AZ

Xocalıya növbəti dəfə infotur - FOTOLAR

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Xocalı şəhərinə növbəti infotur təşkil olunub.

Dövlət Komitəsindən Modern.az-a bildirilib ki, infoturda “Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı”nın icrası çərçivəsində gəlirgətirən fəaliyyətlərə cəlb olunmuş bir qrup keçmiş məcburi köçkün iştirak edib. Onlar şəhərlə tanış olub, burada aparılan bərpa-quruculuq işləri, yaradılan məşğulluq imkanları barədə məlumatlandırılıblar.

Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına və Dövlət Proqramına əsasən, şəhərdə genişmiqyaslı yenidənqurma tədbirləri həyata keçirilir, infrastruktur bərpa olunur, burada işləyən və yaşayan insanlar üçün zəruri şərait yaradılır.

İnfotur iştirakçıları Xocalı şəhərində və Ballıca kəndində olub, doğma yurda qayıdan ailələr üçün yaradılan şəraitlə yaxından tanış olublar.

Keçmiş məcburi köçkünlər infoturun çox faydalı və maarifləndirici olduğunu qeyd ediblər. Bildirilib ki, belə infoturlar Böyük Qayıdışın gedişi, bölgədə daimi məskunlaşma və iqtisadi fəaliyyətə inteqrasiya prosesi ilə yaxından tanış olmaq, gələcək üçün planlar qurmaq baxımından böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, işğaldan azad edilmiş digər ərazilərə də “Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı” çərçivəsində infoturlar keçiriləcək.

Seçilən
10
17
modern.az

10Mənbələr