AZ

Bakıda bu obyektin fəaliyyəti dayandırılıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirlikdən Day.Az-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, ev 2 ünvanında yerləşən "Decapo" əyləncə klubunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki;

  • obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya və təxliyə işıqlandırıcıları ilə tam təmin edilməyib;
  • elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib, elektrik kabel və naqillərinin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb;
  • obyektdə standarta uyğun olmayan elektrik qızdırıcı cihazlarından istifadə olunur;
  • odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb;
  • tüstü borusu yanğın təhlükəsizliyi tələblərinə uyğun quraşdırılmayıb;
  • obyektin zirzəmisi təyinatına uyğun olmayaraq anbar kimi istifadə edilir və orada yanar materialların saxlanılmasına yol verilir;
  • obyektdə yanğın təhlükəsizliyi qaydalarına zidd olaraq yanğın təhlükəli effekt verən (qığılcım yaradan) pirotexniki vasitələrdən istifadə olunur;
  • yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;
  • əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;
  • obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Məlumata görə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, ev 2 ünvanında yerləşən "Decapo" əyləncə klubunun fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Seçilən
57
27
day.az

10Mənbələr