AZ

Günəş qırmızı nəhəng mərhələsindən sonra Yeri qoruyub saxlaya bilər

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı,18 sentyabr, AZƏRTAC

Ulduzların təkamül ssenarisinə əsasən 5 milyard il sonra Günəşin yanacağı azaldıqca tarazlığı saxlaya bilmək üçün atmosferi şişməyə başlayacaq və Yer də daxil olmaqla bir çox planet məhv olacaq. Lakin müşahidələr göstərir ki, bəzi ulduz sistemləri bu mərhələdən planetləri ilə birlikdə çıxa biliblər. Belə ki, Kaliforniya Universitetindən astronom Keminq Çjanın rəhbərlik etdiyi qrup, qırmızı nəhəng mərhələsini keçərək ağ cırtdana çevrilmiş KMT-2020-BLG-0414-nin ətrafında Yer tipli planetin və qəhvəyi cırtdanın dolanmağa davam etdiyini kəşf ediblər.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Ulduz 2020-ci ildə qravitasiya mikrolinzalaması üsulu ilə “Korea Microlensing Telescope Network” teleskopu vasitəsilə kəşf olunub. Ulduzun ətrafında 1.9 Yer kütləli qayalı planetlə yanaşı, 22 astronomik vahid məsafədə təxminən 30 Yupiter kütləli qəhvəyi cırtdan dolanır. Alimlər düşünür ki, əvvəllər qayalı planet ulduzdan 1 astronomik vahid məsafədə dolanırmış, sonra isə indiki mövqeyinə sürüşüb. Qəhvəyi cırtdanın isə başlanğıcda 0.2 astronomik vahid məsafədə yerləşməsi fikri qrup tərəfindən təkzib olunub. Beləliklə, KMT-2020-BLG-0414 nümunəsində gələcəkdə Yerin də qırmızı nəhəng mərhələsini aşaraq yenə də Günəşin cazibəsində qalmaq şansı var.

Müasir modellərə və hesablamalara əsasən Günəş qırmızı nəhəngə çevrilməzdən əvvəl belə, temperaturun artması səbəbindən Yer kürəsində həyat indiki formada davam edə bilməyəcək. Nəticədə temperaturun dəyişməsi ilə həmin dövrdə “həyat zonası” Saturn və Yupiterin bəzi peyklərinə sürüşə bilər. Məlumdur ki, Yupiterin peyki Avropa yeraltı su okeanına malikdir. Saturnun peyki Titan isə bir çox xüsusiyyətlərinə görə Yerə bənzədiyi üçün gələcəkdə insanların “Yeni Evinin” məhz Titan olacağı ehtimalı böyükdür.

Tədqiqat işi “Nature Astronomy“ jurnalında çap olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
azertag.az

1Mənbələr