AZ

Sabahın Bakısı necə olacaq?

Paytaxtın tarixi siması qorunacaq, rahatlığı və gözəlliyi yüksəldiləcək

Baş nazir Əli Əsədovun “Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupun yaradılması haqqında” 15 sentyabr 2025-ci il tarixli sərəncamında Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə paytaxtın simasının əsaslı şəkildə dəyişdiyi, onun beynəlxalq miqyasda daha geniş tanındığı və turistlər üçün cəlbedici məkanlardan birinə çevrildiyi bildirilir.

Sənəddə, eyni zamanda Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli Qərarı ilə təsdiqlənən “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı”nda paytaxtın müasir şəhərsalma prinsipləri əsasında daha da inkişaf etdirilməsinin, rahat və inklüziv yaşayış mühitinin yaradılmasının, sosial və mədəni həyatın inkişafına xidmət edən məkanların formalaşdırılmasının nəzərdə tutulduğu vurğulanır.

Baş nazirin imzaladığı sərəncamda daha sonra diqqətə çatdırılır ki, Baş Plana uyğun yenidən qurulması nəzərdə tutulan ərazilərin inkişafı üzrə müəyyənləşdirilən hədəflər yerli və xarici investorların əlavə marağına səbəb olub, bununla bağlı konkret investisiya təkliflərinin irəli sürülməsi təşviq edilib. Eyni zamanda Bakı şəhərində dayanıqlı və inklüziv şəhər inkişafını reallaşdıran müasir şəhərsalma təşəbbüslərinə, o cümlədən çoxmərkəzli şəhər və şəhər içində şəhər konsepsiyalarına əsaslanan layihələrə investisiyaların cəlb edilməsi, bu növ layihələrin həyata keçirilməsi niyyətini bildirən sərmayədarlara layihələrin reallaşdırılmasına aidiyyəti dövlət qurumları tərəfindən dəstək göstərilməsi, eləcə də onun müvafiq institusional çərçivə vasitəsilə əlaqələndirilməsi məqsədilə İşçi Qrupun yaradılması qərara alınıb.

Bu məqamda xatırlatmaq yerinə düşər ki, Bakı şəhərinin 2040-cı ilədək olan dövrünü əhatə edən və dayanıqlı inkişaf, tarixi irsin qorunması və “yaşıl” enerjiyə keçid kimi mühüm prinsipləri özündə birləşdirən, eləcə də paytaxt ərazilərinin nizamlı inkişaf prioritetlərini müəyyənləşdirən Baş Plan uzunmüddətli, strateji və konseptual bir sənəddir.

Baş Planın layihəsi Almaniyanın nüfuzlu “AS+P”, Birləşmiş Krallığın “Ramboll”, “EY Advisory” şirkətləri və Bakı Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanıb. Müstəqillik dövründə paytaxtımızın inkişafına dair bu ilk sənəddə şəhərin 212,3 min hektar ərazisi əhatə olunub və inkişaf hədəfləri 3 milyon 170 min nəfərə yaxın əhalinin tələbatları nəzərə alınmaqla müəyyənləşdirilib.

Qeyd edək ki, Baş Planda Bakının inkişaf konsepsiyası 4 prioritetə – şəhərin dayanıqlı inkişafı, ətraf mühitin regenerasiyası, paytaxtın tarixi – memarlıq siması, tarixi irsin qorunması və bu ərazidə yeni şəhər iqtisadiyyatının yaradılmasına əsaslanır. Sənədin təməl prinsiplərindən biri şəhərin dayanıqlı və tarazlı inkişafının gerçəkləşdirilməsidir. Bu prinsipin həyata keçirilməsi üçün paytaxtın çoxmərkəzli inkişafı əsas prioritetdir. Bundan məqsəd isə əsas mərkəzdəki yükün (sıxlığın) digər regional mərkəzlərə yönləndirilməsi ilə Bakının bütün ərazilərinin dayanıqlı, tarazlı inkişafını təmin etməkdir.

