AZ

Kızılcık şerbeti qalmaqalı: Türkiyə seriallarına qadağa qoyulur?

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyənin məşhur “Kızılcık Şerbeti” serialında Azərbaycan dilinə qarşı hörmətsizlik ictimaiyyətdə etirazla qarşılanıb. Bildirilir ki, indiyə qədər bir neçə türk serialında ölkəmizə, dilimizə qarşı eyni hal yaşanıb. Məsələn, “Yaxşı Cazibə”, “Kurtlar Vadisi”, “Kurtlar Vadisi-Pusu” “Eşkiya dünyaya hükümdar olmaz” və sair kimi ekran işləri bu sırada yer alır.

Bu cür hallara qarşı nə kimi tədbirlər görmək olar?

Globalinfo.az-a danışan türkoloq, araşdırmaçı-yazar Əkbər Qoşalı deyib ki, “Kızılcık Şerbeti”ndə yaşanan hadisə ilk deyil, bəlkə son da olmayacaq:

“Bu məsələdə münasibətimiz, reaksiyamız konkret misalla yanaşı, həm də ümumi xarakter daşımalıdır. Azərbaycan ictimaiyyətinin sosial şəbəkələr, mətbuat və rəsmi məktublarla narazılığını bildirməsi önəmli təsir mexanizmi sayıla bilər. Həm serialın prodüserlərinə, həm də yayımlayan televiziya kanallarına açıq müraciətlərin hazırlanmasının, ictimai təzyiq göstərilməsinin effektiv olacağına inanıram. Çünki bu cür reaksiyalar olmadan problem diqqətdən yayınır və təkrarlanır”.

Əkbər Qoşalı

Araşdırmaçı təklif edib ki, belə problemlərin yaşanmaması üçün Türkiyə və Azərbaycan arasında mədəniyyət üzrə ortaq komissiya, yaxud monitorinq qrupları yaradılsın:

“Bu qurum serial, film, verilişlərdə dilə və kimliyə qarşı həqarət hallarını izləyib qabaqcadan bildiriş edə bilər. Problemi yalnız qadağalarla həll etmək mümkün deyil. Azərbaycanlı ssenaristlərin, aktyorların, rejissorların Türkiyə seriallarında iştirakına münbit ortam yaradılması, birgə layihələr hazırlanması nəzərdən keçirilə bilər. Bu, həm hörmətsizlik hallarını azaldar, həm də ortaq mədəniyyət fikri alış-verişini gücləndirər. Televiziya kanallarımızın serialları satın alarkən müqavilələrdə dilə, mədəniyyətə sayğısızlığa yol verilməməsi ilə bağlı maddələr əlavə etməsi mümkündür. Bu, həm hüquqi, həm də etik mexanizm kimi təsirli olar”.

Türkoloqun fikrincə, ən effektiv yol toplumun seçimi və mövqeyidir:

“Çünki reytinqi azalan seriallar mövqe dəyişməyə məcbur olur. Qardaş ölkələrimizin dil, mədəniyyət, sənət qayğıları da “Şuşa Bəyannaməsi” üzərindən şəkillənsə, daha yaxşıdır. Dilimizə qarşı hörmətsizlik, nəinki estetik, həm də milli kimliyimizin nüfuzuna toxunan məsələdir. Bu kimi halları aradan qaldırmaq üçün həm ictimai təzyiq, həm dövlət müdaxiləsi, həm də yaradıcı işbirliyi mexanizmləri eyni anda işlədilməlidir. Belə olduqda, bu cür hallar sistemli şəkildə azalacaq və gələcəkdə təkrarlanması minimuma enəcək”.

Ləman İmran

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
globalinfo.az

1Mənbələr