AZ

Unudulmaz Bakı

Azərbaycan Qran-prisi möhtəşəm məqamlarla yadda qalacaq

Dünyada avtomobil həvəskarlarının əsas bayramı hesab edilən "Formula-1" Azərbaycan Qran-prisinə ölkəmizin evsahibliyi etməsinin qürur və sevincini yaşamaqdayıq. Belə bir möhtəşəm yarışın sayca 9-cu dəfə Azərbaycanda keçirilməsi dünyaya növbəti dəfə azərbaycanlıların mehribanlığı, qonaqpərvərliyi, qədim tarixi, füsunkar təbiəti, mentaliteti, sürətlə inkişaf edən müasir ölkə ilə tanışlıq fürsəti verir.

Çoxlu sayda siyasi, mədəni, idman və digər tədbirlərin ən mötəbər ünvanına çevrilən respublikamız növbəti beynəlxalq tədbirə də layiqincə evsahibliyi etməklə dünyanın diqqətini Bakıya cəlb edəcək. "Formula-1" Azərbaycan Qran-prisi ilə bağlı Bakıya gələn hər kəs Azərbaycanın inkişafını, xalqımızın qonaqpərvərliyini, zəngin mədəniyyətini öz gözləri ilə görəcək. Bütövlükdə bu mötəbər tədbir Azərbaycanı növbəti dəfə beynəlxalq aləmə daha yaxından tanıdacaq.

Hər kəs Azərbaycanda keçirilən sürət yarışına hazırlıq işlərinin çox yüksək səviyyədə aparıldığının şahidinə çevrilib. Bunu yarışın hazırlıq prosesinə nəzər yetirdikdə aydın görmək mümkündür. İlk növbədə Azneft dairəsindən Dəniz vağzalına kimi qurulan bütün əyləncə zonaları, "F-1" şəhərciyi bütün bilet sahiblərinin üzünə qapılarını açır. Tamaşaçılar onlar üçün qurulmuş möhtəşəm əyləncə məkanlarından istifadə edə biləcəklər. 

Ümumiyyətlə, bu tədbirlər hər kəs üçün inanılmaz dərəcədə maraqlı və unudulmayacaq məqamlarla yadda qalır. Üçgünlük tribuna biletlərinin sahibləri günorta saatlarında Pitleyn yürüşü edərək, "Formula-1" həyatını daha yaxından izləmək şansına malik olurlar. Tamaşaçılar komandaların qarajlarında dünyanın ən innovativ yarış avtomobillərinin mühəndis və mexaniklər tərəfindən necə sazlanması prosesini yaxından izləmək imkanını əldə edirlər. Bakı bulvarının əsas səhnəsində sürətsevərlər öz qəhrəmanları - dünyaca tanınmış pilotlarla avtoqraf sessiyalarında görüşəcəklər. Bu isə azarkeşlər üçün əsl hədiyyə olacaq. "Formula-1"in Azərbaycan nümunəsi yüksək səviyyədə hazırlıqlı, qonaqpərvərliklə dünyanı heyran edərək, paytaxtımızda yarışan ən məşhur pilotların qəlbində dostluq, anlaşma, sevgi məşəli yandırıb.

Beləliklə, ölkəmizə gələn turistlər, dünyanın aparıcı pilotları, avtomobil mütəxəssisləri Azərbaycanla daha yaxından tanış olur, ölkəmizin inkişafını gözləri ilə görürlər. 

Azərbaycan bu yarışa da yüksək səviyyədə evsahibliyi etməklə bir daha sübut edəcək ki, beynəlxalq tədbirlərin keçirilməsi üçün əsas ünvanlardan biridir.

E.CƏFƏROV,

"Azərbaycan"

Seçilən
45
azerbaijan-news.az

1Mənbələr