AZ

Evdə baş verən yanğın söndürüldü - YENİLƏNİB

Bir neçə gün əvvəl elm və təhsil naziri brifinqdə ona verilən suala cavab olaraq bildirdi ki, orta məktəblərdə yol hərəkəti qaydalarının ayrıca fənn kimi tədrisinə ehtiyac görmür. Şagirdlərin tədris yükünün kifayət qədər ağır olduğunu nəzərə aldıqda hörmətli Emin müəllimin bu mövqeyi başadüşüləndir.

Nazir öz mövqeyini şərh edərkən maraqlı bir fikir səsləndirdi. Təxminən belə dedi ki, ölkəmizdə yol hərəkəti qaydaları var və cəmiyyət bundan az-çox məlumatlıdır. Sadəcə əksəriyyət bu qaydalara laqeyd yanaşır, onalara məhəl qoymur...

Ən böyük problemimiz məhz budur: qaydalar, özü də təkcə yol hərəkəti qaydaları yox, gündəlik həyatımızda riayət etməli olduğumuz əksər qaydalar (məsələn, zibili hara gəldi atmağın düzgün olmadığı) barədə məlumatımız var. Məsələn, orta statistik sürücünün svetoforun qırmızı işiğının nə demək olduğunu, təhlükəsizlik kəmərini bağlamaığın məcburiliyini və s. bildiyinə şübhə etmirəm. Amma ən böyük dərdimiz odur ki, az-çox bildiyimiz həmin qaydalara əməl etmirik.

Bunun iki əsas səbəbi var. Birinci səbəb odur ki, qaydalar haqqında məlumatı olan şəxs onun nə üçün olduğunu, nəyə lazım olduğunu, niyə nəzərdə tutulduğunu ya bilmir, ya da lazımı dərəcədə dərk etmir. Hətta bəziləri bu barədə tamamilə yanlış fikrə malikdirlər (məsələn, bu gün də qaydaların onları pozanlara cərimə yazmaq üçün nəzərdə tutulduğunu düşünənlər kifayət qədərdir).

Qaydalara laqeyd yanaşmanın ikinci səbəbi isə uzun müddət formalaşan və nəsildən-nəslə ötürülən pis nümunələrdir (pis təcrübədir). Məsələn, sinifdə şagirdlərə yolu piyada olaraq necə keçmək lazım olduğunu izah edən müəllim dərsdən sonra yolu keçiddən kənar necə gəldi keçirsə, uşaqların yadında dərsdə deyiləndən çox, gözləri ilə gördükləri mənzərə qalacaq. Eyni səhvləri valideyn, böyük qardaş-bacı, əmi-dayı, xala-bibi, qonşu və s. olaraq da buraxırıq. Həyatda etdiklərimizin mütləq əksəriyyətinin təqlidlərdən ibarət olduğunu nəzərə alanda aydın olur ki, bu pis nümunələr də intizamsızlığı nəsildən-nəslə ötürür...

Lakin yollarda və hər yerdə intizamlı və mədini davranış tərzinin formalaşmasında məktəbin, təhsilin rolu həlledicidir. Ona görə də orta məktəblərdə, hətta bağçalarda uşaqlara yol hərəkəti qaydaları da öyrədilməlidir. Ayrıca fənn kimi olmasa da, hər hansı fənn daxilində zəruri həyati vərdişlər, bacarıqlar kimi qaydalar mütləq öyrədilməlidir, özü də həm nəzəri olaraq, həm də yaxşı davranış nümunələri ilə. Bunun üçün yol hərəkəti qaydaları ilə bağlı şagirdlərin dünyagörüşünə uyğun dərslik də olmalıdır. Bu dərslik həm də müəllimlərin qaydaları öyrətməsini asanlaşdıracaq. Unutmaq olmaz ki, bağçada və orta məktəbdə formalaşan dünyagörüşü sonrakı yaşlarda əxz edilən biliklərin ümumi zəminidir. Bu dövrdə yaranan zəmini sonra dəyişmək çox çətin olur.

Uşaqların və gələcək nəsillərin intizamlı olması üçün həm də onlara yaxşı nümunə olmalıyıq. Ona görə də hər kəs yollarda və hər yerdə intizamlı və mədəni olmaq üçün sadacə özündən başlasa, belə davranışı həyat tərzinə çevirsə, həm də başqalarını öyrətmiş olacaq.

 

Ərşad Hüseynov

hüquqşünas

Seçilən
10
avtosfer.az

1Mənbələr