi pərakəndəlik və anarxiyadan xilas etmişdir. Bununla da, ictimai və siyasi həyatın bir çox sahələrində müşahidə olunan dərin tənəzzülün qarşısı alınmış, dövlətin dayanıqlı və davamlı inkişaf yolu müəyyən edilmişdir.

Ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən müdrik və uzaqgörən siyasət nəticəsində milli dövlətçilik ideyası realizə olundu, müasir müstəqil Azərbaycan dövləti möhkəmləndi. Dövlətimiz dahi liderinin rəhbərliyi altında tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Dövlət və cəmiyyət həyatının bir çox sahələrini əhatə edən irimiqyaslı islahatların həyata keçirilməsinə başlandı. Ümummilli lider Heydər Əliyev ölkə daxilində siyasi sabitliyin təmin edilməsi, sosial-iqtisadi quruculuq sahəsində prioritetlərin müəyyən edilməsi, kompleks xarakterli islahatların həyata keçirilməsinə əsas yaradan qanunvericilik bazasının yenidən hazırlanması və digər bir sıra mühüm vəzifələrin öhdəsindən məharətlə gəldi.

Tarixə qısaca nəzər salsaq, görərik ki, müstəqil və suveren ölkədə yaşamaq hər bir vətəndaşa nəsib olmur. Ölkəmiz Azərbaycan tarix boyu ən ağır cinayətlərə və işğallara məruz qalıb. Azərbaycan 30 ildən artıq müharibə şəraitində yaşayaraq torpaqları işğal altında qalan, suverenliyi və ərazi bütövlüyü pozulan ölkə olmasına baxmayaraq, mübarizə əzmi qırılmayan və daim inkişaf edən bir ölkəyə çevrilib.

2020-ci ildə Vətən müharibəsində əldə edilən Zəfərdən sonra bir daha şahid olduq ki, 30 ildən sonra şəhidlərin qanı yerdə qalmadı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən üzərində möhtəşəm Qələbə qazandı. Xalq öz Prezidentinin ətrafında yumruq kimi sıx birləşdi və öz suverenliyini bir daha bərpa etdi. Azərbaycan bütün dünyaya öz gücünü, birliyini, suveren olmaq istəyini yenidən bəyan etdi.

Bu gün artıq müstəqil, suveren Azərbaycan dövləti inkişafının yeni mərhələsində ərazi bötövlüyünü, suverenliyini qoruyan, tam təmin edən bir ölkəyə çevrilib. Müharibədən sonra işğaldan azad edilmiş torpaqlarda aparılan islahatlar, bərpa, yenidənqurma işləri, həyat və yaşayış üçün ən ümdə məsələ olan yeni infrastrukturun qurulması, həyata keçirilən digər hüquqi islahatlar və dövlət tərəfindən atılan digər bu kimi müsbət addımlar ölkənin getdikcə artan iqtisadi uğurundan xəbər verir.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri

Seçilən
33
1
yeniazerbaycan.com

2Mənbələr