AZ

İsrail Misiri də vura bilər...


Nə ABŞ, nə də İsrailin siyasi elitası belə bir ssenarini qəbul edər!

Yaxın Şərqin nüfuzlu dövlətlərindən biri olan Misir İsrailə sərt xəbərdarlıq edib. Məlumdur ki, İsrail son günlərdə beş ərəb ölkəsinə (Suriya, Tunis, Qətər, Livan və Yəmən) hava zərbələri endirib.

Misir bu hücumların davam etməsi və ya Misirdə olan HƏMAS rəsmilərinə qarşı hər hansı addımın “dağıdıcı nəticələrə” səbəb olacağı barədə xəbərdarlıq edib.

Eyni zamanda, Misir öz ərazisində HƏMAS və digər Qəzzada yerləşən təşkilatların liderlərinə sığınacaq vermək və onları müdafiə etmək istədiyini vurğulayır.

Misirin bu mövqeyi regionda güc balansının qorunması, sərhəd təhlükəsizliyi və siyasi nüfuz məsələlərini nəzərə alaraq baş verir. Misir həm İsraillə sərhəddə yerləşir, həmçinin Qəzza ilə çox sıx - həm siyasi, həm də humanitar əlaqələri var.

Eyni zamanda, HƏMAS-ın Misir üçün strateji əhəmiyyəti böyükdür. Misir həm humanitar keçidlərdə, həm də sülh proseslərində vasitəçi rolunu oynamaq istəyir. İsrailin bu təşkilata qarşı hər hansı hərəkəti Misirin təhlükəsizliyi və diplomatik mövqeyinə təsir edə bilər.

Misirin “dağıdıcı nəticələr” xəbərdarlığı yalnız diplomatik deyil, potensial olaraq hərbi və ya daha ciddi müdaxilələr ehtimalının da gözdən keçirildiyini göstərir. Bu, qarşılıqlı hücumların artmasını, regionda gərginliyin yüksəlməsini stimullaşdıra bilər.

HƏMAS liderlərinin sığınacaq tapması məsələsi mübahisəlidir. Başqa ölkələrin ərazisində belə şəxslərin mövcudluğu beynəlxalq qanunvericilik, insan haqları və qonşu dövlətlərin siyasəti baxımından bəzən ciddi problemlər yaradır. Bu baxımdan Misir HƏMAS liderlərinin alternativsiz seçimi kimi görünür.

Bu xəbərdarlığın real təhlükəyə çevrilməsi halında, regionda hərbi qarşıdurma risqi artır.

Regionda istənilən eskalasiya isə diplomatik əlaqələri zədələyə bilər.

Misir ilə İsrail arasında gərginliyin artması digər regional oyunçuların müdaxiləsi ehtimalını da yüksəldir.

Humanitar nəticələrin və qaçqınların vəziyyətinin pisləşməsi mümkündür. Xüsusilə, Qəzza bölgəsində.

Bu məsələdə beynəlxalq ictimaiyyətin mövqeyi vacibdir. Müttəfiqlər, beynəlxalq orqanlar bu durumdan narahatlıq ifadə edə, sanksiyalar və ya diplomatik təzyiqlər gündəmə gələ bilər.

Misirin xəbərdarlığı ciddi bir diplomatik addımdır və İsrailin siyasətində dəyişiklik etməyə yönəlmişdir. Əgər bu xəbərdarlıq nəzərə alınmasa və qarşılıqlı hücumlar davam etsə, bölgədə vəziyyət daha da gərginləşə bilər.

İsrail Misiri və HƏMAS liderlərinin sığındığı digər ölkələri - İordaniyanı, Səudiyyə Ərəbistanını, Bəhreyni vursa nə baş verəcək?

Baki-xeber com nəşrinə görə, İsrail ilə Misir 1979-cu ildən sülh müqaviləsi əsasında münasibət saxlayır. Əgər İsrail Misiri vursa, bu müqavilə avtomatik pozular, Misir ordusu cavab verər və bu, birbaşa müharibə demək olar. Misir ordusu Yaxın Şərqin ən böyük ordularından biridir və ABŞ-dan hər il böyük hərbi yardım alır.

İsrail və İordaniya da 1994-cü ildən sülh sazişinə malikdir. İsrailin buraya hücumu həm diplomatik, həm də hərbi baxımdan özünü təcrid deməkdir. İordaniya ordusu İsrail qədər güclü olmasa da, bölgənin təhlükəsizliyi baxımından Qərbin strateji tərəfdaşıdır.

Səudiyyə Ərəbistanına hücum ehtimalına gəldikdə isə, Səudiyyə ilə İsrail arasında rəsmi sülh müqaviləsi yoxdur. Amma son illər normallaşma danışıqları gedirdi. İsrailin hücumu bu prosesi tamamilə pozar, həm də Səudiyyənin böyük hərbi-siyasi cavabı ilə üzləşər.

Bəhreyin kiçik ölkə olsa da, ABŞ-ın 5-ci donanmasının bazası bu ölkədə yerləşir. İsrailin buranı vurması avtomatik olaraq ABŞ-ın maraqlarına toxunmaq deməkdir və Vaşinqtonun sərt reaksiyasını doğurar.

Məsələyə diplomatik rakursdan baxanda görürük ki, İsrail faktiki olaraq bütün ərəb dünyasını və Qərbin müttəfiqlərini qarşısına alar.

Misir və İordaniya ilə sülh sazişlərinin pozulması İsrailin 40 illik diplomatik nailiyyətlərinin üstünə çalın-çarpaz xətt çəkər. Bu isə ərəb ölkələri arasında yenidən anti-İsrail blok formalaşmasına gətirib çıxara bilər (70–80-ci illərdəki kimi).

ABŞ İsrailin əsas dəstəkçisidir, amma Vaşinqtonun Misir, İordaniya və Səudiyyə ilə də strateji tərəfdaşlığı var. İsrail bu dövlətlərə hücum etsə, ABŞ çox çətin vəziyyətə düşər, bəlkə də İsrailə dəstəyini məhdudlaşdırmaq məcburiyyətində qalar. Belə olan halda BMT və Avropa İttifaqı, böyük ehtimalla, İsrailə qarşı sərt qətnamələr qəbul edərlər.

İran və Türkiyə isə, fürsətdən istifadə edib, İsrail əleyhinə daha aktiv mövqeyə keçərlər. Yeni ərəb-İsrail müharibəsi qaçılmaz olar, bu da enerji bazarlarında (neft, qaz) qiymətlərin kəskin artmasına səbəb ola bilər.

Eyni zamanda, Yaxın Şərqdə ABŞ və İranın dolayı qarşıdurması güclənə bilər.

Bu isə, öz növbəsində, qlobal iqtisadiyyata da təsir edər - enerji böhranı, qaçqın axını yaranar, beynəlxalq ticarət yolları bağlanar.

Nəticə olaraq qeyd edək ki, İsrailin Misir, İordaniya, Səudiyyə və Bəhreyni vurması praktiki olaraq özünütəcrid, regional müharibə və beynəlxalq böhran deməkdir. Bu addım İsrail üçün intihar xarakterli olardı və reallıqda çox az ehtimal olunur. Çünki nə ABŞ, nə də İsrailin siyasi elitası belə bir ssenarini qəbul edər.

Akif NƏSİRLİ

Seçilən
18
baki-xeber.com

1Mənbələr