AZ

Ohanyan, oha!

Ermənistanın keçmiş müdafiə nazirinin “tövlə təfəkkürü”

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan yenə sərsəmləyib. O Ohanyan ki Azərbaycan xalqına qarşı olmazın qəddarlıqlar törədib. O Seyran ki İrəvanda yox, Bakıda digər erməni hərbi cinayətkarlar kimi, müttəhimlər kürsüsündə oturmalıdır.

Əlbəttə, S.Ohanyan müxalifəti təmsil edir və öz ölkəsində hakimiyyət dəyişikliyindən söz açması, müəyyən mənada, təbii qarşılanmalıdır. Məsələn, o, əks-qütbün baş nazir Nikol Paşinyanla mübarizədəki hansısa siyasi vasitələri barədə danışsa, problem yoxdur. Hərçənd, Ohanyanda belə bir potensial tam istisnadır. Onun potensialının nəyə çatdığını bildirdik. Yazımızın sonunda isə Ermənistan hakimiyyətinin bu məxluq barədə hansı tədbiri görməli olduğunu vurğulayacağıq.

Hələlik Ohanyanın nəyi sərsəmlədiyinə diqqət yetirəcəyik. Amma əvvəlcə Prezident İlham Əliyevin avqustun 27-də Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində vurğuladığı bir məqamı diqqətə çatdıraq: “Vaşinqtonda imzalanan sənədin əhəmiyyəti ondan ibarətdir ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır və gələcək təmaslarını beynəlxalq hüququn bu fundamental tezisi əsasında planlaşdıracaq. Əgər onlar bizim ərazi bütövlüyümüzü tanımaqdan imtina etsələr, biz də onların ərazi bütövlüyünü tanımaqdan imtina edəcəyik. Burada kim qazanacaq, kim uduzacaq? Məncə, bu, ritorik sualdır. Ona görə hesab edirəm ki, Ermənistanın istənilən gələcək hökumətində kifayət qədər müdriklik, ağlabatan yanaşma olacaq ki, Vaşinqtonda razılaşdığımızı şübhə altına almasın. Bir daha qeyd edirəm ki, bu, iki dövlət arasında razılaşmadır. Bu, Paşinyan ilə mənim razılaşmamız deyil”.

Bəli, keçmiş müdafiə naziri hazırkı erməni hökumətinin Azərbaycanla apardığı sülh danışıqlarına və iki ölkə arasında əldə edilmiş razılaşmalara qarşı olduğunu bildirib. “Ermənistanda hakimiyyət dəyişikliyindən sonra sülh müqaviləsi ilə bağlı danışıqlar yenidən aparılacaq”, - deyən Ohanyanın sülh danışıqları barədə hansı cılız təsəvvürə malik olduğunu bilmək üçün 2018-ci ilədək Ermənistanın Azərbaycanla normallaşma prosesində tutduğu manipulyativ yola nəzər salmaq kifayətdir.

Əlqərəz, nəzərə alsaq ki, Ohanyan müxalifətdədir və onun təmsil olunduğu cinah Ermənistanda hakimiyyətə gəlməyi məqsəd seçib, bir anlıq bunun baş verəcəyi təqdirdə yaranacaq durumu təsəvvürə gətirək. Onu da düşünək ki, Ermənistandakı müxalif kəsimin təmsilçilərinin düşüncələri Ohanyanın düşüncəsindən heç nə ilə fərqlənmir. Onlar hələ də “Artsax”, “Artsax” deyərək bağırırlar. Bu bağırtı isə Azərbaycana qarşı ərazi iddiasıdır.

Deməli, adamlarda müdrikliyin heç “m” hərfi də yoxdur. Ağlabatan yanaşma da həmçinin. Amma məsəl var ki, it arabanın kölgəsində yatır, elə bilir öz kölgəsidir. Ermənistandakı parabeyinlərin yanaşmaları da budur. Onlar Azərbaycan üzərində üstünlüyə yiyələnməyin yeganə yolunu Rusiyaya sığınmaqda görürlər. Heç şübhəsiz, Birinci Qarabağ müharibəsində əldə etdikləri üstünlüyün dadı damaqlarında qalıb. O qədər qalıb ki, İkinci Qarabağ müharibəsində Ermənistanın üzləşdiyi rəzil durumu yaddan çıxarıblar.

Rəzillikdən söz düşmüşkən, elə Ohanyanın özünü götürək. Bu məxluq, guya ki, Şuşanı müdafiə edəcəkdi. Azərbaycan əsgəri şəhərə daxil olar-olmaz yaralı cəmdəyini görürərək dabanına tüpürüb elə qaçdı ki, izi-tozu da görünmədi. Üstəlik, onun adı ilə adlandırılmış, keçilməzliyi iddia edilən, az qala, Majino xəttinə bənzədilən bir xətt də var idi ki, Silahlı Qüvvələrimiz onu bir həmlədəcə yerlə-yeksan etdilər.

