AZ

Putini bir müsahibə ilə darmadağın etdi...

Alla Puqaçova böyük sənətkardır – bütün ifası, peşəkarlığı, səs tempri və səsinin geniş imkanlarından istifadə məharətinə görə. Amma son müsahibəsi ilə təsdiqlədi ki, xarakterdir, şəxsiyyətdir, intellektdir...
O, ömrünü rahat, qayğısız, öz vətənində davam etdirə bilərdi: dövlət onu sevirdi, qayğısına qalmaq üçün bir müraciətinə bənd idi, Putin Allanın istənilən xahişini can-başla yerinə yetirməyə hazır idi; Rusiyada biznesi, hakimiyyətin ən üst təbəqəsi ilə əlaqələri, böyük hörməti, nüfuzu, adı... Bu təntənəni davam etdirmək üçün Alladan yalnız və yalnız susmaq tələb olunurdu: yəni kimisə tərifləməyəcəkdi, nəyəsə dəstək verməyəcəkdi, nə müharibənin labüdlüyü, nə də Putinin müdrikliyindən danışmağa ehtiyac var idi, sadəcə, susmalıydı; sadəcə, öz işi ilə - sənəti ilə, yeni mahnıları ilə, konsertləri ilə və yaxud biznesinin idarə olunması ilə məşğul olmalıydı. Bir neçə xarici ölkədə yaşamaq imkanı var – yenə eyni şeyi edə bilərdi, ancaq Rusiya ilə əlaqəsini də yüksək səviyyədə tuta bilərdi! Amma Alla susmadı, susa bilmədi! Əlbəttə, Azərbaycanda bir millət vəkili növbəti dəfə şoka düşə, “Axı sənin nəyin çatmır ki” deyə, Allanı ittiham edə bilər! Deyəsən, Rusiyada məlum azərbaycanlı millət vəkili təfəkküründə olanların sayı-hesabı yoxdur, yoxsullaşmış, putinləşmiş “elita” təəccüblənir, valuyevləşmiş “düşüncə” Allanın niyə belə etdiyini anlamağa çalışır. Bu “düşüncə” Allaya Putini bir müsahibəsi ilə yerbəyer etdiyi üçün hücum növbəsinə durub və hərə bir bəhanə tapır: Kadırov Cövhər Dudayevi “əsas” gətirir (Alla Dudayevi tərifləyib), hansısa “vəkil” guya müsahibədə xalq artistinin müharibə veteranlarını təhqir etdiyinə “sığınıb” və s. Amma heç bir xeyri yoxdur: çünki Allanın həqiqəti yüksək intellektlə dilə gətirdiyini sövq-təbii anlayır və qəbul edirlər; Putinin Rusiya və dünya üçün hansı təhlükələr yaratdığını da bilirlər. Allanın müsahibəsi məhz buna görə cəmi bircə günə yayımlandığı platformada 20 milyona yaxınlaşdı. Alla Kremlin hər il milyardlar hesabına apardığı təbliğatı bircə müsahibəsi ilə darmadağın etdi! Allanın bütün sözləri, bütün müsahibəsi intellektin, savadın, ağlın, məntiqin təntənəsidir, əlbəttə. Ancaq bu təntənənin zirvəsi “susa bilməzdim”i əsaslandırması idi! Rusiya Alla kimi düşüncə və intellekt sahiblərinə görə həmişə güclü olub! Ukrayna savaşı - əslində, qardaş qətliamı Rusiyadan həm də Allaları – intellektləri, məntiqi düşüncəni, yüksək ziyalı elitasını aldı! Gör Rusiya nə günə düşdü ki, həmişə qolunun əzələsi ilə düşünən Valuyev Dumada əziz-xələf oldu və onun fikri qabağa çəkildi! Gör Rusiya nə günə düşdü ki, Ukraynaya hücumu, qardaş qırğınını “öldür, öldür, öldür” sözləri ilə dəstəkləyən Dugin bu ölkənin ideologiyasının atası sayılır! Rusiya yüzminlərlə insanının itkisini bəlkə də doldura bilər haçansa – hərgah, bu da çox çətin görünür, çünki 140 milyonluq ölkənin artıq 45 faizi başqa millətdəndir!

Ancaq fikir, düşüncə, elita boşluğunu doldura bilməyəcək və deməli, heç vaxt böyüməyəcək – indiki milyonların qanı hesabına şişən ərazisi isə mütləq bir gün şar kimi partlayacaq!

Seçilən
47
19
buta.tv

10Mənbələr