AZ

Rüşvətdə günahlandırılan vəzifəli şəxslərlə bağlı protest qismən təmin edildi

Ali Məhkəmədə Bərdə Peşə Liseyinin direktoru Şamil Şükürov və liseyin baş mühasibi Elman Əhmədovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və kassasiya şikayətinin detalları məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı kassasiya protestində göstərilib ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2025-ci il tarixli qərarı ləğv olunmalı və iş yenidən baxılmalıdır.


Protest müəllifinin fikrincə, apelyasiya instansiyası məhkəməsinin 12 fevral 2025-ci il tarixli qərarı “Binəqədi Rayon Məhkəməsinin 2021-ci il tarixli qərarının ləğv edilməsi və təqsirləndirilən şəxs Şamil Şükürova məxsus Bərdə rayonu, Əliyanlı kəndində yerləşən 27 234 manat dəyərində 0,10 ha və 3162 manat dəyərində 0,17 ha torpaq sahələrinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair” hissədə əsassız və qanunsuzdur. Belə ki, məhkəmənin qənaətinə görə Binəqədi rayon məhkəməsinin 2021-ci il tarixli qərarına əsasən təqsirləndirilən şəxsə məxsus üzərinə həbs qoyulmuş Bərdə rayonu, Əliyanlı kəndində yerləşən sözügedən torpaq sahələrinin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər hesabına əldə etdiyi müəyyən edilməmişdir


Təqsirləndirilən şəxslər isə kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin 12 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsini və onların barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsini xahiş edinlər.


Qərara əsasən, Gəncə Apellyasiya Məhkəməsinin qərarı tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.


Qeyd: Bərdə Peşə Liseyinin direktoru Şamil Şükürov və liseyin baş mühasibi Elman Əhmədov 2024-cü il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.Aparılan istintaqla Bərdə Peşə Liseyinin direktoru Şəmil Şükürovun həmin liseyin baş mühasibi Elman Əhmədovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə liseyə 2019-2020 və 2020-2021-ci tədris illərində ödənişsiz əsaslarla qəbul olunmuş 50 nəfərədək şagirdin faktiki olaraq tədris prosesində iştirak etməməsinə şərait yaratmaqla, habelə onların adlarının şagirdlər siyahısında saxlanılması və liseydən xaric olunmamaları müqabilində həmin şagirdlərdən plastik təqaüd kartlarını götürüb ümumilikdə 19 min 700 manat pulu nağdlaşdırdıqdan sonra Elman Əhmədovla aralarında bölərək rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib. Şəmil Şükürov və Elman Əhmədova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (rüşvət alma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilib, Şəmil Şükürov barəsində məhkəmənin qərarı ilə həbs, Elman Əhmədov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxsə şərti cəza verilib. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş ev dustaqlığı və polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilmişdi. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, Şamil Şükürovun müdafiəçisi tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib və ona 6 il 9 ay 5 gün müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Hökmdən Binəqədi Rayon Məhkəməsinin 2021-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş Şamil Şükürova məxsus Bərdə rayonu, Əliyanlı kəndində yerləşən 27,234 manat dəyərində 0,10 ha və 3162 manat dəyərində 0,17 ha torpaq sahələrinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması dair müddəa xaric edilib və qeyd edilən əmlak üzərindən həbs götürülüb. Bildirilib ki, apellyasiya protesti təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Şamil Şükürova təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına tətbiq edilmiş Cinayət Məcəlləsinin (CM) 70-ci (şərti) maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric olunub və o, məhkəmə iclas zalından dərhal həbsə alınıb.


Eyni zamanda Elman Əhmədovun 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına tətbiq edilmiş CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilib və o, məhkəmə iclas zalından dərhal həbsə alınıb.

Kamal Məmmədov 

Tarix: 16 Sentyabr 2025, 08:14   
Seçilən
48
pravda.az

1Mənbələr