Digər tərəfdən, Ohanyan və onun kimi əbləhlər bilməlidirlər ki, hazırkı sülh sazişinin hansısa alternativ formulu ola bilməz. Çünki Ermənistan iqtidarı indiyədək ən müxtəlif “formulları” sınamaq və tətbiq etmək istəyib, ancaq heç nəyə müyəssər ola bilməyib. Əksinə, mövcud istiqamətdəki bütün cəhdlər İrəvan üçün daha ağır şərtlərin meydana çıxmasına şərait yaradıb.

Məsələn, 44 günlük müharibədən sonra Qarabağda ermənilər qalmışdılar. Paşinyan administrasiyası müxtəlif əcnəbi platformalarda onlar üçün beynəlxalq təminat məsələsini qaldırmışdı. Bu, dolayısıyla Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına almaq idi. Üstəlik, Paşinyan iqtidarı Qarabağdakı keçmiş separatçı rejimi saxlamaq yolunda da cəhdlər göstərmişdi. Yekunda Silahlı Qüvvələrimiz 2023-cü ilin sentyabrında uğurlu antiterror tədbirləri həyata keçirdilər və bundan sonra Qarabağda erməni mövcudiyyəti səhifəsi tarixin arxivinə göndərildi. Halbuki, başqa yol seçilə bilərdi.

Əlbəttə, Azərbaycan antiterror tədbirlərindən sonra da Qarabağdakı erməni əhalinin qalıb bölgədə yaşaya biləcəyini açıqladı və bunun üçün təminat da verdi. Amma erməni iqtidarı razılaşmadı. Paşinyan və komandasının həmin əhalinin beynəlxalq təminat altında geri qayıdışı məsələsini qabartması isə fayda vermədi.

O zaman suallar yaranır: Görəsən, Ohanyan necə inana bilir ki, müxalifət hakimiyyətə gəldikdən sonra sülh müqaviləsini fərqli tərzdə tərtib edəcək? Bəlkə o, hesab edir ki, Rusiya 1991-1993-cü illərdəki kimi Azərbaycan torpaqlarının işğalında Ermənistana kömək edəcək? Bəlkə düşünür ki, Ermənistan keçmişdə olduğutək beynəlxalq dəstək qazanacaq?

Haşiyə çıxaq ki, Ermənistan parlamentinin sədri Alen Simonyan sentyabrın 11-də jurnalistlərə açıqlamasında hazırda rəhbərlik etdiyi qurumda müxalifətin olmadığını vurğulamışdı. O, məsxərə edərək bildirmişdi ki, Milli Assambleyada yalnız gələcək parlamentdə özünə yer axtaran ayrı-ayrı siyasətçilər var: “Milli Məclisdə müxalifət yoxdur. Mən hesab edirəm ki, parlamentdənkənar müxalifət mövcuddur və ümid edirəm ki, onların çoxu qarşıdakı seçkilərdə görünəcək. Onlar parlamentə daxil olacaqlar ki, nəhayət, orada da bir müxalifət olsun”.

Sonda bunu da bildirək. Azərbaycanda xüsusən iribuynuzlu mal-qaranı ipə-sapa yatırtmaq üçün işlədilən bir ifadə var - “oha”. İndi hakimiyyətə gəlib, Azərbaycanla fərqli sülh müqaviləsi xəyalından dəm vuran Ohanyan da həmin ifadə ilə müraciət edilməli biridir. O da adını müxalifətçi qoyan, Ermənistan parlamentində boş yerə kreslo kirlədən, əsl yeri heç tövlə də olmayan məxluqlardandır. Amma belələrinin mövcudluğuna görə Ermənistanın hazırkı iqtidarı da məsuliyyət daşıyır. Çünki Ohanyan kimilər hər çıxışları ilə erməni cəmiyyətini fərqli səmtə sürükləməyə, onu sülhdən yayındırmağa və zombiləşdirməyə çalışırlar.

Daha yaxşı olar ki, rəsmi İrəvan özündə bu cür cinayətkar ünsürləri Azərbaycana təhvil vermək cəsarətini tapsın. Nəzərə alsın ki, S.Ohanyan 1990-cı illərdə ölkəmizin ərazilərinin işğalının və bu zaman baş vermiş saysız hərbi qəddarlıq əməllərinin müəlliflərindən və həmin əməlləri həyata keçirənlərdən biridir. Onun barəsində Azərbaycanda cinayət işinin açıldığını da həmçinin.

Ə.CAHANGİROĞLU
XQ

Seçilən
51
xalqqazeti.az

1Mənbələr