AZ

Süni intellekt Quranı da “ləkələdi” - RƏY

Bu nöqsandan sui-istifadə edərək dini mətnləri təhrif etmək istəyən dairələrin əlinə fürsət düşüb

“Dini mətnləri süni intellekt vasitəsilə əldə etmək, etibar etmək, istifadə etmək indiki halda doğru deyil"

“Süni intellekt Quranın bəzi ayə və sözlərini təhrif edir”. Bunu Tatarıstan müftisi Kamil Samiqullin Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya və Ənənəvi Dinlər Liderlərinin Qurultayında jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Mən internetdən geniş istifadə edirəm və süni intellektlə işləmək cəhdləri də olub. Əlavə vasitə kimi istifadə olunarsa, faydalı ola bilər. Ancaq Quran ayələrini soruşduqda çox vaxt təhriflər və ya əlavələr olur. Quranı əzbər bilən biri kimi onun bəzi sözləri əvəz etdiyini dərhal hiss edirsən və bu vəziyyət bizi narahat edir”, - müfti bildirib.
Samiqullin qeyd edib ki, dini məsələlərlə bağlı süni intellektdə hər hansı cavab axtarmaq, ondan bu barədə soruşmaq lazım deyil: “Bu kontekstdə dini məsələlərlə bağlı süni intellektin işini aydın şəkildə tənzimləmək lazımdır".

Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan Sherg.az-a bildirib ki, süni intellektin müxtəlif faydalı tərəfləri olsa da beyni, zehni, insan təfəkkürünü tənbəlləşdirdiyi, gərəksiz etdiyi üçün ziyanları da çoxdur və bu zərərlər getdikcə üzə çıxacaq: 

"Ümumiyyətlə, texnologiyaların ziyanlı yönləri çoxdur. Fiziki əmək, insanların zehni əməyi ilə birləşib canlı cəmiyyətin əsasını qoyur, təbii hərəkəti, düşüncəni meydana gətirir və insanın lazımlı varlıq olduğunu sübut edir. Amma süni intellekt süni düşüncə ortaya qoyur. Bu barədə bir qədər əvvəl Roma Papası XIV Leo gözəl açıqlama vermişdi. Papa demişdi: "Unutmaq olmaz ki, süni intellekt insanlığa xidmət edən bir vasitə olmalıdır. Onun insanın rolunu azaldacaq və ya onu əvəz edəcək bir alətə çevrilməsinə yol verilməməlidir. Şəxsi həyat istənilən alqoritmdən üstündür. Sosial münasibətlər isə ruhsuz maşınların proqramlaşdırdığı sxemlərdən qat-qat geniş və dəyərlidir”. Əslində, Papanın bu xəbərdarlığı bütün səmavi dinlərin süni intellektə münasibətini xarakterizə edir". 

İlahiyyatçının sözlərinə görə, süni intellektin Quranı, İncili, yaxud Tövratı təhrif etməsi kimi hallar bu yeniliyin yaratdığı növbəti problemlərdən biridir. Təbii ki, sosial həyatı əvəz edə bilmədiyi kimi müqəddəs kitabları da təhrif edir. Quranın müxtəlif tərcümələri və orijinal mətnin fərqli çap variantları var: 

"Ayələrin duraq yerləri və keçid hissələri qiraət qaydalarına görə fərqlidir. Quran 7 qiraət, 14 rəvayət üzrə oxunur və bu variantların hamısı mötəbər nəqllərə əsaslanır. Təbii ki, süni intellekt bunu həzm edə, aydınlaşdıra bilməz. Vəhyin təhrif olunması fəsad yarada bilər. Bu, öncə texnologiyaların qüsurudur. Çünki insan heç zaman Allahın yaratdığı kimi nöqsansız yarada bilməz. Texnika təbii beynin, düşüncənin, yaddaşın yerini verə bilməz. Eyni zamanda bu nöqsandan sui-istifadə edərək dini mətnləri təhrif etmək istəyən dairələrin də əlində fürsətdir. Çaşdırmaq, mətnləri məqsədlərinə uyğun təqdim etmək üçün bu xətadan istifadə edə bilərlər. Ümumiyyətlə, dini mətnlərin süni intellekt vasitəsilə istifadə edilməsini birmənalı qəbul etmək olmaz. Dini mətnlərdə müqəddəslik anlayışı var ki, süni intellekt bunu nəzərə almır. Hər bir halda hədis, din tarixi və bu kimi digər dini mətnlərin yanlış təqdim olunmaması üçün isə məlum texnologiyanın təkmilləşməsi üçün dövlətlər müraciət edə, tələb qoya bilər. Eyni zamanda dini qurumlar bu problemin daha dərin fəsadlara aparmaması üçün addımlar atmalıdır. Süni intellektin təqdim etdiyi Quran ayəsi həqiqi sayıla bilməz, onunla hökm verilə bilməz və mənasına etibar edilməz. Çünki yanlışlıq nümunələri var və bu zaman çıxan nəticə fərqli ola bilər. Quran və digər dini mətnləri süni intellekt vasitəsilə əldə etmək, etibar etmək, istifadə etmək indiki halda doğru deyil".

Seçilən
17
sherg.az

1Mənbələr