AZ

Azərbaycan süni intellekt sahəsində fəal beynəlxalq əməkdaşlıqlara başlayıb...


Müasir dünyada süni intellektin geniş səviyyədə tətbiq edildiyi məlumdur. Azərbaycan da bu məsələdə səylə çalışır. Bilirik ki, Azərbaycan süni intellekt ideyalarına əsaslanan yeni texnoloji inkişafa qədəm qoyub və bu sahədə indiyə qədər xeyli işlər görülüb. Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin genişləndirilməsi və vətəndaşların bu sahədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi istiqamətində işlərin görüldüyü də bilinəndir.

Azərbaycanda da yeni texnoloji reallıqlar yaranıb, bu da respublikanın iqtisadi inkişafı ilə yanaşı, milli təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlib. Mütəxəssislərin bu istiqamətdə apardıqları araşdırmalar göstərir ki, artıq ölkəmizdə yüksək intellektual xüsusiyyətlərə və imkanlara malik, müxtəlif təyinatlı smart qurğular və sistemlər işlənir, həmçinin “ağıllı şəhər” və “ağıllı kənd” layihələri reallaşdırılır.

Ekspertlərə görə, son illər ölkəmizdə qabaqcıl texnologiyaların, xüsusilə də süni intellekt texnologiyalarının inkişafı dövlət tərəfindən mühüm vəzifə kimi qoyulub. Ekspertlər qeyd edir ki, hazırda Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə bu sahədə də sıx əməkdaşlıq edir.

Ölkənin xarici siyasətində və beynəlxalq təşkilatlarla təmaslarda süni intellektin inkişaf etdirilməsi, süni intellektin informasiya və kommunikasiya texnologiyaları sahələrində tətbiqi perspektivlərinin yüksək olduğu ortadadır.

Son dövrlər Azərbaycanın xarici siyasətində, imzalanmış beynəlxalq sənədlərdə süni intellektin inkişaf etdirilməsi zərurəti ilə bağlı məsələlər ön plandadır. Bildiyimiz kimi, bu ilin avqust ayında Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri zamanı Vaşiqtonda Amerika ilə Strateji tərəfdaşlıq memorandumu (Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmasına dair Anlaşma Memorandumu) imzalandı. Bu sənədin də mühüm istiqamətlərindən biri süni intellektin inkişaf etdirilməsi, bu sahədə əməkdaşlıq edilməsidir. Azərbaycan dövləti süni intellekt sahəsində digər ölkələrlə də əməkdaşlığa maraq göstərir.

Çinlə də bu sahədə əməkdaşlığımızın təməlləri atılıb. Xarici işlər nazirinin müavini Elnur Məmmədov bir neçə ay əvvəl verdiyi açıqlamada bildirirdi ki, süni intellekt və informasiya texnologiyaları (İT) Azərbaycan ilə Çin arasında əməkdaşlığın gündəliyində mərkəzi yer tutacaq və bu sahələr tərəfdaşlıqda getdikcə daha əhəmiyyətli olacaq. Onu da deyək ki, Çin dünya ölkələri arasında süni intellektin tətbiqi sahəsində ən qabaqcıl ölkələrdən biridir və ölkəmizin də Çinlə bu istiqamətdə əməkdaşlığı faydalı olacaq.

Məlumat üçün bildirək ki, texnologiya, həmçinin süni intellekt sahələrində qarşılıqlı əməkdaşlığın gücləndirilməsini təşviq etmək məqsədilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Elm və Texnologiya Nazirliyi arasında süni intellekt elmi sahəsində Əməkdaşlıq Proqramının birgə tətbiqi haqqında Niyyət Məktubu” və “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Elm və Texnologiya Nazirliyi arasında elm, texnologiya və innovasiya sahələrində əməkdaşlıq üzrə Xüsusi Proqramın birgə tətbiqi haqqında Niyyət Məktubu” imzalanıb.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2025-2028-ci illəri əhatə edən “Süni İntellekt Strategiyası” təsdiq edilib.

Bu sənəd ölkənin süni intellekt sahəsində inkişafını sürətləndirmək, rəqəmsal inkişafı dəstəkləmək və qlobal süni intellekt ekosistemində Azərbaycanın rolunu gücləndirmək məqsədi daşıyır.

Strategiyanın əsas məqsədləri sırasında qeyd edilən sahədə innovasiya və rəqəmsal inkişafın təşviqi, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, süni intellekt əsaslı məlumat idarəetməsinin təşkili, ixtisaslı kadr hazırlığı, bilik və bacarıqların genişləndirilməsi, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, məlumat təhlükəsizliyi və etik qaydalara əsaslanan idarəetmə mexanizmlərinin qurulması yer alır.

