AZ

Məşhur alim dəhşətli kəşfdən sonra yoxa çıxdı: Onun düsturları III dünya müharibəsini dayandıra bilərdi

Yüngül palto geyinmiş sovet fiziki Kordobanın dar küçəsində yerləşən otelini tərk edib və bir daha geri qayıtmayıb. Otaqda alimin şəxsi əşyalarına, külli miqdarda puluna və yarımçıq hesablamalarına toxunulmamışdı. Onun müəmmalı şəkildə yoxa çıxması sirr olaraq qaldı, kəşfləri isə keçmişdən gələn xəbərdarlıq kimi rezonans doğurmaqda davam etdi.

Paris Kommunasından Apokalipsisə

Vladimir Aleksandrov 1938-ci ildə Qorki vilayətinin simvolik adı "Paris Kommunasının Yaddaşı" olan kəndində dünyaya gəlmişdi. Həyatı rəqəmlərlə zəngin olan bu təvazökar alim heç vaxt düşünməzdi ki, bir gün III dünya müharibəsini dayandıra biləcək düsturların müəllifi olacaq. Dissertasiyasını müdafiə etdikdən sonra o, SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzinə qəbul edildi və burada sistem analizinin, ekoloji modelləşdirmənin banilərindən biri sayılan Nikita Nikolayeviç Moiseyevin rəhbərliyi altında çalışdı.

Известный

Aleksandrovun həyatındakı dönüş nöqtəsi 1970-ci illərin sonu - 1980-ci illərin əvvəllərinə təsadüf etdi. SSRİ-də mürəkkəb iqlim modellərini emal edə bilən texnologiya mövcud deyildi. Bu vaxt inanılmaz hadisə baş verdi: Milli İqlim Proqramının dəstəyi ilə amerikalı professor Coel Birli ona Boulder Atmosfer Tədqiqatları Mərkəzində superkompüterlə işləmək imkanı yaratdı. ABŞ-də keçirdiyi səkkiz ay sovet aliminin elmi karyerasında əsl sıçrayışa çevrildi.

O, alqoritmlərini sınaqdan keçirməklə yanaşı, "dəmir pərdə" arxasında əlçatmaz sayılan ən müasir texnologiyalara çıxış əldə etdi. Moskvaya döndükdən sonra Aleksandrov qlobal siyasəti dəyişdirə biləcək bir layihəyə başladı. 1983-cü ildə amerikalı astronom Karl Saqan "Nüvə qışı" nəzəriyyəsini nəşr etdirdi. Bu konsepsiyaya görə, nəhəng nüvə partlayışları biosferi məhv edərək Yer kürəsini uzunmüddətli soyumaya məruz qoya bilərdi. Moiseyev bu fərziyyəni sovet hesablama modelləri ilə yoxlamağı Aleksandrova tapşırdı. Nəticələr hətta alimin özünü də sarsıtdı.

Тайна

Qlobal faciənin düsturu

Alim sübut etdi ki, mövcud nüvə arsenalının yalnız üçdə biri - təxminən 100 meqaton partlayıcı qüvvə - bəşəriyyətin məhvinə səbəb ola bilər. Bu miqyas milyonlarla ton asfaltı, plastiki, betonu və insan qalıqlarını yandıraraq şəhərlər üzərində yanğın fırtınaları yaradırdı. Aleksandrovun hesablamalarına görə, atmosferin küldən təmizlənməsi üçün 150 ilə yaxın vaxt tələb olunurdu. Bu müddət ərzində isə bəşəriyyət - sağ qalanlar belə - aclıqdan, soyuqdan və radiasiyadan məhv olacaqdı. O, məruzəsində yazırdı:
"Yer kürəsinin biosferi o qədər kəskin dəyişəcək ki, insan həyatının mümkünlüyü aradan qalxacaq."

Amerikalı alimlər hesablamaları müstəqil şəkildə yoxladı və uyğunsuzluqlar 10 faizdən artıq olmadı. 1983-cü ildə Vaşinqtonda keçirilən beynəlxalq konfransda Aleksandrovun çıxışı elmi ictimaiyyəti heyrətə gətirdi. Lakin o, təkcə elm üçün deyil, siyasət üçün də təhlükəli şəxsə çevrilmişdi. Onun nəticələri hər iki fövqəldövlətin nüvə strategiyalarını əsaslandıran arqumentləri darmadağın edirdi.