Baş Planda ətraf mühitin bərpası ilə əlaqədar layihələrin həyata keçirilməsi ikinci prioritet kimi nəzərdə tutulub. Bu məqsədlə külək və günəş enerjisi üçün infrastrukturun yaradılması, çirklənmiş göl və torpaqların təmizlənməsi, “yaşıl” hibrid dəhlizlərin, yaşıllıqların salınması qərara alınıb. Layihədə, eyni zamanda Böyükşor, Xocasən, Zığ və Bülbülə göllərinin təmizlənməsi və onların ətrafında rekreasiya, mühafizə zonalarının yaradılması planlaşdırılıb. “Yaşıl” hibrid dəhlizlərin isə həm şəhərdaxili, həm də xarici ərazilərdə salınacağı və şəhər mərkəzlərini əlaqələndirəcəyi nəzərdə tutulub. Bu dəhlizlər vasitəsilə velosiped və piyada yolları, istirahət məkanları və digər “yaşıl” infrastruktur elementlərinin birləşdirilməsi qarşıya əsas vəzifələrdən biri kimi qoyulub.

Bakı tarixi şəhər olduğu üçün zəngin memarlıq irsinə malikdir. Buna görə də paytaxtın gələcək inkişafının, tikinti-abadlıq işlərinin şəhərin tarixi irsinə xələl gətirilmədən aparılması Baş Planda üçüncü prioritet olaraq diqqətə çatdırılır və bununla bağlı konkret həll yolları təklif edilir. Nəzərə alınmalıdır ki, ölkədə 6 mindən çox qeydiyyata alınmış tarixi memarlıq abidəsi varsa, onların 1600-dən çoxu Bakı şəhərində yerləşir. Bunlardan UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu da daxil olmaqla 614 abidə məhz Bakının tarixi mərkəzinin payına düşür. Ona görə şəhərin bu hissəsi xüsusi mühafizə olunan bir zona kimi təklif edilir və orada xüsusi rejimin tətbiq olunacağı nəzərdə tutulur.

Yuxarıda xatırlatdığımız kimi, İçərişəhər UNESCO-nun dünya irsi siyahısına daxil olunmaqla, paytaxtın tarixi dəyərinin beynəlxalq səviyyədə tanındığını təsdiqləyir. Lakin sürətli tikinti və urbanizasiya prosesi bu irsin qorunmasını çətinləşdirir. Baş Planın mühüm istiqamətlərindən biri məhz “İçərişəhər”in, eləcə də digər tarixi məkanların mühafizəsidir. Burada söhbət təkcə mövcud abidələrin qorunmasından deyil, həm də şəhər kimliyinin saxlanılmasından gedir.

Yeni plan şəhərin tarixi mərkəzində və qədim məhəllələrində bərpa və mühafizə işlərini gücləndirməyi də nəzərdə tutur. Bu, bir tərəfdən turizm sektoruna əlavə imkanlar açır, digər tərəfdən isə gələcək nəsillərə milli kimliyi əks etdirən unikal urbanistik mühit ötürür. Beləliklə, paytaxtımız həm modern meqapolis, həm də qədim tarixlə yaşayan şəhər olaraq öz unikal simasını qoruyur.

Bakı şəhərinin Baş Planının 4-cü prioriteti isə şəhərin bundan sonrakı iqtisadiyyatının hansı sektorlar əsasında inkişaf etdiriləcəyi məsələsini əhatə edir. Aydındır ki, ağır sənaye, xüsusən neft və kimya sənayesi paytaxtdan kənarda inkişaf etdirilməlidir. Ona görə də bunun üçün müasir tendensiyalar təhlil edilərək potensial ərazilər müəyyənləşdirilib. Yeri gəlmişkən, artıq bir çox sənaye müəssisələri dəniz limanı daxil olmaqla Ələt Azad İqtisadi Zonasına köçürülüb və inkişaf etdirilir. Şəhərin həmin hissəsinin, ilk növbədə, logistik mərkəz kimi inkişaf etdiriləcəyi planlaşdırılıb.

