AZ

Kiloqramı 15 manata qalxdı Bazarda sitrus böhranı yaxınlaşır!

Turkstan.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanda son illər sitrus meyvələrinin istehsalı azalıb. Məhsuldarlığın aşağı düşməsi bazarda təklifin azalmasına, nəticədə isə qiymətlərin bahalaşmasına gətirib çıxarıb. Hazırda xüsusilə kivi diqqət mərkəzindədir. Əvvəllər geniş tanınmayan bu meyvənin son dövrlər reklamı və faydaları barədə məlumatların yayılması tələbatı artırıb. Hazırda marketlərdə kivinin 1 kiloqramı 15 manatdan başlayır.

Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov Yenisabah.az-a açıqlamasında bildirib ki, kivinin qiymətinin qalxmasına səbəb məhsuldarlığın aşağı olmasıdır:

“Son bir neçə ildə Azərbaycanda sitrus meyvələrinin istehsalı azalıb. Məhsuldarlıq aşağı düşüb. Keyfiyyəti isə yaxşılaşıb. Hazırkı dövrdə kivinin güclü reklamı aparılır. Onun faydaları haqqında postlar hazırlanır. Əvvəllər bu haqda məlumatlar geniş yayılmamışdı, çoxları onun faydasını bilmirdi. Son dövrlər isə vəziyyət dəyişdiyi üçün tələbat artıb. Biz ümumiyyətlə görürdük ki, kivinin qiyməti son illər ərzində 5 manatdan artıq olub. Bu günkü qiymətin baha olması isə istehsalın azalması və tələbatın çox olması ilə bağlıdır. Məhsuldarlıq aşağı düşdüyü üçün təklif də azalır. Belə olan halda məhsulun həcmi də azalır. Bu da normal olaraq qiymətin artmasına səbəb olur. Azərbaycan bazarında təklif azalan kimi ilkin olaraq qiymətlər artırılır. Kivi 5-6 manat olanda xaricdən idxal edib, qiyməti azaltmaq olardı. Güman ki, bir müddət sonra yenidən xaricdən məhsul vurulacaq və qiymətlər endiriləcək. Bir müddət əvvəl limonun qiyməti də 1 manatdan baha idi. Nəzər salsaq görərik ki, son vaxtlar sitrus meyvələrinin istehsalında azalma var”.

Ekspert bildirib ki, kəndlilərə əkin sahələri ilə bağlı şərait yaradılmalıdır:

“Bəzi kəndlilər artıq istehsalatda iştirakdan boyun qaçırırlar, çünki qazanc əldə edə bilmirlər. Əkin sahələri vaxtında suvarma sistemləri və gübrələrlə təmin olunmalıdırlar. Bağçılıq sahəsinə kapital yatırmaq lazımdır ki, gəlir də əldə olunsun. Bizdə əsas problem istehsalla bağlıdır. Hökumət aqrar sahə ilə bağlı strateji dövlət sənədi hazırlamalıdır. Burada bütün sahələr biri-biri ilə əlaqəlidir. Elə bir proqram hazırlanmalıdır ki, hər bir sahə sistemli şəkildə inkişaf etsin. Kəndlilərə də əkin sahəsi ilə bağlı hər bir şərait yaradılmalıdır. Keyfiyyətli gübrələri də Gürcüstan və İrandan gətirmək olar ki, məhsuldarlıq inkişaf etsin. Bütün bunlar nəzərə alınmasa, vəziyyət xaotik olacaq və qiymətlər daha da artacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
6
icma.az

7Mənbələr