AZ

Azərbaycanın xarici siyasəti: Qlobal arenada güclənən mövqe

Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri də beynəlxalq münasibətlər sisteminə sürətli inteqrasiya və qlobal əməkdaşlığın inkişaf etdirilməsi olub. Bu gün Azərbaycan regionda mühüm geosiyasi mərkəzə çevrilməklə yanaşı, qlobal miqyasda da etibarlı tərəfdaş kimi tanınır.


Xəbər verilir ki, Azərbaycan və beynəlxalq təşkilatlar 1992-ci ildə BMT-yə üzv qəbul olunması Azərbaycanın beynəlxalq arenaya qayıdışının ilk mühüm addımı oldu.

 

Sonrakı illərdə Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlara qoşulmaqla ölkə qlobal dialoqun fəal iştirakçısına çevrildi.
2019–2023-cü illərdə Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik etdi. Bu dövrdə ölkə inkişaf etməkdə olan dövlətlərin maraqlarını müdafiə etməklə yanaşı, qlobal pandemiya dövründə humanitar yardımlar təşkil etdi, həmrəyliyin gücləndirilməsinə xidmət edən təşəbbüslərlə çıxış etdi. Azərbaycanın bu platformadakı fəallığı onun beynəlxalq nüfuzunu xeyli artırdı. 


Sabitlik və inkişaf Azərbaycanın xarici siyasətində region ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. 


Azərbaycan qonşu ölkələrlə əlaqələrə həmişə önəm verib. Məsələn, Türkiyə ilə münasibətlər qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə söykənir. Bakı–Tbilisi–Ceyhan, TANAP və Bakı–Tbilisi–Qars layihələri regionda inteqrasiyanın bariz nümunəsidir. Gürcüstanla əlaqələr isə enerji və nəqliyyat dəhlizlərinin inkişafına yönəlib. Hazırda Azərbaycan qazı Gürcüstan üzərindən Avropaya ötürülür, dəmir yolu və avtomobil magistralları isə regional ticarət əlaqələrinin möhkəmlənməsinə xidmət edir. 


Rusiya ilə münasibətlər uzun müddət həm iqtisadi, həm də təhlükəsizlik müstəvisində davam edib. Lakin son hadisələr, xüsusilə AZAL təyyarəsinin vurulması, soydaşlarımıza qarşı atılan addımlar bu əlaqələrdə gərginlik yaradıb. Tərəflər arasında dialoqun davam etməsi vacib olsa da, münasibətlər əvvəlki kimi isti deyil.
İran və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq isə Xəzər dənizi hövzəsində yeni nəqliyyat marşrutlarının formalaşmasına şərait yaradır. Xüsusilə Orta Dəhliz (Transxəzər marşrutu) Azərbaycanın geoiqtisadi mövqeyini gücləndirən ən mühüm layihələrdən hesab olunur. 


Enerji təhlükəsizliyi və iqtisadi inteqrasiya Azərbaycanın beynəlxalq əməkdaşlıqda ən güclü alətlərindən biri enerji resurslarıdır. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və TANAP vasitəsilə ölkə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycan yalnız enerji sahəsində deyil, iqtisadi islahatlar, yaşıl enerji və iqlim məsələlərində də tərəfdaşlıq edir. 


2022-ci ildə imzalanmış enerji sazişi çərçivəsində 2027-ci ilədək Azərbaycanın Avropaya qaz ixracını iki dəfə artırması nəzərdə tutulur. Bununla yanaşı, Azərbaycan qeyri-neft sektorunun inkişafı üçün beynəlxalq sərgilərdə və iqtisadi forumlarda fəal iştirak edir, xarici investorlar üçün əlverişli mühit yaradır. 


Azərbaycan yalnız siyasi və iqtisadi müstəvidə deyil, humanitar sahədə də qlobal əməkdaşlıqda fəaldır. Bakı Humanitar Forumları və “Bakı Prosesi” təşəbbüsü ölkəni mədəniyyətlərarası dialoqun aparıcı mərkəzlərindən birinə çevirib. 2015-ci ildə keçirilən Avropa Oyunları, 2017-ci ildəki İslam Həmrəyliyi Oyunları və mütəmadi təşkil olunan “Formula 1” yarışları Azərbaycanın beynəlxalq imicinə ciddi töhfə verib. Bu tədbirlər ölkənin turizm və iqtisadi inkişafına da əlavə stimul yaradıb. 


Ekspertlər hesab edir ki, Azərbaycanın beynəlxalq inteqrasiyası qarşıdakı illərdə daha da genişlənəcək. Enerji layihələrinin miqyasının böyüməsi, Avropa İttifaqı ilə tərəfdaşlığın dərinləşməsi, Türk Dövlətləri Təşkilatında əməkdaşlığın güclənməsi ölkənin həm regional, həm də qlobal miqyasda mövqelərini möhkəmləndirəcək. Azərbaycanın dünya birliyinə inteqrasiyası balanslaşdırılmış xarici siyasət üzərində qurulub. Ölkə eyni anda həm Qərblə, həm də Şərqlə əməkdaşlıq edir. Bu yanaşma regionda sabitlik və inkişaf üçün mühüm zəmin yaradır.


Bəsti Rəfizadə
Sfera.az

Seçilən
63
paytaxt.org

1Mənbələr