Göründüyü kimi, Bakının Baş Planının əsasında dayanıqlı inkişaf konsepsiyası dayanır. Sürətli urbanizasiya nəticəsində şəhər getdikcə artan əhali və nəqliyyat sıxlığı, eləcə də ekoloji yüklənmə ilə üzləşir. Bu baxımdan, planın əsas hədəflərindən biri funksional zonalaşmanı təmin etməkdir. Yəni yaşayış, sənaye, logistika, sosial xidmət və istirahət məkanlarının bir-birini tamamlayan şəkildə inkişafı diqqətdə saxlanılmalıdır. Dünya təcrübəsinə əsasən, belə bir yanaşma həm insanların gündəlik həyatını asanlaşdırır, həm də şəhərin planlı şəkildə genişlənməsini reallaşdırır.

Ekoloji dayanıqlıq Baş Planın mərkəzi sütunlarından biridir. Belə ki, şəhərdə avtomobil sıxlığının azalması üçün alternativ nəqliyyat vasitələrinin – metro, avtobus şəbəkəsi, elektrik nəqliyyatı və velosiped yollarının genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda yeni parklar, yaşıllıq zolaqları və ekoloji qoruqların yaradılması da paytaxtın hava keyfiyyətini yaxşılaşdırmağa xidmət edir.

Onu da deyək ki, Azərbaycanın son illərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, eləcə də Naxçıvan bölgəsində “yaşıl enerji zonaları” yaratmaq təşəbbüsü Bakıya da birbaşa təsir edir. Baş Planda paytaxtda alternativ enerji mənbələrindən – günəş və külək enerjisindən istifadənin genişləndiriləcəyi nəzərdə tutulur. Belə bir şəraitdə həm elektrik enerjisi istehsalında şaxələndirmə təmin edilir, həm də karbon emissiyaları azalır.

Ümumiyyətlə, paytaxtın kommunal xidmətlərinin, nəqliyyat şəbəkəsinin və sosial infrastrukturun genişləndirilməsi yalnız əhalinin rahatlığını deyil, həm də iqtisadi dinamizmi artırır. Bununla yanaşı, Baş Plan şəhərin dayanıqlı enerji mənbələrinə keçidini də nəzərdə tutur. Bu, Azərbaycanın ümumi “yaşıl enerji” strategiyası ilə üst-üstə düşür və paytaxtın ekoloji yükünü əhəmiyyətli dərəcədə azaltmaq potensialına malikdir.

Baş Plan yalnız şəhərsalma layihəsi deyil, həm də sosial-iqtisadi inkişafın strateji yol xəritəsidir. Yeni iş yerlərinin yaradılması, xidmət sektorunun genişləndirilməsi və turizmin inkişafı ilə yanaşı, Bakı regional innovasiya və texnologiya mərkəzinə çevrilmə hədəfini daşıyır. Şəhərin müasir təhsil, səhiyyə və mədəniyyət infrastrukturu genişləndikcə, burada həyat keyfiyyəti yüksələcək, paytaxt beynəlxalq investorlar üçün daha da cəlbedici olacaq.

Eyni zamanda plan çərçivəsində şəhər əhalisinin sosial ehtiyaclarının təmin olunması xüsusi önəm daşıyır. Yaşayış massivlərinin genişləndirilməsi, yeni məktəb və xəstəxanaların tikintisi, sosial xidmətlərin əlçatanlığının artırılması insanların gündəlik həyatında əhəmiyyətli rol oynayacaq.

