AZ

Bakıda leysan xarakterli yağışlarla əlaqədar yeni kollektorlar salınacaq

Payız-qış mövsümünə hazırlıq çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti məsələ ilə bağlı aidiyyatı üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nə müraciət edib və görülən tədbirlərlə bağlı məlumat alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Xidmətin təqdim etdiyi məlumata görə, tabeliyindəki Sukanal idarələri tərəfindən payız-qış mövsümünə hazırlıq məqsədilə yağış və tullantı su xətlərinin profilaktik yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi üzrə qabaqcadan hazırlanmış tədbirlər planına uyğun işlər görülür.

Bildirilib ki, Bakı Sukanal İdarəsinin balansında olan iri kollektorların yuyulması, yağlanması və tənzimlənməsi davam etdirilir. Mövsümlə əlaqədar, yağıntılar zamanı isə həmin qurğular əvvəlcədən təsdiqlənmiş rejimə uyğunlaşdırılacaq.

Yağışlar zamanı fəsadların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər də gücləndirilib. Belə ki, riskli ərazilərdə (“qırmızı nöqtələrdə”) briqadalar toplanır, kanalizasiya nasos stansiyalarının fəaliyyəti, yağış sularının təxliyyəsi üçün nəzərdə tutulmuş xəttlərin idarə olunması ciddi nəzarətdə saxlanılır.

Cari ildə paytaxt ərazisində mühüm infrastruktur işləri də həyata keçirilib:

Şəhərin bir neçə nöqtəsində yağış sularının təxliyyəsi üçün nəzərdə tutulmuş xətlər salınıb, bəzi ərazilərdə isə bu istiqamətdə işlərə başlanılıb. Qeyd edilib ki, görülən bu işlər qısamüddətli plan çərçivəsindədir.

Bundan əlavə Xidmət bu istiqamətdə uzunmüddətli tədbirlər də həyata keçirir. Bu kontekstdə yeni kollektorlarla bağlı görülən işlər də diqqət çəkir. Leysan xarakterli yağışların yağması zamanı suların kənarlaşdırılması məqsədi ilə bir neçə istiqamətdə yeni kollektorların salınması işləri, bəzi yerlərdə isə bu işlərin başlanılmasına hazırlıq aparılır.

Bildirilib ki, bu işlərin başa çatdırılması üçün müəyyən zamana ehtiyac var, işlər başa çatdıqdan sonra isə güclü yağışın törədə bildiyi fəsadlar tədricən azalacaq.

Qeyd edək ki, bir neçə ay əvvəl Moskvada, Nyu-Yorkda və Yaponiyada baş verən güclü leysanlar xeyli fəsadlara yol açıb. İnkişaf etmiş şəhərlərdə belə təbiətin qəfil gücü qarşısında nəqliyyat iflic olub, yaşayış binaları və infrastruktur ciddi ziyan görüb. Bu isə göstərib ki, leysan xarakterli yağıntılar təkcə zəif sistemli şəhərlər üçün deyil, ən müasir paytaxtlar üçün də qaçılmaz təhlükədir. Elə buna görə də Bakı kimi böyük şəhərlərdə də qabaqlayıcı tədbirlər vaxtında və planlı şəkildə həyata keçirilməlidir.

Payız-qış aylarının özü ilə gətirdiyi çətinliklərdən biri də leysan xarakterli güclü yağıntılardır. Qeyd edək ki, ötən mövsümdə Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda baş verən güclü yağıntılar zamanı aidiyyəti qurumlar arasında operativ koordinasiyanı həyata keçiririb.

Seçilən
55
6
operativmm.az

6Mənbələr