AZ

Şamaxı rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib

Şamaxı rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib. Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar İnnovasiya Mərkəzi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən müzakirələrdə Aqrar Sığorta Fondunun, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Biznesin İnkişafı Fondunun, Dövlət Məşğulluq Agentliyinin rəsmiləri, “Yelobank” ASC, “Rabitəbank” ASC, “Unibank” ASC və “FİNCA Azərbaycan” bank olmayan kredit təşkilatının nümayəndələri, üzümçü fermerlər iştirak ediblər.

XQ Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə çıxış edən Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib ki, mövcud dövlət dəstəyi mexanizmləri kənd təsərrüfatının inkişafına ciddi stimul verir. Aqrar Subsidiya Şurasının 2026-cı təsərrüfat ili üçün qəbul etdiyi qərarları xatırladan Mərkəz rəhbəri qeyd edib ki, bu qərarlar kənd təsərrüfatının fərqli istiqamətlərinə, o cümlədən Şamaxı rayonunun ixtisaslaşdığı üzümçülük sahəsinə dövlət dəstəyini özündə ehtiva edir. 2019-cu ildən ölkədə subsidiya mexanizminin daha dəqiq istiqamətli stimullaşdırıcı alətə çevrildiyini xatırladan Anar Cəfərov əlavə edib ki, bu dəstək tədbirləri üzümçülüyün inkişafına ciddi töhfə verib, ölkədə intensiv və superintensiv üzüm bağlarının həcmi artıb, daxili istehsal, o cümlədən şərab istehsalı yüksəlib. Aqrar Subsidiya Şurasının yeni qərarlarında üzümçülüyün inkişafını təmin edəcək dəqiq mexanizmlər mövcuddur və bu dəstək tədbirləri önümüzdəki illərdə də davam etdiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin Təşkili və Monitorinqi şöbəsinin müdiri Seymur Səfərli Aqrar Subsidiya Şurasının 2026-cı il üçün qəbul etdiyi qərarlarda yer alan üzümçülüyə dəstək mexanizmləri barədə iştirakçıları geniş məlumatlandırıb. O bildirib ki, Şuranın qərarında ilk dəfə kiçik şərabçılıq təsərrüfatlarının yaradılması və inkişafına dəstək mexanizmi öz əksini tapıb. Qərara əsasən, kiçik şərabçılıq təsərrüfatları üçün 2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan superintensiv texniki üzüm bağlarının hər hektarına görə fermerlərə 16 500 manat subsidiya veriləcək. Bundan başqa, işğaldan azad edilmiş ərazilər və Naxçıvan Muxtar Respublikasında salınacaq texniki və süfrə sortlarından ibarət üzüm bağları üçün yüksək əmsallı subsidiyalar nəzərdə tutulub. Seymur Səfərli intensiv bağlara subsidiya ayrılması üçün müəyyən olunmuş reqlament barədə müzakirə iştirakçılarını ətraflı məlumatlandırıb.

Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədov bildirib ki, Fond tərəfindən üzüm bağlarının sığortalanması davam edir. Bu günədək Aqrar Sığorta Fondu üzüm sahələri üzrə 168 min manat sığorta ödənişi edib ki, bunun da təxminən 90 faizi Şamaxı rayonunun payına düşür. Üzümün Aqrar Sığorta Fondu tərəfindən leysan riskindən təminat verilən məhsul olduğunu deyən Əli Əhmədov, üzüm bağlarının ən çox dolu yağıntısından zərər çəkdiyini vurğulayıb. Dolu yağması nəticəsində məhsulun əmtəə görünüşünün korlanması və qiymətinin aşağı düşməsi fermerlərə zərər vurur və Aqrar Sığorta Fondu fermerə dəyən bu zərəri qarşılayır.

Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Mərkəzinin Filialının Təhlil və Tərəfdaşlarla İş şöbəsinin müdiri Elvin Rüstəmov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan regional bölməsinin Bitki Sağlamlığı və Fitosanitar Nəzarət sektorunun məsləhətçisi Nisə Hüseynova, Azərbaycan Biznesin İnkişafı Fondunun Partnyorlarla İş şöbəsinin aparıcı mütəxəssisi Orxan Gülalıyev, bank və bank olmayan kredit təşkilatlarının nümayəndələri aqrar sahədə dövlətin dəstək mexanizmləri, kənd təsərrüfatı fəaliyyəti üçün ayrılan güzəştli kreditlər, texnika və damazlıq heyvanların alınması zamanı 40–60% aralığında dövlət dəstəyi, kreditləşmə mexanizmləri, fermerlərə təklif olunan bank məhsulları barədə geniş məlumat veriblər. Qeyd olunub ki, maliyyə təşkilatları Aqrar İnnovasiya Mərkəzi tərəfindən bölgələrdə təşkil olunan Aqrar Biznes Festivalları və məhsul festivallarında aktiv iştirak edir və fermerlərə öz məhsullarını təklif edirlər.

Müşfiq Mirzə
XQ

Seçilən
44
2
xalqqazeti.az

3Mənbələr