AZ

"Benfika" - "Qarabağ": Gözləntilər nələrdir? - RƏY

Bu gün Çempionlar Liqasının liqa mərhələsinə start veriləcək. 

Təmsilçimiz "Qarabağ" ümumilikdə ikinci, liqa mərhələsinə isə birinci dəfə Çempionlar Liqasında mübarizə aparacaq. Komandamızın ilk rəqibi Portuqaliyanın "Benfika" klubudur. Səfərdə keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Bəs oyundan gözləntilər nələrdir? 

Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev Hit.az-a açıqlamasında bildirib ki, "Qarabağ" dünyanın nüfuzlu turnirlərindən olan Çempionlar Liqasının əsas mərhələsinin birinci turunun qarşılaşmasına çıxacaq:

"Təbii ki, məhz bu matçlarda meydana çıxan bütün komandalar qələbəyə daha çox meyilli olurlar. Çünki startı yaxşı vermək istəyirlər. Xüsusilə də bu "Benfika"da belədir. Nəzərə almaq lazımdır ki, onlar Portuqaliya çempionatının son turunda önə keçdiyi matçda 10 nəfərlə qalan rəqiblərinə qarşı xal itiriblər. Ona görə də "Qarabağ"la oyuna bir növ azarkeşlərinin könüllərini almaq üçün baxırlar. Yəni qələbəyə daha çox köklənəcəklər".

381964

Onun sözlərinə görə, oyunun favoriti "Benfika"dır:

"İstər heyətdəki futbolçuların tanınmışlığı, keyfiyyəti, qiyməti, eləcə də meydan sahibi olmaları, təcrübələri və böyük klub olmaları ilə demək olar ki, bütün faktorlarda "Benfika" bir addım öndədir. Yəni bizim onlarla futbol baxımından sadəcə bir oxşar cəhətimiz var, o da komanda oyunu oynamağımızdır. Düşünürəm ki, "Qarabağ" sadəcə komanda oyunu oynayaraq nə isə əldə etməyə çalışa bilər. Çünki rəqibin bütün mövqeləri çox güclüdür". 

Mütəxəssis vurğulayıb ki, "Benfika" həm az qol buraxan, həm az qol vuran komandadır:

"Komanda müdafiə futbolu oynamağa üstünlük verir. Lakin böyük qüvvə ilə hücuma keçirlər. Bəzən 7-8 nəfərlə hücuma atılırlar. Bu isə o deməkdir ki, arxada boşluq qalır. Bu boşluqlar da "Qarabağ"ın cinah hücumları üçün əlverişlidir. Ümumiyyətlə, Ağdam klubu müdafiə komandası deyil, pressinq etməyi xoşlayır, ancaq təzyiq altında müdafiəyə çəkiləcək. 

Əgər ilk 10-15 dəqiqədə qol buraxmasaq, rəqibin tempini yavaşlada bilərik. O zaman biz əks-hücumlarda şans tapa bilərik. Uzun ötürmələrlə Kadi, Zubir və Andrade real qol epizodları yarada bilərlər. 

Nəzərə almaq lazımdır ki, "Benfika" ilk 15 dəqiqə ərzində hesabı açmağa çalışacaq, amma 90 dəqiqə boyunca hücum etmək fiziki olaraq mümkün deyil. Ona görə irəliləyən dəqiqələrdə hücumlarının sürəti azalacaq". 

Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, "Benfika" güclüdür, amma məğlubedilməz deyil:

"Məsələn, iki il əvvəl "Qarabağ" "Braqa" səfərində olanda da favorit deyildi. Lakin orada 4 qol vuraraq qalib gəldik. Düzdür, bu dəfə 4 qol ata biləcəyimizi zənn etmirəm. Buna baxmayaraq, "Benfika" səfərində qol vura və hətta xal ala bilər. Ən pis halda isə minimal hesabla məğlub olarıq. 

Amma "Qarabağ" asanlıqla təslim olmayacaq. Bu oyunda "Qarabağ"ın şansları olacaq və inanıram ki, xal və ya xallarla qayıtmaq ehtimalı da var. Bədbin düşüncələrə dalmayaq, "Qarabağ"a inanmaq lazımdır".

Pərviz

Seçilən
43
hit.az

1Mənbələr