AZ

Hakerlər “Gucci” və “Balenciaga” müştərilərinin məlumatlarını oğurlayıblar

Hakerlər “Balenciaga”, “Gucci” və “Alexander McQueen” brendlərinin müştərilərinin şəxsi məlumatlarını oğurlayıblar. Bu brendlərə sahib olan “Kering” korporasiyası məlumat oğurluğunu təsdiqləyib.

Şirkət bu hücumdan neçə müştərinin təsirləndiyini açıqlamayıb. BBC-nin məlumatına görə, milyonlarla müştərinin məlumatları oğurlanmış ola bilər. Hakerlər onların adlarına, elektron poçt ünvanlarına, telefon nömrələrinə və həmin brendlərin məhsullarına xərclədikləri məbləğlərə çıxış əldə ediblər. “Kering” bildirib ki, kredit kartı məlumatları kimi heç bir maliyyə informasiyası oğurlanmayıb.

Məlumat verilir ki, hücumun arxasında “ShinyHunters” adlanan haker və ya haker qruplaşması dayanır. Kiber cinayətkarlar ümumilikdə 7.4 milyon elektron poçt ünvanına bağlı məlumatları ələ keçirdiklərini iddia edirlər. “ShinyHunters” bildirib ki, bu brendlərin məlumatlarını hələ aprel ayında oğurlayıb, iyunda isə “Kering” ilə əlaqə saxlayaraq pul tələb edib, lakin şirkət pulu ödəməkdən imtina edib. “Kering” təsdiqləyib ki, onlar hücum barədə iyunda xəbər tutublar.

Apreldə “Cartier” və “Louis Vuitton” brendlərinə qarşı da bir neçə haker hücumu baş verib. Bu hücumların “ShinyHunters” ilə bağlı olub-olmadığı məlum deyil.

Seçilən
42
banker.az

1Mənbələr