Alim sübut edirdi ki, birinci zərbəni kimin vurmasının fərqi yoxdur. Çünki nüvə müharibəsinin başlanmasından cəmi bir neçə həftə sonra təcavüzkar dövlət özü yaratdığı "nüvə qışı" nəticəsində küllər altında qalacaq. Düşmən cavab verməsə belə, iqlim fəlakəti bütün planetdə kənd təsərrüfatını məhv edəcək, tədarük zəncirlərini pozacaq, şəhərləri donduracaq və kütləvi aclıq yaradacaq.

Bu nəticələr silahlanma yarışının mənasızlığını ifşa edirdi. Tarixdə ilk dəfə olaraq elm sadəcə xəbərdarlıq etmədi, həm də nüvə müharibəsinin siyasi alət ola bilməyəcəyini sübut etdi.

66059695-5bff-476e-8061-6f29b5c5e539.jpg

Qeybə çəkilən alim

Aleksandrovun bu hesablamaları və üstəlik də əlaqələri onu həm Sovet, həm də ABŞ kəşfiyyatları üçün təhlükəli fiqura çevirirdi. Amerikalı iqlimşünas Maykl Makkraken ilə dostluğu sayəsində o, ABŞ-ın nüvə silahlarının hazırlandığı Lourens Livermor Milli Laboratoriyasının superkompüterlərinə çıxış əldə etmişdi. Bu sistemlərin daxili modellərini, alqoritmlərini və zəifliklərini anlayan yeganə sovet alimi idi. Soyuq müharibənin ən gərgin vaxtında bu fakt onu həm Şərq, həm də Qərb kəşfiyyat orqanlarının hədəfinə çevirdi.

1985-ci ildə İspaniyanın Kordoba şəhərində nüvə müharibəsinin nəticələri ilə bağlı məruzə etmək üçün səfərdə olan alim həmkarlarının sözlərinə görə, əvvəllər olduğu kimi zarafat etmir, gərgin görünürdü. Çıxışından bir gün sonra Moskvaya qayıtmalı idi. Lakin həmin səhər otelini tərk edərək qeybə çəkildi. Otağında şəxsi əşyaları, sənədləri, elmi qeydləri və külli miqdarda pulu toxunulmamış qaldı.

6b5abcf6-3c84-41ed-8d41-d2c1802d65ce.jpg

İspaniya polisinin araşdırması nəticə vermədi. Rəsmi orqanlar bəyan etdi ki, alim sərhədi keçməyib və İspaniyanı heç bir yolla tərk etməyib. Onun taleyi sirr olaraq qaldı. Bəziləri Aleksandrovun SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən aradan götürüldüyünü iddia etdi. Digərləri isə bu işdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əli olduğunu irəli sürdü.

Beləliklə, onun müəmmalı yoxa çıxması elm və kəşfiyyat tarixində boş bir səhifə kimi qaldı. Aleksandrovun düsturları isə bu gün də səssizcə fəryad edir: bəşəriyyət hələ də onun qabaqcadan gördüyü uçurumun astanasında dayanır. Xüsusən Rusiyanın Ukraynaya açdığı müharibənin istiqamətinin nüvə silahlarından istifadəyə apara biləcəyi böyük əndişə yaradır. Rusiya rəsmiləri az qala hər həftə Avropanı nüvə müharibəsi ilə təhdid edirlər...

Aleksandrovun yoxa çıxmasından sonra onun laboratoriyası bağlandı. Lakin üzərində işlədiyi sonuncu layihəni həmkarları tamamladılar. Nəticələr dəhşətli idi: müəyyən ssenarilərə görə, ABŞ Çernobıldan sonra qeydə alınan səviyyədən 20 dəfə yüksək radiasiyaya məruz qala bilərdi...

İlkin Nəcəf, Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
30
1
olaylar.az

2Mənbələr