AZ

Oğuz rayonunda Aqrar biznes festivalı və Toxum sərgi-satış yarmarkası keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Oğuz Rayon İcra Hakimiyyəti və Aqrar Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə Oğuz rayonunda növbəti Aqrar biznes festivalı və Toxum sərgi-satış yarmarkası keçirilib. Tədbirin əsas məqsədi fermerlərin sertifikatlı və rayonlaşdırılmış toxumlarla təmin olunması, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və regionlarda dayanıqlı kənd təsərrüfatının inkişafına dəstək verməkdir. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, toxum sərgi-satış yarmarkasında Şəki-Zaqatala iqtisadi rayonunu əhatə edən Oğuz, Balakən, Qax, Qəbələ, Şəki, Zaqatala rayonlarından toxumçular və bu sahədə fəaliyyət göstərən özəl şirkətlər iştirak ediblər. Yarmarkada əkin materialı kimi sertifikatlı toxumdan istifadənin üstünlükləri, yerli şəraitə və torpaq xüsusiyyətlərinə uyğun toxum seçimi, məhsuldarlığın artırılmasında aqrotexniki qulluğun rolu barədə fermerlərə məlumat verilib.

Toxum sərgi-satış yarmarkası çərçivəsində “Azərbaycanda toxumçuluğun dayanıqlı inkişafı: çağırışlar, innovasiyalar və həllər” mövzusunda panel müzakirə keçirilib. Panel müzakirədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, həmçinin “AgroDairy”, “Azersun Holding”, “Zirvə Aqro” MMC-nin mütəxəssisləri iştirak ediblər.

Müzakirələrdə ölkədə toxumçuluğun inkişaf perspektivləri, mövcud çağırışlar, innovativ yanaşmalar və müasir həll mexanizmləri barədə fikir mübadiləsi aparılıb. Paneldə yüksək məhsuldar toxum sortlarının yaradılması və düzgün istifadəsi, toxumların səpin keyfiyyətinin təyin edilməsi, toxumçuluqda yeni innovativ texnologiyaların tətbiqi, özəl toxumçuluğun inkişaf perspektivləri və toxum subsidiyalarının verilməsində dövlət dəstəyi barədə məlumatlar iştirakçılarla bölüşülüb.

Tədbirə toxumçuluq fəaliyyəti ilə məşğul olan istehsalçılarla yanaşı, aqrar sahədə öz xidmət və məhsullarını təklif edən dövlət qurumları və şirkətlər qatılıblar.

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov tədbirin açılışında çıxış edərək bildirib ki, kənd təsərrüfatının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və regionlarda bu kimi festivalların keçirilməsi fermerlərin bilik və bacarıqlarının artırılmasına, məhsuldarlığın yüksəldilməsinə və sahibkarlıq imkanlarının genişləndirilməsinə mühüm töhfə verir. O qeyd edib ki, Oğuz rayonunun kənd təsərrüfatı potensialı böyükdür və fermerlərin yeni texnologiyalarla, sertifikatlı toxumlarla təmin olunması bu potensialın reallaşmasına xidmət edir.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında vurğulayıb ki, Aqrar Biznes festivalları ölkənin müxtəlif bölgələrində artıq ənənəyə çevrilib və kənd təsərrüfatında dövlət-özəl tərəfdaşlığının inkişafına mühüm dəstək verir. Onun sözlərinə görə, bu tədbirlər çərçivəsində aqrar məhsulların istehsalı və satışı ilə məşğul olan şirkətlər, bank və kredit təşkilatları, həmçinin dövlət qurumları fermerlərlə birbaşa ünsiyyət quraraq onların ehtiyaclarını öyrənir və əməkdaşlıq imkanlarını genişləndirirlər.

Daha sonra tədbir iştirakçıları stendlərə baxış keçirərək təqdim olunan məhsullarla tanış olublar. Tədbir çərçivəsində fermerlərə aqrar sahədə tətbiq olunan yeni yanaşmalar, müasir texnologiyalar və dövlətin dəstək mexanizmləri barədə məlumatlar verilib.

Qeyd edək ki, Oğuz rayonunda keçirilən toxum sərgi-satış yarmarkası bu istiqamətdə təşkil olunan sayca ikinci tədbirdir. Bu il 10-dan artıq bölgədə toxum sərgi-satış yarmarkasının təşkili nəzərdə tutulur.

Seçilən
8
6
sia.az

7Mənbələr