Süni intellektin inkişafı üçün əsas infrastruktur tədbirləri çərçivəsində yüksəksəviyyəli hesablama resurslarının qurulması, açıq məlumat bazalarının yaradılması və süni intellektin müxtəlif istiqamətlərdə, xüsusilə Təbii Dil Emalı texnologiyalarında tətbiqi nəzərdə tutulur. Məlumat keyfiyyətinin artırılması və böyük həcmli verilənlərin effektiv şəkildə emal edilməsi üçün milli məlumat strategiyasının hazırlanması planlaşdırılır.

Bununla yanaşı, süni intellekt sahəsində akademik tədqiqatlara dəstək verilməsi və ali təhsil müəssisələrində yeni tədris proqramlarının tətbiq olunması da əsas prioritetlərdəndir. Konsepsiya çərçivəsində beynəlxalq əməkdaşlıqların inkişaf etdirilməsi də nəzərdə tutulur. Strategiyaya əsasən, süni intellekt sahəsində startap ekosisteminin inkişafı üçün investisiyaların artırılması, süni intellektin kommersiyalaşdırılmasını dəstəkləyən təşəbbüslərin həyata keçirilməsi, startap və sahibkarların dəstəklənməsi, yerli və xarici investorların bu sahəyə cəlb edilməsi planlaşdırılır.

Həmçinin süni intellekt sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin genişləndirilməsi, o cümlədən güzəştli kreditlərin verilməsi ilə bağlı tədbirlər görüləcək.

Süni intellekt texnologiyalarının etik istifadəsi və təhlükəsizliyinin təmin edilməsi strategiyanın mühüm istiqamətlərindən biridir. Bu məqsədlə tənzimləyici çərçivənin yaradılması, süni intellekt alqoritmlərinin şəffaflığının təmin edilməsi, məlumat qərəzinin aradan qaldırılması və kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək.

Eyni zamanda ictimaiyyətin süni intellekt texnologiyalarına dair məlumatlılığının artırılması və onlardan istifadənin cəmiyyət üçün faydaları barədə maarifləndirici kampaniyaların aparılması nəzərdə tutulur. Yeni strategiyanın həyata keçirilməsi Azərbaycanı süni intellekt texnologiyalarının inkişafı sahəsində regionda liderlər sırasına daxil edəcək və ölkənin rəqəmsal inkişafına mühüm töhfə verəcək. Bu strategiya, həmçinin süni intellekt ekosisteminin formalaşdırılması və ölkənin qlobal süni intellekt platformalarında aktiv iştirakını təmin etmək üçün bir yol xəritəsi kimi çıxış edəcək.

Qeyd edək ki, sentyabrın 8-də Bakıda Süni İntellekt Akademiyasının (AI Academy) açılışı oldu. “AI Academy” AZCON Holding-in dəstəyi ilə fəaliyyət göstərəcək tədris mərkəzidir. Akademiya “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”na əsasən yaradılıb.

Süni İntellekt Akademiyasının əsas məqsədi süni intellekt sahəsində mütəxəssislər hazırlamaq və ölkədə rəqəmsal transformasiyanı sürətləndirməkdir. Akademiya həmçinin gələcəkdə Azərbaycanı regionda süni intellekt təhsili və innovativ layihələrin tətbiqi üzrə aparıcı mərkəzə çevirməyi hədəfləyir.

Tədris proqramları beynəlxalq standartlara uyğun hazırlanıb və dünyanın aparıcı universitetlərinin təcrübəsinə əsaslanır. Akademik heyət süni intellekt və müasir texnologiyalar sahəsində zəngin təcrübəyə malik mütəxəssislərdən ibarətdir.

Akademiyanın fəaliyyətində qlobal elmi mühitə inteqrasiya prioritet istiqamətlərdən biridir. Bu məqsədlə süni intellekt sahəsində dünyanın aparıcı ali təhsil müəssisələri olan Massaçusets Texnologiya İnstitutu (MIT), Kaliforniya Universiteti, Karnegi Mellon Universiteti, Harvard Universiteti və Stanford Universiteti ilə əməkdaşlıqlar qurulub. Bu nüfuzlu universitetlərin professor və alimləri akademiyaya qonaq mühazirəçi kimi dəvət olunacaqlar.

Süni İntellekt Akademiyası fəaliyyətində elmi-tədqiqat işləri və innovativ layihələrin hazırlanması kimi istiqamətlərə xüsusi önəm verir. Burada təhsil alan gənclər və mütəxəssislər startap ideyaları üzərində işləmək, tətbiqi layihələrdə iştirak etmək və beynəlxalq təcrübədən faydalanmaq imkanına malik olacaqlar.

Azərbaycanda süni intellektin informasiya və kommunikasiya texnologiyaları sahəsində tətbiqi perpsektilərinin yüksək olduğunu bu sahədə görülən işlərə baxmaqla demək olur. Azərbaycan dövləti bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir, konkret strategiya mövcuddur, süni intellektin elm, təhsil, iqtisadiyyat və sair sahələrə gələcəkdə böyük töhfələr verəcəyi aşkardır.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
70
baki-xeber.com

1Mənbələr