AZ

Bakıda “Olimpiya Günü” keçirildi - YENİLƏNDİ - FOTO

"Beynəlxalq Olimpiya Komitəsi tərəfindən təsis edilən və hər il bütün dünyada qeyd olunan “Olimpiya Günü” tədbiri idman hərəkatının qlobal miqyasda təbliğinə xidmət edir". 

News24.az xəbər verir ki, bu fikri Bakıda keçirilən "Olimpiya Günü" adlı tədbirdə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti cənab Çingiz Hüseynzadə səsləndirib. 

Onun sözləri görə, Azərbaycan Respublikasında 1992-ci ildən fəaliyyət göstərən Milli Olimpiya Komitəsi ölkədə Olimpiya hərəkatının inkişafında mühüm rol oynayır:

 "Müstəqillik dövründə Azərbaycan idmançıları Olimpiya Oyunlarında 11-i qızıl olmaqla ümumilikdə 58 medal qazanmış və bununla da ölkənin idman tarixində əhəmiyyətli nailiyyətlər əldə etmişlər. Hazırda Azərbaycan idmançıları qarşıdan gələn Olimpiya Oyunlarına və MDB idman yarışlarına intensiv şəkildə hazırlıq prosesini davam etdirirlər. Tədbirin iyul ayında keçirilməsi ənənəvi olsa da, şagirdlərin təhsil prosesinə uyğunluq məqsədilə bu il “Olimpiya Günü” sentyabr ayında təşkil edilib".

Qeyd edək ki, hazırda keçirilən tədbirin proqramında estafet və kəndir dartma yarışlarının təşkili nəzərdə tutulur.


***

11:47


Bakıda Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı ilə müasir Olimpiya Hərəkatının yaranmasının 131-ci ildönümünə həsr olunmuş “Olimpiya Günü” tədbiri keçirilib.

News24.az xəbər verir ki, tədbir Beynəlxalq Olimpiya Komitəsinin 1894-cü ildə yaradılması və ilk müasir Olimpiya Oyunlarının 1896-cı ildə Afinada keçirilməsi ilə bağlı tarixi faktların xatırladılması ilə başlayıb. Aparıcı çıxışında Olimpiya dəyərlərinin – dostluq, hörmət və mükəmməlliyə can atma prinsiplərinin vacibliyini vurğulayıb.

“Olimpiya Günü” çərçivəsində 20–26 iyul 2025-ci il tarixlərində Şimali Makedoniya və Xorvatiyada keçirilmiş Avropa Yeniyetmələrinin XVIII Yay Olimpiya Festivalında uğur qazanmış idmançılar səhnəyə dəvət olunublar. 

Qeyd edək ki, Azərbaycan komandası ümumilikdə 10 medal əldə edib. Cüdoçularımız komanda hesabında Avropada birinci olublar. Qaliblər sırasında Rza Xəlilli, Rəsul Əlizadə, Gülşən Hüseynova (I yer), Nuranə Hacızadə, Zeyd Ələsgərov, Oleq Kerjankin, Leyli Əliyeva (II yer), Məhəmməd Ağakişiyev, Aysun Məmmədova, Sübxan Axundov və Yunis Hüseynov (III yer) yer alıblar.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında Azərbaycanın Olimpiya hərəkatına sadiqliyini və beynəlxalq yarışlarda qətiyyətlə təmsil olunmaq iradəsini qeyd edib. Daha sonra Olimpiya çempionu Zemfira Meftəxəddinova da tədbirdə çıxış edib.

Tədbir çərçivəsində məktəblilər arasında estafet və kəndir dartma yarışları keçirilib. İlk üç yeri tutan komandalar medal, diplom və kubokla mükafatlandırılıb, digər iştirakçılara isə Beynəlxalq Olimpiya Komitəsinin sertifikatları təqdim olunub.

Sonda qaliblər təltif olunub, çıxış edənlər tədbirin keçirilməsində dəstək göstərən dövlət qurumlarına və federasiyalara təşəkkürlərini bildiriblər. “Olimpiya Günü” sağlam həyat tərzinin, kütləviliyin və birlik ruhunun təbliği ilə yadda qalıb.


Xeyrənsə Piriyeva 


Seçilən
56
2
news24.az

3Mənbələr