AZ

Azərbaycanda həbsdə yatan xaricilər də sığortalanacaq....


Səadət Bənənyarlı: “Əcnəbi məhbusların tibbi sığorta xidmətindən yararlanması müsbət haldır”

Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla, həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab ediləcək. Bu məsələ Milli Məclisin Səhiyyə komitəsinin ötən iclasında müzakirə olunub.

Layihəyə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş, habelə həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab ediləcək”.

Bununla məhbusların tibbi xərcləri sığorta xidmətindən qarşılanmalı olacaq.

“Yeni qərarın hansı məhbuslara şamil olunacağı hələ bəlli deyil, məntəqə tipli cəzaçəkmə müəssisələrində olan məhkumlara bəzi məhdudiyyətlər var”

Hüquq müdafiəçisi Səadət Bənənyarlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yeni qərar təqdirəlayiqdir: “Yeni qərarın hansı məhbuslara şamil olunacağı hələ bəlli deyil. Məntəqə tipli cəzaçəkmə müəssisələrində olan məhkumlara bəzi məhdudiyyətlər var. Əcnəbi məhbusların tibbi sığorta xidmətindən yararlanması müsbət haldır. Məlumdur ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, səhiyyə hüququ təkcə Azərbaycan Respublikası vətəndaşlarına deyil, həm də əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil edilir.

Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarına əsasən, tibbi məsləhət və müalicə almaq üçün pullu xidmət göstərən tibb müəssisələrinə müraciət etmiş məhkumlar tibbi xidmətlərin, dərman vasitələrinin ödəniş haqqını öz şəxsi hesablarındakı vəsaitdən ödəyirdi. Ancaq yeni qanuna əsasən məhkumların tibbi xidmətlərə əlçatanlığı daha asan olacaq. Məhkumların tibbi xidmətdən pulsuz istifadə etməsi olduqca müsbət qərardır”.

Günel CƏLİLOVA

Seçilən
38
baki-xeber.com

1Mənbələr