Bakı şəhərinin 2040-cı ilədək Baş Planı Azərbaycanın müasir inkişaf konsepsiyasının tərkib hissəsi kimi strateji əhəmiyyətə malikdir. Bu sənəd şəhərin planlı genişlənməsini gerçəkləşdirməklə yanaşı, ekoloji tarazlığı qorumağı, tarixi irsi gələcək nəsillərə ötürməyi və dayanıqlı sosial-iqtisadi inkişafı hədəfləyir. Baş Plan, eyni zamanda, paytaxt Bakının gələcəkdə Cənubi Qafqazın, eləcə də Xəzəryanı regionun ən inkişaf etmiş və “yaşıl” texnologiyalara əsaslanan meqapolislərindən birinə çevrilməsini mühüm vəzifə kimi qoyur. Bütün bunlar isə gələcəkdə Bakının təkcə iqtisadi güc mərkəzi deyil, həm də tarixi və müasirliyin harmonik vəhdətini təcəssüm etdirən unikal şəhər nümunəsi olacağı əminliyi yaradır.

Samir HEYDƏROV,
iqtisadçı-ekspert

Son illərdə paytaxtımızın şəhərsalma prinsipləri əsasında inkişafına xüsusi diqqət yetirilir. Bununla bağlı normativ-hüquqi baza təkmilləşdirilir, dövlət idarəetməsi müasir çağırışlara uyğunlaşdırılır, şəhərsalma və tikinti sahəsində normativ-metodoloji təminat yaradılır və normayaratma fəaliyyəti gücləndirilir. Bütün bunlarla bərabər, Bakıda bina və qurğuların memarlıq planlaşdırma həllərinin şəhərsalma və tikinti normalarına uyğun işlənməsinə nəzarət artırılır.

Qeyd edim ki, Bakının yeni Baş Planının qəbul edilməsi isə hazırda indi sadaladığım məsələlərin həllinə təkan verir. Buna baxmayaraq, sürətli urbanizasiya nəticəsində şəhər getdikcə artan əhali və nəqliyyat sıxlığından, eləcə də ekoloji yüklənmə ilə üzləşdiyindən çox əziyyət çəkir. Ona görə də Bakıda yaşayış, sənaye, logistika, sosial xidmət və istirahət məkanlarının bir-birini tamamlayan şəkildə inkişafı qarşıda önəmli vəzifə kimi durur. Belə bir yanaşmanın gerçəkləşdirilməsi isə yaxın gələcəkdə insanların gündəlik həyatını asanlaşdırmaqla bərabər, paytaxtın planlı şəkildə genişlənməsi reallığına böyük əminlik yaradır.

Burada bir məqamı xüsusi vurğulayım ki, belə bir məsələ – urbanizasiya prosesi yalnız paytaxtımızda deyil, həm də qlobal miqyasda ciddi narahatlıq doğurur. Çünki dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır və bu göstərici artmaqda davam edir. Bu da, öz növbəsində, “yaşıl” sahələrin və biomüxtəlifliyin azalmasına gətirib çıxarır. Belə ki, urbanizasiyanın genişlənməsi ilə infrastruktura olan tələbat artır, nəticədə istixana qazlarının 70 faizdən çox hissəsi məhz şəhərlərdə atmosferi ağırlaşdırır. Yaxud, tikinti sektoru ətraf mühitə birbaşa təsir edən sahədir və karbon emissiyalarının 37 faizdən çoxu bu sektorun payına düşür. Bu səbəbdən də sürətli iqlim dəyişikliyi şəhərimizin müasirləşdirilməsində və idarə edilməsində əsaslı dəyişikliklər tələb edir.

Azərbaycanda da dayanıqlı şəhərlərin qurulması, enerjiyə qənaət edən binaların inşası, bərpaolunan enerji mənbələrinin tətbiqi qarşıda duran əsas prioritetlərdəndir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi əsas istiqamətlərdən biridir.

Vaqif BAYRAMOV
XQ

Seçilən
31
xalqqazeti.az

1Mənbələr