AZ

İnsanlıq Toba cəhənnəmindən necə sağ çıxıb?

74 min il əvvəl insanlıq Toba vulkanının super partlayışını, Yer kürəsində son 2,5 milyon ildə baş vermiş ən böyük fəlakətlərdən birini yaşayıb. Bu hadisə o qədər genişmiqyaslı olub ki, alimlər hələ də “Homo sapiens”in necə sağ qalaraq bu sınaqdan çıxa bildiyini araşdırırlar.

Toba ətrafında yaşayan insanlar tamamilə yox ola bilərdi. Amma uzaqdakı icmaların taleyi hələ də alimlərin müzakirəsindədir. Uzun müddət “Toba hipotezi” əsas nəzəriyyə sayılırdı: partlayış nəticəsində Yer əhalisi 10 min nəfərdən də az qalıb. Bu fikir genetik məlumatlarla da dəstəklənirdi. Lakin mübahisə davam edir: səbəb yalnız Toba partlayışı idimi, yoxsa başqa fəlakətlər və xəstəliklər də rol oynayıb?

Tədqiqatçılar cavabı kül və daş qatlarında – tefrada axtarırlar. Xüsusilə mikroskopik şüşə hissəcikləri, yəni kripto-tefra mühüm əhəmiyyət daşıyır. Onların kimyəvi analizi partlayışın miqyasını və nəticələrini anlamağa imkan verir. Arxeoloji tapıntılar isə həmin dövrdə insanların davranışındakı dəyişiklikləri üzə çıxarır.

Məlum olub ki, Toba fəlakəti insanlığı tam məhv etməyib. Cənubi Afrikada və Efiopiyada insanlar partlayışdan əvvəl də, sonra da yaşayıb, yeni alətlər düzəldib, ov və balıqçılıqda fərqli üsullar tətbiq ediblər. Hətta ox və yay ilk dəfə həmin dövrdə istifadə olunub. Oxşar izlər Hindistanda, Çində və İndoneziyada da tapılıb. Bu faktlar göstərir ki, Toba hadisəsi əhali azalmasının yeganə səbəbi olmayıb. Əksinə, insanlar çeviklik və uyğunlaşma qabiliyyəti sayəsində sağ qalıblar.

Alimlərin qənaətinə görə, Toba hadisəsi insanın ən güclü silahını – uyğunlaşma bacarığını sübut edir. Texnologiyasız dövrdə belə sağ qalmağı bacaran insan, bu gün vulkanların izlənildiyi və məlumatların dərhal paylaşıldığı bir zamanda daha hazırlıqlıdır. İstənilən fəlakətdə ən böyük üstünlüyümüz çevikliyimiz və dözümlülüyümüzdür. Bu xüsusiyyət bəşəriyyətin ən güclü silahıdır və həm keçmişdə, həm də gələcəkdə fəlakətlərin qarşısında sağ qalmağımıza kömək edir.

Hazırladı:
S.ELAY
XQ

Seçilən
33
1
xalqqazeti.az

2Mənbələr