AZ

"Azərbaycan suveren dövlət kimi strateji hədəflərini inamla gerçəkləşdirir" - Deputat

"Azərbaycan xalqı üçün müstəqillik və suverenlik dövlətçilik ənənələrinin təməl daşıdır. Əsrlər boyu azadlıq uğrunda mübarizə aparmış xalqımız XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etməyə nail oldu. Dövlət suverenliyinin bərpası və qorunması uğrunda qazanılmış tarixi nailiyyətlər hər bir vətəndaş üçün qürur mənbəyidir".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Parlamentari bildirib ki, 1990-cı illərin əvvəllərindən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın beşdə biri – Qarabağ və ətraf rayonlar işğal altında saxlanıldı. Yüz minlərlə soydaşımız məcburi köçkün vəziyyətinə düşdü, şəhər və kəndlərimiz dağıdıldı, tarixi-mədəni irsimiz məhv edildi:

"Qonşu dövlət beynəlxalq hüququn norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini kobud şəkildə pozaraq işğalı davam etdirirdi. Bu, yalnız ərazi itkisi deyildi, həm də milli kimliyimizə, dövlətçiliyimizə qarşı ciddi təhdid idi. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan xalqı müstəqilliyini qorudu, dövlətçiliyini möhkəmləndirdi və tarixi ədalətin bərpası uğrunda mübarizəsini davam etdirdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük bir hissəsi işğaldan azad edildi, Ermənistan ordusu darmadağın oldu.

Elə həmin il sentyabrın 19-20-da isə erməni separatçılarının təxribatlarına cavab olaraq Azərbaycan Ordusu tərəfindən lokal antiterror tədbirləri həyata keçirildi. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində qondarma rejim özünü buraxdı, Azərbaycan bütün ərazilərində suverenliyini tam bərpa etdi. Bu, dövlətçilik tariximizdə dönüş nöqtəsi, milli iradənin qələbəsi idi. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il 20 sentyabrın Dövlət Suverenliyi Günü elan olunması Azərbaycan tarixində dərin mənaya malik mühüm siyasi qərarlardan biridir.

Dövlət Suverenliyi Günü həm də bu qəhrəmanlıq irsinin əbədiləşdirilməsi, xalqın fədakar övladlarının xatirəsinin əziz tutulması deməkdir. Həmin gün şəhidlərimizin müqəddəs qanı ilə yazılmış qəhrəmanlıq salnaməsinin bir daha yad olunması ordumuzun gücünün və xalqımızın iradəsinin dünyaya nümayiş etdirilməsi baxımından tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçilik tariximizdə xüsusi əhəmiyyət daşıyan qərarlardan biridir. Bu təşəbbüs müstəqil dövlətimizin keçdiyi şərəfli yolun, milli iradə və suverenlik uğrunda aparılan mübarizənin rəmzi ifadəsinə çevrilir". 

Seçilən
55
47
unikal.az

10Mənbələr