AZ

Fidan elə-belə söz deməz - Bakı-İrəvan sülhü niyə gecikir?


Bu məsələlərdə kompromis formulu tapılsa, imzalanma mərhələsinə keçid sürətlənəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanma tarixi ilə bağlı açıqlama verib. Fidan bildirib ki, Vaşinqtonda hələ son imzalar atılmayıb, lakin sazişin gələn ilin ilk yarısında imzalanacağı gözlənilir.

Hakan Fidan böyük bir dövlətin XİN rəhbəri kimi çox ciddi informasiya resurslarına çıxış imkanlarına malik bir şəxsdir. O deyirsə, deməli, bu fikrin həqiqət payı daha çoxdur. Lakin paraflanmış sülh sazişinin imzalanması nəyə görə bu qədər uzansın, sülh sazişinin imzalanmasına nə mane olur?

Baki-xeber.com nəşrinə görə, əgər Türkiyənin xarici işlər naziri Hakan Fidan kimi regional gücün önəmli fiquru bu cür proqnoz verirsə, deməli, o həm Vaşinqton, həm də Bakı-İrəvan kanallarından kifayət qədər dəqiq informasiyaya sahibdir. Amma imzalanmanın uzanmasının bir neçə obyektiv və subyektiv səbəbi var.

Əvvəla, Ermənistan bəzi müddəaların, xüsusən də sərhədlərin dəqiq delimitasiyası, Zəngəzur dəhlizi və kommunikasiya xətlərinin açılması ilə bağlı daha yumşaq şərtlər istəyir.

Azərbaycan isə artıq paraflanmış sənəddə dəyişiklik edilməsini qəbul etmir. Bu, tərəflər arasında əlavə texniki və hüquqi müzakirələrə səbəb olur.

Digər tərəfdən, ABŞ və Aİ regionda balansı qorumaq istəyir, Ermənistana “təhlükəsizlik zəmanətləri” təqdim etməklə sazişi öz maraqlarına uyğun formalaşdırmağa çalışırlar.

Rusiya da bu prosesdə kənarda qalmaq istəmir, amma 2020-ci ildən sonra rolunun zəifləməsi Moskvanı narahat edir. Bu da Ermənistanın mövqeyinə təsir edir və imzalanmanı gecikdirir.

Eyni zamanda, Paşinyan hökuməti müxalifətin güclü təzyiqi altındadır. O, sülh sazişini imzalasa, daxildə ciddi etirazlarla üzləşə bilər. Buna görə də prosesi vaxt baxımından uzatmağa çalışır.

Ermənistanda “təhlükəsizlik təminatları olmadan sülh sənədi ölkəni zəiflədəcək” düşüncəsi hələ də güclüdür.

Bununla yanaşı, beynəlxalq güclər, xüsusilə də ABŞ sazişi öz diplomatik gündəliyinə uyğun məqamda elan etmək istəyir. Yəni təkcə Azərbaycan və Ermənistanın hazır olması kifayət deyil, sponsor qüvvələrin siyasi təqvimi də mühümdür.

ABŞ-da 2025-ci ildə seçkilərdən sonra yeni siyasi mühit yaranacaq. Sənədin gələn ilin ilk yarısında imzalanması həm Bakı-İrəvan, həm də Vaşinqton üçün “optimal pəncərə” hesab edilir.

Yəni sazişin mahiyyəti üzrə prinsipial razılıq artıq var. Amma onun imzalanma mərhələsinə keçməsi üçün həm Ermənistan daxilində siyasi “hazırlıq”, həm də böyük güclər arasında koordinasiya lazımdır. Bu səbəbdən, Hakan Fidanın dediyi kimi, proses uzansa da, imza ehtimalı çox yüksəkdir.

Paraflanmış sülh sazişi ətrafında ən çox mübahisə doğuran bəndlərə nəzər yetirdikdə görürük ki, sərhədlərin delimitasiya və demarkasiyası prisesində müəyyən fikir ayrılıği var.

Azərbaycanın mövqeyi 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan sərhədlərin tanınması və xəritələrin çəkilməsinin dəqiq tətbiqindən ibarətdir.

Ermənistan isə bəzi kəndlərin (Qazaxın 4 kəndi, Sədərək, Kəlbəcər istiqaməti) məsələsində güzəştlər istəyir, xəritələrin müxtəlif versiyalarını gündəmə gətirmək istəyir. Azərbaycan bunu qəbil etmir. Bu, sənədin imzalanmasını əngəlləyən ən əsas texniki məqamdır.

Kommunikasiyaların açılmasına (Zəngəzur dəhlizi məsələsi) gəldikdə, Azərbaycan Naxçıvana maneəsiz keçid tələb edir, xüsusən gömrük və sərhəd nəzarəti olmasını istəmir.

Ermənistan isə “dəhliz” ifadəsini qəbul etmir, sülh sazişində yalnız “yol” və “açıq kommunikasiya” terminlərini işlətmək istəyir. Bu terminoloji fərq siyasi yük daşıdığı üçün sənədin mətnində uzlaşmanı çətinləşdirir.

Qarabağ ermənilərinin hüquqları məsələsində də tərəflər arasında fikir ayrılıği var. Azərbaycan Qarabağ məsələsini bitmiş hesab edir, erməni əsilli sakinlər barədə məsələyə yalnız ölkə vətəndaşları kimi hüquqlar çərçivəsində yanaşır.

Ermənistan isə sənəddə azlıq hüquqları və ya beynəlxalq təminatlara istinad edilməsini istəyir. Burada əsasən Qərbin də təzyiqi mövcuddur, çünki Aİ və ABŞ İrəvanı dəstəkləyir.

Təhlükəsizlik zəmanətləri və beynəlxalq müşahidə məsələsində də mövqe uyğunsuzluğu var. Ermənistan sərhəddə beynəlxalq missiya (Aİ missiyası kimi) istəyir, bunun sazişdə əksini tapmasına çalışır. Azərbaycan isə buna razı deyil, çünki hərbi müşahidəçilərin bölgədə qalması suverenlik məsələsinə toxunur. Bu bəndin həlli üçün “kompromisli formul” üzərində iş gedir.

Sazişin beynəlxalq təminatı məsələsində də fərqli fikirlər var. Ermənistan sənədin ABŞ, Aİ və ya BMT səviyyəsində təminata alınmasını istəyir. Azərbaycan isə yalnız ikitərəfli sazişi qəbul edir, üçüncü tərəfin hüquqi təminatına qarşıdır. Burada böyük güclərin maraqları toqquşur: Qərb öz təsirini artırmaq, Rusiya isə prosesdən kənarda qalmaq istəmir.

Zamanlama və siyasi iradə məsələsində də tərəflərin mövqeyi fərqlənir. Ermənistan hökuməti hesab edir ki, daxili təzyiqlərə görə sazişi indi imzalasa, müxalifətin əli güclənə bilər. ABŞ isə sənədin imzalanmasını 2026-ci ilin ilk yarısında “diplomatik uğur” kimi təqdim etməyi planlaşdırır.

Yəni əsas “sürüşmələr” sərhəd məsələsi, "Zəngəzur dəhlizi" terminologiyası, erməni azlığı ilə bağlı hüquqların qeyd olunması və beynəlxalq təminat mexanizmi üzərindədir. Bu məsələlərdə kompromis formulu tapılsa imzalanma mərhələsinə keçid sürətlənəcək.

Akif NƏSİRLİ

Seçilən
60
baki-xeber.com

1Mənbələr